Müharibə yoxdur, bəs sülh niyə əldə edilmir?

4-12-2023, 07:48           
Müharibə yoxdur, bəs sülh niyə əldə edilmir?
Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə cəlb olunan bütün ölkələr, o cümlədən münaqişə iştirakçılarının özləri sülh müqaviləsinin tezliklə imzalanmasını tələb edirlər. Amma bu iki qonşu dövlətin arasında, bütün müstəqillik tarixi dövründə olmadığı kimi, sülh yenə də yoxdur.

Bu vəziyyətin səbəbləri nədir: müharibə başa çatdı, sülh yenə də olmayacaq? İki ölkənin vətəndaş cəmiyyətləri dövlətlər arasında razılaşmanın əldə olunmasının sürətlənməsinə kömək edə bilərlərmi? Bakı və İrəvan Mətbuat Klublarının təşkil etdiyi dialoqda jurnalist Arif Əliyevlə erməni hüquq müdafiəçisi Vardan Arutyunyan arasında bu barədə danışılır.

Onlar görüşürdülər, amma danışmırdılar…

“Planetimizdə, demək olar ki, bütün qonşu ölkələrin bir-birinə qarşı iddiaları var. Mübahisənin predmeti istənilən məsələ ola bilər: sərhəd, onun bir hissəsi, kiçik bir kənd, hətta haradasa dənizin ortasında çılpaq qayalar. Türklərlə yunanlar bir neçə il əvvəl belə qayalar üstündə yenidən toqquşdular. Ancaq bu dəfə mübahisəni qarşılıqlı qırğın səviyyəsinə çatdırmamaq üçün müdriklik kifayət qədər oldu. Bu müdriklik ermənilər və azərbaycanlılar arasında da olacaqmı?” – deyə Arif Əliyev soruşur.

Vardan Arutyunyan hesab edir ki, bu dialoq nə qədər ağrılı olsa da, hətta uzun müharibələr və ağır itkilər yolu keçən qonşular da bir-biri ilə danışmalıdırlar:

“Əcdadlarımız 20-ci əsrin əvvəllərində o dövrün problemlərini həll edə bilməyərək, bizə ötürdülər… Biz də bacara bilmədik və ya istəmədik. İndi bunu həll ütmək üçün çox az vaxtımız qalıb. Yoxsa zaman keçəcək, biz olmayacağıq, bizim əvəzimizə nəvələrimiz oturaraq, yenə eyni problemləri müzakirə edəcəklər. Bu, ayıb bir şey olacaq. Axı, əgər 20-ci əsrin ortalarına qədər bu cür mürəkkəb millətlərarası və dövlətlərarası problemlərin həlli ilə bağlı gözəl nümunələri yox idisə, İkinci Dünya müharibəsindən sonra bizim gözümüzün qabağında Avropa təcrübəsi var. Üstəlik, bizim xalqlarımız o qədər uzun müddət bir yerdə yaşayıb ki, bu, məsələn, fransız və alman, fransız və italyanlar arasındakı sülhdən daha asan olacaq. Amma bacarmadıq… Sabah nə olacağını deyə bilmərəm, amma hazırda gedən prosesə baxsaq, sevinməli bir şey yoxdur”.

Azərbaycanlılarla ermənilər arasında vətəndaş dialoqu lazımdır – bu, danılmazdır. Bəs necə bir dialoq qurmaq olar ki, o həm də fayda gətirsin? Yəni hakimiyyət belə bir dialoqda maraqlı olsun, xalq isə onun mənasının olduğunu görsün.

Erməni hüquq müdafiəçisinin fikrincə, bunun üçün ilk növbədə özündə güc tapıb, bəzi şeyləri başa düşmək gərəkdir – mövcud olan artıq baş verib və bu reallıqdan çıxış etmək lazımdır:

