“Gənc qızlar trendə qoşulmaq üçün estetik əməliyyata girirlər” – Qalmaqallı AÇIQLAMA
9-08-2023, 10:04
“Estetik əməliyyatlara maraq son vaxtlar kəskin artıb. Bu da sosial şəbəkələrlə bağlı bir məsələdir. Bu gün gözəlliyin standartlarını günün reallığı yox, sosial şəbəkələr müəyyən edir. Kimlər daha çox sosial şəbəkədə təqdir edilirsə, izlənilirsə gənclər də onlara oxşamağa çalışırlar.
Biri ombasını, birisi sinəsini böyüdür. Hələ sifət cizgilərini dəyişdirənləri demirəm. Bu gün 25 yaşına çatmamış qızların böyük əksəriyyəti sifətində əməliyyat etdirib. Kimisi burnunu kiçildib, kimisi də dodağını böyüdüb. Bu gözəlləşmək deyil, bu sadəcə trendə qoşulmaqdır”.
Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, bu məsələdə sosial mühitin yaratdığı digər bir fəsad da var:
“Bu da yersiz basqıdır. İnsanları estetik əməliyyata daha çox sosial mühit sövq edir. Məsələn, 6 yaşlı qızcığaz məktəbə gedir. Evdə “toppuş” deyilən qızcığaza məktəbdə “gombul” deyə çağırırlar. Bu cür basqı təbii ki, qızcığazı çox incidir. Və onun üçün əsas qayğı ilk fürsətdəcə artıq çəkidən xilas olmaq olur. Nəticədə, 18-20 yaşlı gənc qız kompleksdən və basqıdan qurtulmaq üçün əməliyyata girir. Beləcə də estetik əməliyyatların yaşı cavanlaşır”.
Psixoloq estetik əməliyyatın bütün hallarda qəbahət sayılmadığını qeyd edib:
“Müəyyən yaşa çatmış ixtiyari şəxs özünə kompleks hesab etdiyi nələrdənsə qurtulmaq üçün estetik əməliyyat etdirə bilər. Amma burda pis olan nədir? Pis olan odur ki, bəzi həkimlər onlara müraciət edən istənilən adamı əməliyyata götürürlər. Və tez-tələsik alınan qərarlar da çox zaman müəyyən xoşagəlməz nəticələrlə yekunlaşır.
Estetik əməliyyatın müəyyən bir yaşı olmalıdır. 18-20 yaşda estetik əməliyyat etdirmək doğru deyil. Amma 40-50 yaşda bunu edənləri qınamaq da düzgün olmaz. Təəssüf ki, indiki gənclik çox zaman özlərindəki hansısa qüsuru aradan qaldırmaq üçün yox, kiməsə oxşamaq üçün cərrah bıçağı altına yatırlar. Nədir-nədir, hansısa orqanları hansısa məşhurun orqanına bənzəyəcək. Təəssüf ki, indi daha çox gənc xanımlar məhz bu səbəbə görə lüzumsuz yerə əməliyyata girirlər.
Amma onlar bir məqamı unudurlar ki, ən ideal gözəllik orjinal olandır. Süni yaradılan gözəllik süni yemək və aksesuar kimi heç də hər kəs üçün maraqlı deyil. Ən pisi də odur ki, cavan yaşda edilən estetik əməliyyatların sonradan çox ciddi fəsadları olur. Çünki, ən azı 25 yaşadək insan orqanizmində böyümə gedir. Vaxtsız müdaxilə bu inkişafı zədələyir. Və sonradan həmin adam ömrüboyu bu fəsadların aradan qaldırılması üçün mücadilə edir. Və çox zaman da mücadilə faydasız qalır.
Dünyada estetik əməliiyatların gətirdiyi faciələrə dair çox misal çəkmək olar. Amma mən təkcə Maykl Ceksonun faciəli ölümünü nümunə kimi göstərmək istərdim. Lüzumsuz və davamlı estetik əməliyyatlar sonda insanların acı və dəhşətlər içərisində qovrularaq ölümünə səbəb olur”.
Gülnar Orucova estetik əməliyyatların yaşının cavanlaşmasında ən böyük günahı həkimlərdə görür:
“Həkimlər istənilən pasiyentə qarşı vicdanlı davranmalı, əməliyyatın riskləri və gələcəkdə ortaya çıxacaq acı nəticələri barədə məlumat verməlidirlər. Lakin, bu gün biz bunu görmürük. İstənilən yaşda olan insanlar heç bir problem olmadan cərrahiyə masasına qaldırılır. Bu isə artıq Hippokrat andına xəyanətdir. Çünki, belə əməliyyatlar insanların sağlamlığına deyil, həkimlərin kommersiya maraqlarına xidmət edir”.
Surxay Atakişiyev, Bizim.Media