Türkiyə ilə şok anlaşma: Azərbaycan ətrafında durum dəyişir - NƏ BAŞ VERİR?

10-08-2023, 11:20           
Türkiyə ilə şok anlaşma: Azərbaycan ətrafında durum dəyişir - NƏ BAŞ VERİR?
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqlaması Ermənistanın gündəmini zəbt edib. Miller bildirdi ki, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında effektli rol oynaya bilər. Sizcə, ABŞ-ın bu açıqlaması hansı məqamları ehtiva edir?

- Zənnimcə, burada əsas iki məqam nəzərdə tutulur. Birincisi, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi və bunun Ermənistan-Azərbaycan sülh prosesinə müsbət təsiri; ikincisi, Türkiyəyə səfər edəcək Vladimir Putinin bu prosesə müsbət töhfə verməsi ilə bağlıdır. Yəni bu məsələni Rusiya və Türkiyə arasında razılaşdırmaq. Bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Qonçarın bir hədələyici açıqlaması olmuşdu.

Buradan irəli gələrək ABŞ da düşünür ki, Rusiya bununla sülh müqaviləsinə ciddi əngəl yaradacağını bəyan edir. Zənnimcə, ABŞ Rusiyanın zərərsizləşdirilməsinin yolunu Türkiyənin prosesdə ciddi iştirakında görür.

Təsadüfi deyil ki, brifinqdə Millerə Putinin Türkiyə səfəri ilə bağlı sual da verildi. Maraqlıdır ki, Miller buna mənfi yanaşmadı, əksinə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səfər çərçivəsində taxıl sazişinə yenidən müsbət töhfə verəcəyinə ümid etdiklərini dedi.

Ayrıca, Beynəlxalq Cinayətlər Məhkəməsinin (Haaqa) Rusiya prezidenti ilə bağlı həbs qərarı var. Həmin qərara görə, Putin Roma Statutunu imzalayan ölkələrə səfər edəcəyi təqdirdə həbs olunmalıdır. Fikir verin ki, ABŞ rəsmisi açıqlamasında bu məqama toxunmadı. Çünki ABŞ-ın Rusiya və Türkiyə liderləri arasındakı təmaslardan gözləntiləri var və bu anlamda Ankaranın roluna xüsusi vurğu edir. Zənnimcə, Millerin açıqlaması ABŞ-ın bu iki məqamla bağlı gözləntilərini ortaya qoyur.

- Azərbaycan ətrafındakı son gəlişmələr kontekstində Rusiya prezidentinin Türkiyəyə səfərindən gözləntiniz necədir?

- Artıq Cənubi Qafqazdakı problemlərin həllinə nöqtə qoyulmasının zamanı yetişib. Bu çərçivədə Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının önünün və Zəngəzur dəhlizinin açılması məsələləri ola bilər. Çünki Rusiya getdikcə zəifləyir və mövqelərini itirməkdə davam edir. Artıq bu gün Cənubi Qafqazda stabilləşdirici güc kimi Rusiya yox, qardaş Türkiyə görülür. Bu, çox ciddi məqamdır.

Qənaətimə görə, Putin Ərdoğanın bu yöndəki tələb və təkliflərini qəbul etməsə, Türkiyənin birbaşa iştirakı ilə Rusiya prosesdən kənarlaşdırılacaq. Türkiyə hələlik Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesinin iştirakçısı kimi çıxış etmir. Amma Putin Ərdoğanın təklifindən imtina edərsə, Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesinə Türkiyə də qatıla bilər. Bu da Rusiyanın regiondakı mövqelərini ciddi şəkildə zəiflədəcək.

Rusiya Türkiyə ilə razılaşsa, regiondakı maraqlarını qoruyub saxlaya bilər. Ona görə də, Rusiya prezidentinin Türkiyəyə səfərini zaman baxımından ən strateji an kimi düşünürəm. Bu, Rusiya dövləti və prezidenti üçün ən böyük şansdır, bəlkə də son şansdır. Bütün mövqelərini itirərək, biabırçı şəkildə regiondan sıxışdırılıb çıxarılmaqdansa, prosesin bir iştirakçısı olaraq Cənubi Qafqazda sülhə təhfə vermək, Rusiya adına daha strateji addım olardı.

Hər bir halda belə bir şans və ümid yeri var. Bu səfər çərçivəsində taxıl anlaşması ilə yanaşı, Cənubi Qafqaza sülhün gətirilməsi məsələsinə müsbət anlamda nöqtə qoyula bilər. Mənim gözləntim çox böyükdür. Bunun əksi Rusiya üçün arzuolunmaz proseslərə gətirib çıxara bilər. Seçim Türkiyənin yox, Rusiya prezidentinindir.

- Türkiyə mediasında maraqlı bir məlumat yayılıb. Həmin məlumata görə, Türkiyə və Azərbaycan Egeydən Xəzər dənizinə qədər birgə hava nəzarətini təmin edən Vahid Hava Komandanlığının İdarəetmə Sistemi yaradıb. Siz bu haqda necə düşünürsünüz?