“Əldə edə biləcəkləriniz barədə xəyallarla deyil, indi əlinizdə olanlarla yaşayın. Təəssüf ki, çoxlu qan töküldü. Yaşamaq, bir-birini tamamlamaq, görüşmək, bəlkə də dostluq etmək imkanı olan həm azərbaycanlı, həm də erməni gənc oğlanlar öldülər. Onlar artıq yoxdur… Bəli, həmişə dialoq olub. Amma bütövlükdə, dialoq aparanların dövlətlərinə heç bir təsiri olmayıb. Qərar verənlər isə danışmırdılar. Onlar hər yerdə görüşürdülər, bu görüşləri dialoq kimi təqdim edirdilər, amma son iki müharibə göstərdi ki, dialoq olmayıb… Ölkələrimiz bu gün də bir-biri ilə düşmənçilik edirlər. Bütün bunlar xalqa ötürülür, onların yaddaşında isə bunun təhlükəli olduğu qalır… Gözümüzün qabağında baş verənlərin hamısı Azərbaycan və erməni xalqları adından qərar qəbul edənlərin bir şeyi başa düşməsinə xidmət etməlidir: yeganə düzgün qərar – gələcəkdə dinc birgəyaşayışın təməlinin qoyulmasıdır”.

Dialoqa əsas maneə nədir?

Ancaq dialoqun hədər olmaması üçün bir-birimizi anlamağa və etibar etməyə başlamalıyıq. Azərbaycanlı jurnalist, Vardan Arutyunyanın 2023-cü ilin yanvarında dərc olunmuş məqaləsini xatırlayır:

“Siz yazırdınız ki, indi söhbət etmək nə qədər çətin olsa da, “məğlubiyyətimizin qonşumuzu idarəolunmaz vəziyyətə gətirməsinə” baxmayaraq, dialoq davam etdirilməlidir… Onlar şərtləri diktə edirlər… Onlar suveren Ermənistan ərazisini tikə-tikə qoparmaq istəyirlər…” Bu, nədir – mövcud stereotiplərin təsiri, yoxsa Azərbaycanın hərəkətləri doğrudan da erməni cəmiyyətində belə bir təsəvvürün yaranmasına səbəb olur?.. Fikrinizi deyin, erməni nöqteyi-nəzərindən, azərbaycanlıların davranışında hansı məqam dinc yanaşı yaşamaq üçün sivil dialoqa başlamağı çətinləşdirir və bunu nə sürətləndirə bilər?”Erməni hüquq müdafiəçisi qeyd edir ki, məqalələrində həmişə erməniləri reallıqla qarşılaşmağa və onu qəbul etməyə məcbur etməyə çalışır:

“Sizin sitat gətirdiyiniz sözləri nə vaxt yazdığımı xatırlamıram, amma Azərbaycan tərəfdən verilən açıqlamalar əsasında yazmışam. Mən, məsələn, Azərbaycan prezidentinin çıxışını, Ermənistanın bu hissəsinin, və ya o biri hissəsinin azərbaycanlıların olması barədə bəyanatlarını oxumuşam. 2020-ci ilin noyabrından sonra bu bəyanatlar ermənilərin qulağında təxribat kimi səslənir və təhlükəlidir. Bir erməninin bu barədə nə düşünə biləcəyini anlamaq istəyirsiniz. Hətta mənim kimi erməni belə sual verə bilər: dayanın görək, bundan sonra nə olacaq? İrəvanı əlimizdən alırlar? Zəngəzuru alırlar? Bundan sonra da davam edəcək? Təbii ki, mən yazını yazanda belə ifadələrin təsiri altında olmuşam. Deyə bilərəm ki, son vaxtlar belə sərt bəyanatlar eşidilmir, amma buna qədər eşidilənlər ermənilərin ehtiyatlı olması üçün kifayətdir. Məqalə yazarkən və ya sizinlə söhbət edərkən bu mənə mane ola bilər. Amma bu, Ermənistan rəsmilərinin Azərbaycan nümayəndələri ilə danışmasına mane olmamalıdır. Çünki onların üzərinə böyük məsuliyyət düşür: gələcək təhlükələri və gələcək müharibə ehtimalını Ermənistandan, azərbaycanlılar tərəfindən isə Azərbaycandan mümkün qədər tez və birdəfəlik uzaqlaşdırmaq”.

Arif Əliyevin növbəti sualı ondan ibarətdir ki, Vartan Arutyunyanın nöqteyi-nəzərinə görə, ermənilərin özlərinin hansı davranışı tərəflərin dinc yanaşı yaşaması üçün dialoq aparmasına çətinlik törədir?

