“Daha yüksək pillələrə qalxmaq istəyirik” - Adrian Mutu

11-12-2023, 12:34           
“Daha yüksək pillələrə qalxmaq istəyirik” -
“Neftçi”nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 16-cı turunda “Turan Tovuz”a qalib gəldikləri matç (3:2) haqqında danışıb.

Mütəxəssis əvvəlcə klubun U-15 komandasına dəstək olub və “Turan Tovuz”la oyun haqqında ümumi fikirlərini bölüşüb:

- “Neftçi”nin U-15 komandasının qapıçısına dəstək göstərmək istəyirəm. Ona tezliklə meydanlara qayıtmasını arzulayıram. Oyun haqda onu deyə bilərəm ki, ağır, çətin oyun idi, aqressiv rəqibə qarşı oynayırdıq. Amma komandam xarakter göstərdi, meydanda oyuna çox yaxşı yanaşdılar və qalib gəldik. Bu gün komanda şəklində qalib gəlməyi bacardıq. Bu, mənim üçün çox vacibdir. Qapımızda iki asan qol buraxdıq. Diqqətli olmalıydıq. Amma komandamın buna cavabı çox yaxşı oldu. Bəyəndim. Onlar göstərdilər ki, qalib gəlmək istəyi var. Oyunda hər zaman hesabda irəli olan tərəf biz idik. Sevindirici amil odur ki, oyunçularım son dəqiqələri yaxşı idarə etdilər.

- Aaron Olanare boksçuya oxşayır, fiziki cəhətdən çatdırmır. Bu futbolçu haqda fikriniz necədir?

- Mənim üçün aydın olan odur ki, Olanareni bəyənmirsiniz. Amma bu gün o olmasaydı, matç 2:2 hesabı ilə bitərdi. Taktika, oyun haqda yaxşı yanaşıram. Amma oyunçum haqda belə danışılanda, buna cavab vermək istəmirəm.

- Kenni Sayefin qışda ayrılacağı deyilir. Doğrudur?

- Oyuna sonradan qoşulanların hamısı yaxşı idi. Sayef də verilən tapşırıqları yaxşı yerinə yetirdi. “Zirə” ilə oyunda da sonradan meydana daxil olanlar yaxşı oynadılar. Oyunda qələbəni komanda şəklində xarakter göstərərək qalib gəlmək olur. Sayefin təkliflərinə gəlincə, bu barədə məlumatım yoxdur.

- Turnir cədvəlində üçüncü pilləyə yüksəldiniz. “Qarabağ”la derbi öncəsi bu komandaya nə dərəcədə motivasiya verəcək? Komandanın qış fasiləsinə üçlükdə yollanmaq perspektivini necə görürsünüz?

- İstəyirik ki, yuxarılarda qərarlaşaq. Nəinki üçüncü pillə, daha da yüksəklərə qalxmaq niyyətindəyik. Mövsümün yarısı başa çatır. Çox qəribə keçdi. Bəzi oyunlarda, bəzi məqamlarda bizim də səhvimiz, günahımız oldu. Elə oyunlar da olub ki, bəxtimiz gətirməyib. Bütün bu baş verənlərdən nəticə çıxarmalıyıq. Bacardığımız qədər sona qədər yuxarılarda məskunlaşmalıyıq. Bu qələbədən sonra əhvalımız yüksək səviyyədədir. “Qarabağ”a qarşı çətin olacaq. Çalışacağıq ki, həmin derbidə qalib gələk.

- “Qarabağ” “Hekken”lə matçdan sonra yəqin ki, yorğun olacaq. Bu, sizə kömək edəcək?

- ”Qarabağ” bizimlə ilk oyuna da Avropa Liqasının matçından sonra çıxmışdı. Onlar iki heyətə malikdir. Bizimlə matça 6 dəyişikliklə gəlmişdilər. Bu mənada, hansısa problemləri olacağını düşünmürəm.

- “Qarabağ” - “Hekken” matçını stadiondan canlı izləyəcəksiz?

- Oyuna köməkçilərim gedəcək.

/Qol.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.