Akopyan: “Biz gələcək nəsillərə alçaldılmış Ermənistan qoyuruq”
10-08-2023, 16:15
Ermənistan cəmiyyətindəki fikir ayrılığı, hakimiyyətə inamsızlıq daha geniş vüsət alıb. 44 günlük müharibədə biabırçı məğlubiyyətdə daha çox ittiham edilən baş nazir Nikol Paşinyan hələ də bir qrup erməninin gözündə satqındır. Otuz il ərzində qalib xalq imici yaratmağa çalışan ermənilər indi fərqli əhval – ruhiyyədədirlər. Reallıqla barışmaq istəməyən qüvvələr yenə revanşist mövqedədir və qisas almağa məqam gözləyir.
Qarabağda və sərhəddə baş verən silahlı münaqişələr bir nəticə vermədiyindən, Ermənistan indi də “humanitar böhran” adı altında təxribatlara başlayıb. İki həftədir Laçın sərhəd-keçid məntəqəsi ətrafında cərəyan edən hadisələr səngimək bilmir. Əvvəlcə sərhəddə 19 yük avtomobili göndərən Ermənistan, bir neçə gün sonra hadisə yerinə daha 3 maşın yola salıb.
Dünən isə məlum olub ki, Ermənistanı bu işə təhrik edən və “humantar şou”nun ssenari müəllifi Fransa düşmən ölkəyə xeyli “yardım” göndərib və həmin yüklər də iki həftədir gözləyən karvana qoşulub. Əslində Ermənistanın və havadarının məqsədi Qarabağdakı ermənilərə humanitar dəstək vermək deyil. Onların məqsədi Azərbaycanı “humanitar fəlakətdə” ittiham etməkdir.
Azərbaycanın təklif etdiyi alternativ marşurutu isə ermənilər və dostları qəbul etmək istəmir. Hətta Qarabağdakı ermənilərin “acından ölərik, Ağdamdan gələn ərzağı qəbul etmərik” şüarı xüsusi təbliğatın nəticəsidir. Eyni zamanda erməni mətbuatı Ağdam-Xankəndi marşrutu ilə daşınacaq yüklərin onların milli hissiyatına toxunacağını, alçaldıcı olacağını yazır.
Deməli, Qarabağda “humanitar böhran” yoxdur və bu, ermənilərin uydurduqları siyasi şoudur. Ən kiçik elementləri şişirdib siyasi müstəviyə çıxaran ermənilər bu cür oyunların adətkarıdır. Hələ 1988-ci ildə hadisələr yeni başlayanda ən xırda detalları qabardan ermənilər guya, Azərbaycanın tərkibində sıxışdırıldıqlarını dünyaya car çəkərək münaqişənin alovlanmasına nail oldular. Amma bu gün daha 1988-ci il deyil və siyasi səhnədə daha güclü Azərbaycan dayanıb. İndi nə Ermənistanın, nə də onun havadarlarının qurduğu oyunlar keçmir.
Bundan sonra bütün Ermənistandakı tırlar belə, Qarabağa doğru istiqamət götürsə, Laçın sərhəd-keçid məntəqəsinə buraxılan deyil. Qarabağ ermənilərinə canı yanan qüvvələrə Bərdə – Ağdam – Xankəndi marşurutu təklif olunub.
Ermənistanda isə Paşinyanın yürütdüyü siyasəti sərt tənqid edənlərin sayı çoxalır. Sərhəddə gətirdiyi yük karvanına da münasibət birmənalı deyil. Azərbaycanla razılaşmadan bu qədər tırı Qarabağa aparmaq istəyən hakimiyyətin addımına reaksiya verənlər də var. Həmin qüvvələr Paşinyanı günahlandırır və baş nazirin 10 noyabr kapitulyasiya aktına qol çəkməsini hazırkı faciələrə gətirib çıxardığını bildirirlər:
“Biz gələcək nəsillərə alçaldılmış Ermənistan qoyuruq. Həqiqət tam şəkildə, arqumentlərlə üzə çıxdı, mövcud faciənin təşəbbüskarı və icraçısı Paşinyandır. Bu, biabırçı razılaşma idi, çünki kapitulyasiya sazişinin imzalanmasından sonra baş verənlər daha rüsvayçıdır”.
Bunu İrəvanda “Ana Ermənistan” hərəkatının təsis yığıncağında alyansın rəhbəri Ruben Akopyan deyib.
Beləcə, Ermənistanda baş verən siyasi böhran hələ çox davam edəcək. Başqa dövlətin ərazisinə göz dikən və neçə il işğalçılıq siyasəti aparan bir dövlətin aqibəti sonda Ermənistanın aqibəti kimi olur.
Vəli Həsənov,
KONKRET.az