Hüquq müdafiəçisi hesab edir ki, Ermənistanın addımlarında ardıcıllıq və davamlılıq yoxdur – Ermənistan hökumətinin nümayəndələri əvvəlcə bir, sonra əvvəlkinə zidd olan və ya onun davamı olmayan digər bəyanatlar verirlər:

“Yüksək vəzifəli məmurlar öz bəyanatlarında ardıcıl olmalıdırlar ki, onlarla dialoq aparan qarşı tərəf həmin şəxsin konkret danışdığına və sabah da eyni cür danışacağına əmin olsun… Ermənistan hakimiyyəti mümkün qədər ardıcıl olmalıdır. Onlar hakimiyyətə gələndə, elə bilirdim ki, hələ təcrübəsizdirlər. Amma artıq 5 il keçib, bu müddət ərzində çox şey öyrənmək olar və təbii ki, mənim ardıcıllıq tələblərim getdikcə daha çox səslənir”.

Əldə silahla… Sülh uğrunda mübarizə?

Ermənistan cəmiyyətində dinc dialoqa müxtəlif yanaşmalar var. “İndi vaxtı deyil, biz güc toplayıb, sonra dialoqa başlamalıyıq ki, düşmən geri çəkilsin” – bəziləri hesab edir. Baş nazir Paşinyanın “hərbi xərclərin artırılması müharibəyə deyil, sülhə hazırlıqdır” sözləri bu yanaşmanın dolayısı ilə təsdiqidir. Azərbaycanlı jurnalist, Vardan Arutyunyandan sülh axtaran, lakin bunun üçün silahlanmaq lazım gəldiyini düşünənlər haqqında fikirlərini soruşur. Ermənistan cəmiyyətində bu cür əhval-ruhiyyə nə dərəcədə güclüdür?

Ermənistanda bu barədə tez-tez və çox danışıldığını təsdiqləyən Vardan Arutyunyan hesab edir ki, bu cür fikirlər “sadəlövhlükdür” – siz silahlandığınız müddətdə düşməniniz də bir yerdə dayanmayacaq.

“Amma mən onları başa düşürəm, izah edə bilərəm… Biz o qədər uzun müddət birlikdə yaşamışıq ki, bir-birimizə çox oxşamağa başlamışıq. Və burada da oxşarlıqlar var. Azərbaycan tərəfi hesab edir ki, Ermənistan bu qədər zəif olduğu bir vaxtda, ondan mümkün olan qədər qoparaq. Erməni tərəfi fikirləşir ki, güc toplayaq, istədikləri qədər qoparmağa qoymayaq. Amma bu dayanmaq istənilməməsi… Qalib tərəf məğlub tərəfdən daha çox məsuliyyət daşıyır. Mən istəyirəm ki, azərbaycanlılar bunu başa düşsünlər. Burada istənilən azərbaycanlı deyə bilər: Ermənistan da zamanında belə bir rolda olub! Bəs onlar niyə…? Burada əllərimi qaldıraram, deyərəm ki, hə, olub. Baxmayaraq ki, şəxsən mənim bəhanəm var: həmişə yazmışam ki, qərar vermək lazımdır. Ancaq nə olursa-olsun, həm Azərbaycan, həm də Ermənistan başa düşməlidirlər ki, silahlanma yarışı yaxşı heç nəyə gətirib çıxarmayacaq, çünki toplanan silahlar bu və ya digər şəkildə sonra atəş açacaq. Bizim məqsədimiz isə atəş açmağa ehtiyac qalmamasına nail olmaqdır”.

Arif Əliyev Vardan Arutyunyanın “qalib tərəfin sülh üçün daha böyük məsuliyyət daşıması haqqında” fikirlərini, iki xalqın birgə yaşaması üçün şəraitin yaradılması məsələsində Ermənistan cəmiyyətinin üzərinə düşən məsuliyyətlə bağlı fikirləri ilə tamamlayıb:

“Millətçilik hər yerdədir. Ancaq fərqli xalqlarda millətçiliyin fərqli kökləri var. Məsələn, qazax və eston millətçiliyi fiziki ruslaşmaya qarşı mübarizəyə, Ukrayna və gürcü millətçiliyi dilin qorunub saxlanılmasına, moldavan millətçiliyi milli identikliyin müəyyən edilməsinə (biz rumınıq, yoxsa yox?), Azərbaycan millətçiliyi də demək olar, milli identikliyə, ortaq türk dünyası arzusuna can atmağa, erməni millətçiliyi isə türk və azərbaycanlı olan hər şeyin rədd edilməsinə əsaslanır. Deməli, türklərin və azərbaycanlıların simasında düşmən obrazının kökünü kəsmək daha çətindir və daha çox zəhmət tələb edir. Razısınız?”