- Bu, təhlükəsizlik baxımından bəlkə də son illərdə atılan ən strateji addımdır. Bu, hava məkanlarının təhlükəsizlik sistemlərinin birləşdirilməsi anlamına gəlir. Əslində Rusiya Ermənistan da daxil olmaqla, KTMT ölkələri ilə belə bir sistem yaratmışdı. Bu çərçivədə bütün təhlükəsizlik öhdəlikləri Rusiyanın üzərinə düşürdü. İndi belə bir vahid sistemi Türkiyə və Azərbaycan yaradır.

Artıq iki ölkənin hava məkanlarının qorunması birgə həyata keçiriləcək. Bu, çox önəmli məsələdir. Bu, həm də Azərbaycanla Türkiyəni qarşısına almaq istəyən bütün dövlətlər üçün ciddi bir mesaj olacaq. Yəni Azərbaycana xor baxmaq istəyən avtomatik olaraq Türkiyəni qarşısında görəcək.

Hesab edirəm ki, bu, hava məkanımızın qorunması baxımından ən strateji addımdır. Müasir müharibələrin taleyini həll edən məsələ hava üstünlüyüdür. Yəni havada kim dominantdırsa, müharibəni da o udur. Buna görə də, bu, çox strateji məsələdir və bu, iki qardaş ölkənin əldə edəcəyi ən böyük nailiyyət olacaq.

- Rusiya Türkiyənin Azərbaycandakı varlığına etiraz etməyə başlayıb. Kremlə yaxın media qurumları bu yöndə Türkiyə əleyhinə tezislər tirajlayır. Hətta Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın bir müddət əvvəl bir açıq etirazı da olmuşdu. Yəni indiyədək Türkiyənin bölgədəki roluna müəyyən anlamda təmkinlə yanaşan Rusiya niyə indi birdən-birə fikrini dəyişdi?

- Əslində bu, fikir dəyişdirmək deyil, son zamanlarda Rusiya-Türkiyə və Rusiya-Azərbaycan münasibətlərində yaşanan gərginliklə əlaqəlidir. Rusiya zaman-zaman boyunu aşan açıqlamalar verir və bəzi gedişatlarla razı olmadığını göstərmək istəyir. Rusiyanın razı olmaması vəziyyəti dəyişmir. Rusiya razı olsa da, olmasa da Türkiyə Cənubi Qafqazda möhkəmlənir. Türkiyə hərbi cəhətdən Azərbaycanda mövcuddur, düşünürəm ki, bu, güclənərək davam edəcək. Ayrıca, iki qardaş ölkə arasında bunu təsdiqləyən Şuşa Bəyannaməsi var.

Əslində Rusiya bu etiraz açıqlamasını verməkdə gecikib. Bu, vəziyyəti dəyişə bilməyəcək qədər gecikmədir. İndi sadəcə öz narazılığını bildirməklə Türkiyədən güzəşt qoparmağa çalışır. Rusiya göstərməyə çalışır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Qərb paytaxtlarında imzalanmasını istəmir. Bu vəziyyəti yaradan Rusiyanın özüdür.

Ən azı iki ildə heç bir irəliləyişə imkan verməyən Rusiya düşünürdü ki, alternativlər yoxdur. Amma “müqəddəs yerlər” heç vaxt boş qalmır. Alternativlər ortaya çıxdı, ABŞ və Avropa Birliyi kimi güc mərkəzləri ciddi təkliflər ortaya qoymaqla Azərbaycan və Ermənistanı bir-birinə yaxınlaşdıra bildilər. Ən azı tunelin o tərəfində sülh görünməyə başladı.

Rusiya isə sülh istəmədi, nəticədə qarşısında başqa reallıq görür. O səbəbdən də, Rusiyanın razılaşmaqdan başqa yolu yoxdur. Türkiyə və Azərbaycanla bağlı bu açıqlamaları Rusiyanın boyunu aşan məsələlərdir. Çünki Türkiyə nəinki Azərbaycanda, Cənubi Qafqazda ciddi şəkildə möhkəmlənir. Dediyim kimi, artıq Cənubi Qafqazda stabilləşdirici güc Rusiya deyil, o bunu Türkiyəyə təhvil verib.

Artıq Çin, ABŞ və Avropa Birliyi kimi hegemon güclər qəbul edirlər ki, Cənubi Qafqazda sabitləşdirici yeganə güc Türkiyədir. Beynəlxalq taxıl sazişinin imzalanmasında Türkiyənin hansı rol oynadığını hər kəs gördü. İndi Türkiyə həmin rolu Cənubi Qafqazda oynamağa başlayıb. ABŞ kimi dünya gücünün Türkiyənin belə rollarına ehtiyacı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.