Tanınmış aparıcı: “Gəlin İncəsənət Universitetini bağlayaq, aktyor yetişdirməyək” - VİDEO
24-11-2023, 13:08
“Bir insanın sənəti olmayanda ömür boyu axtarışda olur. Görə biləcəyi iş olmayanda “Hini olmayan toyuqlar var, harada yumurtlayım” deyə, yer axtarırlar. Buna bənzəyir. Qeyri-peşəkarlıqdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artisti Azər Axşam “Gül kimi şou”da deyib.
O, təhsili olmayan, lakin aktyorluq edən şəxsləri tənqid edib:
“Bir nəfərə belə sual vermişdim ki, əgər həkimlik diplomun olmasa, cərrahiyyə şöbəsini oxumasam, məni əməliyyat masasına buraxarlar? Cavab verdi ki, yox, insan ölə bilər. Söylədim ki, bizim də sənətdə qeyri-peşəkarları buraxanda mənəviyyat ölür axı, hansı daha təhlükəlidir, insanın, yoxsa kütləvi mənəviyyatın ölməyi? Cavab verə bilmədi, razılaşdı.
Yox, tərafdarı deyiləm ki, insanlara qadağalar qoyaq. Aktyorluq Allahdan verilən bir istedaddır. Amma bəs bunun nə üçün məktəbi, universiteti, dərsi var? Nə üçün yaradılıb? Bir insan sadəcə istedadlıdırsa, onu gətirək çəkək? Axı səhnədə bəzi qayda-qanunlar, danışıq tərzi, rola uyğun rəftar var. Bunların hamısı universitetdə tələbələrə dərs kimi keçilir. Gətirək istedadlı birini filmə çəkək. Onda belə çıxır ki, bunlar lazım deyil. Biz çəkdiyimiz insanların aldığı savada, məktəbinə önəm vermiriksə, deməli lazım deyil. Onda gəlin, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bağlayaq, daha aktyor yetişdirməyək. Çünki maşallah, hamı aktyordur”.