Vəkil: Qubad İbadoğlu “Palmalı” şirkətlər qrupunun sahibi ilə əlaqələri barədə yayılan məlumatları təkzib etdi
15-08-2023, 08:10
“Qubad İbadoğlunun səhhətində problemlər qalmaqdadır. Havaların isti keçməsi probleməri daha da artırır. Onun ürək-damar sistemində problemlər var, qan təzyiqi tez-tez dəyişir. Eyni zamanda şəkər xəstəliyindən əziyyət çəkir. Son günlər qanda şəkərin səviyyəsi daha da yüksəlib”.
Bu barədə vəkil Bəhruz Bayramov avqustun 14-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə görüşündən sonra Amerikanın Səsinə bildirib.
Vəkilin dediyinə görə, Qubad İbadoğlu hər hansı təqsirinin olmadığını bir daha bildirib.
“Dünya şöhrətli bir alimə, müəllimə qarşı belə bir ittihamın ümumiyyətlə motivi yoxdur. Qubad İbadoğlu bu gün, avqustun 14-də Çində dünyadakı beyin mərkəzlərinin toplantısında iştirak etməli idi. Amma, təəssüf ki, o həbsdə olduğu üşün iştirak edə bilmədi”.
Türkiyədə həbs edilərək Azərbaycana gətirilən iqtisadçı alim Fazil Qasımovla Qubad İbadoğlunun əlaqələrinə gəlincə vəkil deyib ki, onların ünsiyyətinin olub-olmaması hələ məlum deyil.
“Amma, Qubad bəyə onlarla tələbə, iqtisadçı müraciət edərək məsləhətlər alıb. Bu təbii haldır. Onun çoxsaylı tələbləri bunu edib. Yəni, Qubad İbadoğlunun kiminləsə saxta pul hazırlaması, hansısa dəstə yaratması, bu mümkün olan hal deyil”.
Qubad İbadoğlu “Palmalı” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovla əlaqələri barədə yerli mediada yayılan məlumatları təkzib edib.
“Qubad bəy bildirdi ki, Mübariz Mənsimovla heç zaman görüşməyib. Dedi ki, ümumiyyətlə onunla heç bir əlaqəsi olmayıb”, Bayramov qeyd edib.
Beynəlxalq təşkilatların Qubad İbadoğlunun hüquqlarının müdafiəsi ilə bağlı məsələyə gəlincə İbadoğlu bildirib ki, beynəlxalq təşkilatlar iş aparsa da faktiki bir nəticəsi yoxdur.
Vəkil sabah, avqustun 15-də Qubad İbadoğlu ilə bağlı istintaq hərkətlərinin aparılacağını deyib.
Bununla yanaşı, Qubad İbadoğlunun qardaşı Qalib Toğrul facebook səhifəsində yazıb ki, “saxta ittihamlarla saxlanıldığı gündən Qubad İbadoğluna qarşı həyata keçirilən psixoloji təzyiq davam etdirilir”.
“Ailə üzvləri ilə görüşə qadağa qoyulması, övladlarl ilə telefon əlaqəsinə icazə verilməməsi azmış kimi, bu gün məlum olub ki, qardaşımdan vəkillərinin telefon nömrələrinin siyahısı olan qeydlləri də alıblar. Halbuki, təqsirləndirilən şəxs kimi onun vəkillərlə istənilən vaxt əlaqə saxlamaq hüququ var”, o qeyd edib.
Öz növbəsində vəkil Bayramov Qalib Toğrulun yazdıqlarını Amerikanın Səsinə təsdiq edib.
“O vəkillərinin telefon nömrələri olan qeydlərini təcridxana nəzarətçiləri tərəfindən əlindən alındığını bildirdi. Mən vəkillərin telefon nömrələrini yenidən yazıb ona təqdim etdim”, vəkil qeyd edib.
Penitensiar Xidmət Amerikanın Səsinin Qubad İbadoğlu ilə bağlı sorğusuna hələ cavab verməyib.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.
Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.
Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.
Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.
“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik,” Dövlət Departamentinin sözçüsü Metyu Miller İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.