"Beş min imza toplamaq elə də böyük problem deyil" - AMMA...

8-08-2023, 20:35           
"Beş min imza toplamaq elə də böyük problem deyil" - AMMA...
TEREF.AZ fəaliyyətini dayandırmış Aydınlar Partiyası sədrinin keçmiş birinci müavini, siyasi ekspert Qorxmaz İbrahimlinin Qaynarinfo-ya müsahibəsini təqdim edir:

"Beş min imza toplamaq çətin deyil, amma...”

- Siyasi partiyaların qarşısında 5000 imza toplamaq tələbinin qoyulmasının səbəbi nə idi? Maraqlıdır ki, partiyaların çoxu imza limitini doldura bilmir...

- Beş min imza toplamaq elə də böyük problem deyil. Əlbəttə ki, sizin sualınız da düzgün qoyulub - niyə partiyalar bu sayda imzanı toplaya bilmir? Deməli, "beş min imza” tələbinə bəzi korrektələr edilməlidir. İnsanlar hansısa bir partiyaya üzv olduğunu öz imzası ilə təsdiq edəndə rahat olmalıdırlar ki, onlara heç bir problem yaranmayacaq. Mənə elə gəlir ki, bizim insanlarda bir az çəkingənlik var. Digər tərəfdən, bu günə qədər siyasi partiyaların iştirakı ilə seçkilər keçirilməyib. Bildiyimiz kimi proporsional seçkilər sonuncu dəfə 1995-ci ildə keçirilib. 2000-ci ildən sonra partiya siyahısı ilə seçki keçirilmir. Məsələn, vətəndaş iqtidardan, onun millət vəkilindən narazıdısa, gedib müxalifətə şikayət edə bilmir. Bütün dünyada müxalifət narazılıqları səsləndirən institutdur. Bizdə isə siyasi partiyaların rolu azalıb. Ona görə də insanların siyasi partiyalara münasibəti də dəyişib. Bu münasibət o cümlədən bələdiyyə seçkiləri ilə bağlı məsələyədə aiddir. Bələdiyyələrə inam azdır. Siyasi partiyalar da bələdiyyə seçkilərinə maraq göstərmirlər. Partiyaların liderləri şəxsən özləri iştirak etmədiyi seçkiyə soyuq yanaşırlar. Belə yanaşma ona gətirib çıxarıb ki, partiyaların rolu miniuma enib.

- Siz tənqid edirsiniz, lakin çıxış yolunu göstərmirsiniz. Konkret sual vermək istəyərəm - partiyalarla bağlı məsələlər necə tənzimlənməlidir?

- Siyasi partiyalarla münasibəti mövcud hakimiyyət nizamlamalıdır. Bu, bizim, müxalifətin işi deyil. Biz təkliflərimizi səsləndiririlk. Onu reallaşdırmaq isə iqtidarın vəzifəsidir. Bu gün 5000 imza toplaya bilməyən partiyaların rəhbərlikləri təşkilatı buraxmaq haqqında düşünürlər. Amma cəmiyyətdə belə fikir formalaşıb ki, siyasi partiyalar birləşsinlər. Bir neçə gün əvvəl Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin də bu müstəvidə şikayətini eşitdim və təəssüfləndim ki, əksər partiyaların imza toplamaq gücü yoxdur. Bütün bu problemlər hakimiyyəti qanunda yenidən korrektələr etməyə sövq etməlidir. Qaldı ki, partiyaların birləşməsi məsələsinə, sizi əmin edirəm ki, birləşmə baş tutsa belə, gözlənilən nəticəni verməyəcək. Çünki mövcud anket tələbi insanları çəkindirir. Onlar partiya üzvü olduqlarını imzaları ilə təsdiq etməyə ehtiyyat edirlər.

"Seçkidə hansısa siyasi partiyanın rəhbəri bir tacirə uduzdurulur"

- Bəlkə konkretləşdirək. Söylədiniz ki, insanlar çəkinirlər. Vətəndaş partiyaya üzv olduğunu təsdiq etməkdən niyə çəkinir ki? Məsələn, Aydınlar Partiyasının üzvü olmaq nə problem yarada bilər ki?

