"Onlar qəbul imtahanları dövründə dəllallıqla məşğuldurlar"

9-12-2023, 10:54           
"Onlar qəbul imtahanları dövründə dəllallıqla məşğuldurlar"
Noyabr ayı üçün xaricdə təhsil sənədlərinin tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı məlumatda qeyd olunur ki, ötən ay üzrə 360 müraciətçinin 287-si barədə müsbət qərar verilib. 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bildiyimiz kimi, son zamanlar gənclərin əksəriyyəti xaricə üz tuturlar. Çoxları da ölkədəki təhsil sisteminin əlçatan olmamasından narazılıq edir.

Bəs, bu tələbələrin diplomu niyə tanınmır, aqibətləri necə olacaq?

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, xaricdə təhsil alanların sayında artım var.

Onun sözlərinə görə, tələbələr mümkün qədər dövlət proqramı əsasında xaricdə təhsil alırlar:

"Dövlət proqramı əsasında xaricdə təhsil aldıqları zaman əlbəttə, o diplom ölkəmizdə tanınır. Amma qeyri-qanuni yollarla hansısa özəl müəssisələrin xaricdə təhsil alma təklifinə şirniklənib xaricdə təhsil almaq doğru deyil. Çünki sabah bu vəziyyətlə üzləşə bilirlər və diplom tanınmaz. Xaricdə təhsil alan hər hansı bir vətəndaşımız müvafiq kriteriyalara cavab verməlidir. Yəni onun iddia etdiyi ixtisas ölkəmiz üçün, birinci növbədə prioritet ixtisas olmalıdır. Vacib bir ixtisas olmalıdır. İkinci növbədə hansı ölkədə təhsil alırsa, təbii ki, burada əsasən əyani təhsilə üstünlük verilir. Qiyabi və distant təhsil ümumiyyətlə tanınmır. Həmçinin əgər məsələn iddia edirsə ki, Qazaxıstanda, Hollandiyada, Belçikada, Amerikada təhsil alıb, onun ümumvətəndaş pasportunda həmin ölkədə təhsil almasını əsaslandıran giriş-çıxış, yəni bizim ölkəmizdən oraya gedib-gəldiyini təsdiq edən müvafiq qeydlər olmalıdır. Həmçinin hansı dildə təhsil alıbsa - ingilis, rus dilindəmi təbii ki, onun dil bilikləri yerində olmalıdır. Bütün bu parametrlərlə paralel müvafiq qurum tərəfindən müsahibə zamanı digər detallar da yerində olarsa, onların diplomlarının tanınması ilə bağlı hər hansı bir problem olmaz".

Ekspert onu da qeyd etdi ki, hazırda sonuncu dəfə müraciət əsasında Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrin demək olar ki, diplomlarının əksəriyyəti tanınsa da, digərləri tanınmayıb:

"Yəni bu ölkələrdə təhsil almaq istəyən tələbələr daha diqqətli olmalıdırlar. Baxmayaraq ki, həmin ölkələrlə münasibətlərimiz yaxşıdır. Amma bəzi universitetləri var ki, ölkəmizdə onların diplomları tanınmır. Eyni zamanda, hər hansı bir xarici ölkədə təhsil almaq istəyirlərsə, yenə də müvafiq kriteriyaları nəzərə almalıdırlar. Həm təhsil almaq istəyən vətəndaşlarımızı, eyni zamanda onların valideynlərini daha diqqətli olmağa çağırıram. Çünki xaricdə təhsil məsələsi dövlət proqramı üzrə alınmırsa, mövsümi şirkətlər var, onlar müvafiq dövr ərzində fəaliyyət göstərirlər. Əsasən qəbul imtahanları dövründə dəllallıqla məşğuldurlar. Yəni valideynlər orda aldanmasınlar. “Diplomu tanıdacağıq” kimi vədlər verirlər. Amma hazırda baxırıq ki, həmin şəxslər ortalıqda yoxdur və vətəndaşlar əlacsız vəziyyətdə qalıb. Diplomu tanıtdıra bilmir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.