“Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir..” - Samirə Bağırova
4-12-2023, 12:24
Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıyev “Psixoloji qanunlara görə, gəlin qaynana və qaynatadan ayrı yaşamalıdır. Mən də valideynəm, övladlarımız qaynatalı-qaynanalı evə getməməlidirlər, bu, psixoloji problem yaradır. Hətta ana və qız eyni mətbəxdə bir tükə görə belə dava çıxara bilirlər, o ki qaldı gəlin-qaynana ola. Ana-atasının evindən çıxa bilməyən kişi xeylağı evlənməməlidir” fikirlərini səsləndirib.
Müzakirələrlə bağlı tanınmış psixoloq Samirə Bağırova Pravda.az-a fikirlərini bölüşüb: “Bu məsələnin mentalitetlə heç bir əlaqəsi yoxdur. “Mentalitet” sözü də, qaydaları da cəmiyyəti iflic vəziyyətdə saxlayır. Ümumiyyətlə, verilişlərdə savadlı ekspert qismində iştirak edən, demək olar ki, yoxdur. Bu mövzunun da müasirlik, Qərb qaydaları ilə heç bir əlaqəsi yoxdur. Valideynlərim 1955-1959-ci il təvəllüdlü olublar. Eyni fikirli insanlar olaraq evləniblər və bizə də eyni tərbiyə verilib ki, hər bir ailə qurmaq istəyən şəxs ayrı yaşamalıdır. Normal ailələrdə sıx-sıx görüşlər davam edir. Kişi ayrı yaşamaq gücündə deyilsə, ev ala bilmir, yaxud kirayə ödəyə bilmirsə, ayrı yuva qura bilmirsə, evlənməyi nə məcburdur? Hər bir qız öz evinin xanımı olmaq istəyir, hər bir insan evində çılpaq gəzmək, yaxud həyat yoldaşı ilə cinsi fantaziyası, bəzən tənbəllik etmək istəyi olur. Hər qadının öz ev qaydaları var. Gəlin, qaynana evinə gəldikdə 20-30 illik qaynananın qurduğu ev qaydalarına qarışa bilmir. Çünki qaynananın hüzurunu pozmuş olur. Ev qaynana və qaynatanındır, mütləq söz-söhbət olacaq. Çünki hər birinin illərlə vərdiş etdikləri qaydaları var. Bu mövzuda “mentalitet” sözünü hallandıranlar eqoist insanlardır. Yəni məsələyə gəlinə qulluq etdirmək, “gəlin tabe olmalıdır” mövqeyi ilə yanaşanlardır. Kimsə öz ailəsində elə görübsə, demək ki, şəxsi sərhədləri olmayıb. Yəni zəif xarakterə sahib olub. Evlilik qərarı verən kişi birmənalı şəkildə öz yuvasını ayrıca qurmalıdır. Əks təqdirdə, evliliyə hazır deyil. Buna evlilik deyilmir, nikaha fiziki olaraq cinsi tələbatını yerinə yetirmək və valideyinlərinə baxan birini almaq üçün imza atır. Elə buna görə də ailə qurmaq istəməyən xanımlar az deyil, çünki “öz evimdə, öz ata-anama baxıram” səbəbini gətirirlər. Yeni qurulan ailənin ayrı yaşamağı ən doğru yanaşmadır. Yeri gəlsə, lap elə mental baxışdan da birgə yaşamaq ayıbdır. Dərinə gedəndə bəy və gəlin valideyinlərinin yanında gecə yataq otağına çəkilir. Hər kəs də bilir ki, orada nə baş verir...”