Ermənilərin türklərə “xüsusi münasibət”indən danışan Vardan Arutyunyan bunun “XX əsrin əvvəllərindən başladığını” qeyd edir:

“Bunun izahı var, bu soyqırımı xalqın tarixində böyük faciədir. Türkiyədə yaşayan ermənilərin böyük bir hissəsi vətənlərini itirdi. Bu, insanların şüurunda iz buraxmaya bilməzdi. Amma mən həmişə demişəm ki, biz bundan uzaqlaşa bilərik və uzaqlaşmalıyıq. Bu baş verib, unutmaq mümkün deyil, amma təbii ki, bugünkü həyatı keçmişə əsaslanaraq qurmağa mane olur. Yazırdım ki, bizim vətənpərvərliyimiz anti-türkçülüklə mütənasibdir. Bu, pisdir, qeyri-sağlam vətənpərvərlikdir. Amma bu var, biz onu özümüzlə daşıyırıq. Azərbaycan, şəxsən sizin özünüzün soyqırımı qəbul etməsi və ya etməməsi ikinci dərəcəlidir, əsas məsələ ermənilərin hiss etdikləridir… Amma mütləq baş verməli olan Ermənistan-Azərbaycan sülhü bütün bunların yumşalmasına, yoluna düşməsinə xidmət edə bilər… Əgər biz azərbaycanlılarla problemi həll ediriksə, deməli türklərlə də həll edirik. O zaman belə çıxır ki, Cənubi Qafqaz adlanan kiçik yataqxanamız dinc yola qədəm qoyur. O zaman hər hansı problem olarsa, hər şeyi danışmaq, tarixi təhrif etmədən yazmaq, keçmiş yaraları sülhlə sağaltmaq mümkün olacaq”.

Bu gün daha çox nəyə can atırıq: sülhə, yoxsa cəzaya?

Sovet rejimi dövründə ümumi bir ifadə var idi: “xalqlar dostluğu”. Amma insanlar dost olurlar, xalqlar bir yerdə yaşayırlar. İnsanlar arasında ünsiyyət nə qədər çox olarsa, xalqlar arasında dinc yanaşı yaşamaq şansları da bir o qədər çox olar.

“Bizdə hələlik ancaq hökumətlər dialoq qurur, – Arif Əliyev qeyd edir. – Amma hansı dalğada? Əsasən, hər cür məhkəmə və tribunallarda qarşılıqlı ittihamlar, bitib-tükənməyən iddialar. Hələlik sülh deyil, daha çox cəzalandırmaq istəyini görmək olar. Artıq üçüncü ildir ki, sülh müqaviləsinin imzalanmasının real olduğunu eşidirik. İl başa çatır və deyirlər ki, hələ də həll olunmamış məsələlər var. Axı sülh də ona görə lazımdır ki, həll olunmamış məsələləri gələcəkdə sülh yolu ilə həll etmək mümkün olsun. Məsələn, Gürcüstanla barışmaq üçün nə siz, nə də biz demarkasiyanın başa çatmasını gözləmədik. Sizcə, niyə Ermənistanla Azərbaycan arasında hələ də belə bir şey yoxdur? Və cəmiyyət belə bir müqavilənin imzalanmasının sürətləndirilməsinə təsir edə bilərmi?”

Vardan Arutyunyan əmindir: əgər iki ölkənin cəmiyyəti kifayət qədər hazırlıqlı və təşkilatlanmış olsaydı, o zaman onların ən yüksək nümayəndələri də lazımi addımları sürətləndirməyə məcbur olardılar. Hələlik isə hər şey konkret şəxslərin özündən asılıdır.