- Söhbət bizim partiyadan deyil, ümumi prosesdən gedir. Əslində, partiyalara inam azalıb. İllərdir ölkədə işsizlik problemlərinin həllində, əmək münasibətlərinin formalaşmasında siyasi partiyaların rolu olmayıb. Ölkədə gedən ictimai-siyasi proseslərə siyasi partiyalar cəlb edilməyib. Bu proseslərdə hər hansı siyasi partiyalaırn, siyasi bloklarının münasibəti nəzərə alınmayıb. Qərarların qəbulunda partiyaların mövqeyinə önəm verən yoxdur. Hər hansı bir referenduma hazırlıq məsələsində müxalifətin, siyasi partiyaların mövqeyi heç soruşulmayıb da. Mən özüm dəfələrlə seçkilərdə iştirak edən bir şəxs kimi görmüşəm ki, siyasi partiyaların parlament seçkilərindəki iştirakı heç də ürəkaçan deyil. Mojaritar seçki yolu ilə keçirilən seçkidə hansısa siyasi partiyanın rəhbəri bir tacirə uduzdurulur. Bu kimi məsələlər insanları məyus etməklə bərabər, həm də bədbinləşdirib. Ona görə də hesab edirəm ki, vətəndaşlar siyasi partiyalara imza vermir, üzv olmurlar. Onlar düşünür ki, öz siyasi rəhbərini parlamentdə oturda billməyən partiya sıravi vətəndaşa heç nə verə bilməz. Burada digər məsələlər də var. Baxıram ki, bir partiya 8000-9000 imza toplayır. Sonradan o anket göstəricilərinin düzgün olmadığı deyilir. Məsələn, anketdə vətəndaş telefon nömrəsini düzgün göstərmir, yaxud onun ev ünvanı düzgün göstərilmir. Sanki insanlar bunu qəsdən edirlər. Bu göstəricilərə əsaslanaraq deyirəm ki, vətəndaşlar siyasi partiyalara üzv olmaqdan çəkinirlər.

- Yuxarıda qeyd etdiniz ki, qanunlarda korrektə aparılmasına ehtiyac var? Korrektə deyəndə konkret nəyi nəzərdə tutursunuz? Hansı məsələlərə düzəliş edilməlidir?

- Bir neçə məsələdə korrektələr olmalıdır. Ən əvvəl ondan başlayaq ki, Azərbaycanda siyasi partiyaların bələdiyyə seçkilərində iştirakı üçün real şərait yaradılmalıdır. Bələdiyyələrlə bağlı qanun dəyişdirilməlidir. Bələdiyyə məclisləri yaradılıb, yerli idarəçiliyin səlahiyyətləri artırılmalıdır. 1999-cu ildən bu yana ölkədə bələdiyyə seçkiləri keçirilir. Ancaq birinci seçkilərdən başqa digər seçkilərdə bələdiyyələr etimadı doğrultmayıb. Bundan başqa bələdiyyə rəhbərləri birbaşa seçki ilə seçilməlidirlər. İkinci korrektə o ola bilər ki, qarşıdan gələn parlament seçkiləri poroporsianal, ya da qarışıq seçki sistemi ilə keçirilsin. Belə seçkilər dövlətin sütunları bərkidə bilər. Dövlət siyasi münasibətləri nə qədər çox möhkəmləndirsə, vətəndaşlar siyasi partiyalara münasibətdə sağlam mövqe ilə yanaşsa, "beşinci kalon” və s. haqqında danışmağa da lüzum qalmaz. Daha sonra "Siyasi partiyalar haqqında" Qanunda dəyişiklik etmək lazımdır. Məsələn, bir vətəndaş bir neçə partiyaya səs verə bilər. 10 milyonluq ölkədə 60 siyasi partiya var idi. Təxminən onun yarısı qədər də qeydiyyatdan keçməyən bir-iki nəfərlik partiyalar mövcud idi. Bütün bu problemi də həll edəcək yeganə qüvvə iqtidardır. Azərbaycan dövləti seçkilərin proporsional qaydada keçirilməsini təmin edərsə, gələcəkdə insanlar mövqeyini müəyyənləşdirə bilər. Bu korrektələr əvvəl-axır olacaq.

- Bəs, dediyiniz korrektələr nə zaman ola bilər? Axı, artıq qanun qəbul edilib...?

