“İş adamı dedi ki, pulumu, qır-qızılımı oğurlayıblar, tapmaqda mənə köməklik et” - İllüzionist Tofiq İsgəndərli
4-12-2023, 08:39
“Sehrbazlıq sənətinə maraq çoxdur. İnsanlar artıq efirdən yox, sehrə canlı olaraq baxmağa maraqlıdır. Mən daha çox interaktiv fokuslara üstünlük verirəm. Çıxışlarım zamanı zaldakı tamaşaçılardan da dəvət edirəm, onlar da iştirak edirlər. Bu günlərdə Aktyorlar evində 4 seans çıxışım oldu, hamısında da tamaşaçı dolu idi. İnsan ekrandan baxanda düşünür ki, yəqin ki, burada nəsə fırıldaq, montaj var. Gözləri ilə görəndə inanırlar”
Bunu Moderator.az-a açıqlamasında tanınmış illüzionist Tofiq İsgəndərli (Tofiq əmi) deyib. O daha sonra əlavə edib.
“Gərək fokusu da tamaşaçıya çatdıra biləsən. Lori dildə desək zəhmət çəkib hazırladığın bu sənəti tamaşaçıya sata biləsən. Bunun üçün aktyorluq, plastika, danışıq qabiliyyəti lazımdır. Bunlar olandan sonra onu tamaşaçıya çatdıra bilirsən. Nə tamaşaçı yorulmur, nə də sən. Əgər həyatın, yaşamağın ləzzətini duymaq istəyirsənsə, sevdiyin işlə məşğul ol. Bəzən deyirlər ki, sənətə qiymət verən yoxdur. Sən sənəti həqiqətən sevsən sənət də səni sevindirəcək. Sən demək sənəti yox, qazancı sevirsən. Çox təəssüf ki, bizdə sehrbazlıq sənətinə gələnlər bu işin peşəkarlığından öncə, pul qazanmağı düşünürlər. O məqsəd üçün çalışırlar” deyə sənətkar bildirib.
Tofiq İsgəndərli bildirib ki, bu illər ərzində ondan qəribə fokuslar, sehrlər istəyənlər də az olmayıb.
“Bir iş adamı mənə zəng edib dedi ki, sizinlə görüşmək istəyirəm. Mən etiraz etmədim. Xahiş etdi ki, mənə köməklik edin. Gördüm ki, fikirlidir. Əlbəttə ki, əlimdən gələn köməyi ona etməyə hazır idim. Düşündüm ki, yəqin tədbirlə bağlı məni harasa dəvət edəcək. Dedi ki, “neçə illərdir əziyyətlə pul qazanıb evimdə gizlətmişəm. Bir də gördüm ki, nə pul var, nə də ki, qır-qızıl. Oğurlayıblar”. Xahiş etdi ki, bu pulları tapmaqda ona kömək edim. Bu anda məndən bir gülmək çıxdı ki (gülür). Ona dedim ki, mən illüzionistəm, falçı deyiləm, ünvanı səhv salmısan. Bəzən də deyirlər ki, 1 manat verim, 100 manat elə. İş adamları müraciət edib deyir ki, iş qursam köməklik edə bilərsən pulum çoxalsın?! Hər kəs öz düşüncəsi ilə mənə yaxınlaşır. 21-ci əsrdir, texnika inkişaf edib, amma yenə də görürsən ki, savadı olan insan inanır ki, doğurdan da kağızı pul etmək olar? Adamı iki yerə kəsmək olar? Buna inananlar var” deyə illüzionist deyib.