“Başqa işlərlə məşğul olur, sonra əlinə mikrofon götürüb oxuyur... - onu yaxşı tanıyıram”

9-12-2023, 17:30           
“Başqa işlərlə məşğul olur, sonra əlinə mikrofon götürüb oxuyur... - onu yaxşı tanıyıram”
“Ödümdən əməliyyat olunmuşam. Bunu da şişirdib yazdılar ki, səhhəti ağırdır. Düşünmürlər ki, insanın sevənləri, qohumları var. Axı bu xəbərlər onlara pis təsir edə bilər. Reytinq naminə niyə belə edirsiniz axı? Sizin əzizləriniz, doğmalarınız yoxdur? İstərdinizmi onlar haqda da belə başlıqlı xəbərlər çap olunsun?”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Səidə Dadaşova deyib. O daha sonra yeni çıxan “Gecələri” mahnısı haqda danışıb.

“Hər bir insanın həyatında müəyyən anlar var ki, onları dilə gətirib deyə bilməyəndə mahnıda canlandırır. Bu mahnıda da həmçinin... Həyatda o qədər itkilərim olub ki. Ən əsası da atamı itirmişəm. Hər gecə ürəyimdə onunla danışıram. Bunu bir Allah, bir də yatdığım yastıq bilir. İstəyirəm hər an yanımda olsun. Düşünürəm ki, atam yanımda olsaydı görəsən mənə nə məsləhət verərdi? Bəzən dost zərbəsi alıram. Düşünürəm ki, niyə axı? Həmişə niyə sualı mənim ağlımda olub. Əvvəl bunlar o qədər də mənə təsir etmirdi. Atam məni tərk edib getdi. Bəzən düşünürəm ki, mən də bir gün övladımı tərk edib gedəcəm. O zaman övladım necə olacaq? Bu fikirlər məni sıxır” deyə müğənni bildirib.

Səidə Dadaşova deyir ki, yaxınlarından hər zaman dəstək görür.

“Ümumiyyətlə çalışıram ki, heç vaxt həyatda kürəyimi heç kimə söykəməyim, kimdənsə nəsə gözləməyim. Həyatda özüm-özümə güvənmişəm. Həyat yoldaşım bütün əziyyətimi, cəfamı, nazımı çəkir. Həmçin də qardaşım, dayım, əmilərim, bibim. Qardaşım atamdan sonra mənə həqiqətən də atalıq edir. Mən çox güclü bir insanam. Atam məni belə tərbiyyə edib. Ona görə də 15 yaşımdan filarmoniyada çalışmışam. Hər zaman sənət üçün çalışmışam. Düzdür, el şənliklərində ehtiyac duyulanda ora uyğun mahnılarımızı oxuyuruq. Amma sənət üçün oxunan mahnılar tamam başqadır. İnsan gərək bilsin ki, harada nə mahnı oxuyur. Əfsuslar olsun ki, indiki müğənnilər aləmi qarışdırıblar. Efirdə də, toyda da, konsertdə də eyni mahnıları oxuyurlar. Hər kəsin bir dinləyicisi var. Mənim bildiyim əsl sənət adamları göbələk kimi gündə bir mahnı hazırlamırlar. Ordan-burdan oğurlayıb, plagiat mahnı çıxarmağa nə var ki? Yaxşı iş üçün gərək yaxşı işləyib, əziyyət çəkəsən. Bu musiqini təhqir etməkdir. Biz gərək imkan verməyək ki, bu cür cılız insanlar sənətimizi təhqir edib, alçaltsınlar. Bu dəqiqə hər bir sahədə məşhurlaşmaq asandır. O insanlar öz aləmlərində məşhurdurlar. Sosial şəbəkələrdə baxışı, izləyicisi çox olan müğənnilər peşəkar adını daşıyırlar. Halbuki onlar mikrofonu götürüb canlı oxuya bilməzlər. Gözlərini döyə-döyə qalarlar. Danışanda isə birbaşa musiqimizi təhqir edirlər. Sənətimizdə güclü dağıntılar olub. Min ballıq sənət zəlzələsini yaşayırıq” deyə müğənni bildirib.

Səidə Dadaşova sosial verilişlərdəki ekspertlərdən də danışıb.

“Efirdə oturub kiminsə ailə məsələsin müzakirə etməyi özümə sığışdırmıram. Kim nə istəyirsə onu da danışır. O şəxs birinci özünə, öz ailəsinə baxmalıdır. Ailə problemlərini ictimailləşdirmək yaxşı şey deyil. Efirlər çox adiləşib. Başqa işlərlə məşğul olub, sonra əllərinə mikrofon götürüb oxuyur, daha sonra isə kiminsə həyatını müzakirə edir.. Onları yaxşı tanıyıram. Əsl sənət adamları yığışsa onlar efirə çıxmazlar. Əvvəl bədii şura var idi, onlar efirə çıxa bilmirdilər. İndi efirlər çox acınacaqlı bir durumdadır. Gündə eyni-eyni mövzular müzakirə olunur. Kənardan hərdən özlərinə baxıb fikirləşsinlər ki, biz ümumiyyətlə həyatdan nə istəyirik? Belə insanları efirlər və sosial şəbəkələr reklam edir. Ekspert insanları təhqir etməməlidir” deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.