- Bu düzəlişlərin vacibliyini gec-tez hamı qəbul edəcək. Bu nə zaman baş verəcək? Bu suala cavab verə bilmərəm. Amma bir müddət sonra bu həyata keçəcək. Belə qanunları müxalifətlə, QHT-lə, sivil toplum təşkilatları ilə müzakirə etmək lazımdır. Partiyalara münasibət siyasi münasibətlərdən əlavə milli, insani amillərə söykənməlidir. Cəmiyyətdə müzakirələr olmalıdır. Bunların hamısı Azərbaycan dövləti və xalqı naminə olmalıdır. Müstəqillik qazandığımızdan bu yana elə də böyük bir dövr keçməyib, bunun möhkəmlənməsi üçün də millətin inam və etimadının artması naminə mütləq açıq müzakirələr təşkil olunmalıdır.

"Əbülfəz Elçibəydən sonra boşluq yarandı”

- Qorxmaz bəy, sadaladığınız problemlərdə partiyaların özlərinin təqsiri yoxdur?

- Azərbaycanda siyasi müxalifətin, siyasi partiyaların problemi özünü böyük partiya hesab edib, kiçik partiyalarla görüşmək istəməməsidir. Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyası özünü ən böyük partiya hesab edib, digər partiyalarla görüşmək istəmirdi. Rəhmətlik Elçibəy isə AXCP sədri olanda istənilən siyasi partiya ilə, ictimai siyasi şəxslərlə söhbət edirdi. Əbülfəz bəydən sonra bir boşluq yarandı. İndi siyasi partiyalarda eqoizm baş alıb gedir. Bu eqoizm də milləti siyasi partiyalardan küsdürüb, eyni zamanda partiyaların da bağlanmasına səbəb olub. Bəzi liderlərin təkəbbürü siyasi münasibətləri belə xəstə vəziyyətə gətirib.

"Birləşmək qərarını Qulamhüseyn Əlibəyli verə bilər”

- Məlum olduğu kimi sədr müavini olduğunuz Aydınlar Partiyası ləğv olundu. Partiya ləğv olunsa da, başqa siyasi təşkilat ilə birləşmək məsələsi ortaya çıxa bilərmi?

- Açığı, artıq Aydınlar Partiyası yoxdur deyə, partiya sədrinin və rəhbərliyinin qərarı ilə biz partiyamızı buraxdığımıza görə, belə düşüncəmiz yoxdur. Ancaq partiyanın nüvəsi hər zaman var, onlar bir-birini on illərdir ki, tanıyan insanlardır. Konkret təklif olarsa, birləşmə haqqında düşünmək olar. Bu gün fəaliyyətini dayandırmış Aydınlar Partiyasının sədri Qulamhüseyn bəy qərar versə ki, biz hansısa bir siyasi partiya ilə birləşirik, bu qərara hörmətlə yanaşacağıq. Amma hələ ki, belə bir şey ağlımızdan keçmir. Biz hazırda hökumətin siyasi partiyalarla bağlı son qərarının nə olacağı ilə bağlı prosesləri müşahidə edirik.

- Fazil Mustafanın, Qüdrət Həsənquliyevin, Razi Nurullayevin rəhbəri olduqları partiyaların birləşəcəyi ilə bağlı yayılan məlumatlar nə qədər realdır? Sizin partiya bunlardan hansısa biri ilə birləşə bilərmi?

- Biz partiya olaraq artıq özümüzü buraxdığımız üçün belə qərarımızı yoxdur. Lakin partiyanın nüvəsində olan insanlar qərar verib, hansısa bir partiyaya gedə bilərlər. Açığı, heç bir siyasi partiyadan da belə təklif gəlməyib. Buraxılmış və ya imzası keçməyən siyasi partiyaların rəhbərləri bir çağırış etməli, görüş təşkil etməlidir ki, biz də qərarımızı verək, dəyərləndirək.

- Qorxmaz bəy, sualdan yenə də yayındınız. Adlarını qeyd etdiyim bu üç şəxsin tərəfdarlarının vahid bir partiya altında birləşməsi nə qədər real ola bilər?

- Bu, siyasətdir. Hər şey ola bilər. Siyasət danışıqdır. Bilirsiniz, biz daha çox Türkiyədən nümunə götürürük. Bloklaşmada sağ, sol anlayışı qalmır. Milliyətçilik, solçuluq qalmır. Yeri gələndə bir masa ətrafında otura bilərlər. Ən son Türkiyə seçkiləri də bunu göstərdi. Bu o deməkdir ki, bizdə də bu hər üç şəxs müzakirə aça, öz partiyaları ilə bunu qərarlaşdıra bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.