“Mən artıq Paşinyan barəsində demişəm ki, ondan addımlarında və bəyanatlarında ardıcıllıq gözləyirdim. Amma Əliyev barəsində – müxtəlif platformalarda danışıqlara getməkdən imtina… Onların hər biri öz məsələsini həll edir. Mən Əliyevin istəyini başa düşürəm, o, indi əsas diqqəti Azərbaycan cəmiyyəti tərəfindən maksimum dərəcədə qəbul olunmağa yönəldib. O, müharibədə qalib gəlib, insanların çoxdan gözlədiyi məsələni həll edib və indi bu qavrayışı daha da dərinləşdirmək istəyir. Onun addımları Ermənistana, beynəlxalq ictimaiyyətə deyil, Azərbaycana yönəlib. Mən artıq son vaxtlar Ermənistan tərəfindən atılan addımlarda ardıcıllıq hiss etməyə başlamışam. O, yavaş-yavaş Rusiyanın təsirindən çıxır. Rusiyanın təsiri isə münaqişənin davamıdır. Rusiyanın regionda mövcudluğunu saxlamaq üçün münaqişəyə ehtiyacı var. Ermənistan Qərb dünyasına daha yaxın olsa, ardıcıl olmağa məcbur olacaq, çünki oradan tələb olunan və gözlənilən də məhz budur. Sonra sülh əldə edilə bilər. İndi isə… Elə bu günlərdə Əliyev dedi ki, artıq sülh müqaviləsinin imzalanması üçün heç bir problem yoxdur. Amma sabah ən vacib problemə çevriləcək kiçik bir problemin qaldığı ortaya çıxsa, təəccüblənmərəm”.

“Sizcə, Əliyev niyə bu platformalarda – Avropada, Amerikada görüşə getmir?”, – deyə erməni hüquq müdafiəçisi soruşur.

Arif Əliyev hesab etmir ki, prezident Əliyevin sülh danışıqlarındakı mövqeyi əsasən ölkənin özündə ictimaiyyətə daha çox bəyənilmək istəyi ilə diktə edilir: “Məncə, indi bu, ona ən azı lazım olandır, çünki bu məsələdə heç bir problem yoxdur”. Bakılı jurnalist hesab edir ki, prezidentin seçiminə daha ciddi proseslər təsir edir:

“Burada belə bir fikir formalaşıb ki, həm ABŞ, həm də Brüssel Azərbaycan və Ermənistanla danışmaqdansa, əsasən Rusiya ilə qiyabi dialoq aparır və heç də həmişə ölkələrimizin birbaşa maraqlarına cavab verməyən digər maraqlara xidmət edirlər.

Şərtlər qoyurlar və ya heç də həmişə ədalətli davranmırlar. Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün problemlər yaradır və gələcəkdə də yarada bilər. Ona görə də əsas vurğu ondan ibarətdir ki, biz danışıqları davam etdirməliyik, amma bu zaman Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqların baş tutması üçün üçüncü tərəflərin onlara təsirini mümkün qədər məhdudlaşdırmağa çalışmalıyıq. Təbii ki, yer məsələsində seçim fərqli ola bilər. Yəqin müşahidə edirsiniz ki, Azərbaycan görüş meydanı olaraq Gürcüstana meyl edir, amma bu, mütləq deyil. Lakin mənim anlayışıma görə, bu cür davranışda əsas məsələ mövqeyi bəzən Ermənistan, bəzən də Azərbaycana münasibətdə heç də həmişə ədalətli olmayan üçüncü tərəflərin maraqlarının təsirini mümkün qədər məhdudlaşdırmaq istəyidir. Buna regionun gələcəyi baxımından ciddi maneələr kimi yanaşılır. Üstəlik, bu regionun böyük perspektivləri olmasından çıxış edilir. Axı maraqlar təkcə müharibənin necə bitəcəyi, sərhədin harada keçəcəyi, burada rusların olub-olmayacağı ilə məhdudlaşmır. Maraqlar həm də ondan ibarətdir ki, region Şərq-Qərb və s. qlobal layihələr nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Ermənistanın bu yaxınlarda irəli sürdüyü yol xəritələri də gələcəkdə mümkün qlobal dəyişikliklərin izini daşıyır. Əlbəttə ki, gec-tez bu sülh müqaviləsi reallığa çevriləcək. Amma həyatın bundan sonra necə olacağı heç də az əhəmiyyət kəsb etmir”.

(Hüquq müdafiəçisi Vardan Arutyunyanla jurnalist Arif Əliyevin söhbətini qısaldılmış formada təqdim edirik. Tam versiya ilə Pressklub TV-nin Youtube kanalında aşağıdakı keçid vasitəsilə tanış olmaq olar. https://www.youtube.com/watch?v=pxQl-r5opBs&t=107s&ab_channel=PressklubTV

Mənbə: Press Klub
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.