Reanimasiya dəhşətləri: Ölüm anında həkimdən nə istəyirlər? - VİDEO

21-12-2023, 00:02           
Reanimasiya dəhşətləri: Ölüm anında həkimdən nə istəyirlər? - VİDEO
Reanimasiya şöbəsi Şeksprin "Ölüm, ya olum?" dilemmasının çözüldüyü yerdir. Burda ən ağır xəstələr yatır. Onların həyatda qalması üçün çarpışan həkimlər isə fədakar reanimatoloqlardır. Tibb təhsili alanların çoxu bu peşəni seçmir. Seçənlər isə az qala hər gün ağır əzabların şahidi olur, üzüntü keçirirlər.

“Medicina” ölkənin ən peşəkar reanimatoloqlarından biri, "Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri, reanimatoloq Emil Qasımovdan müsahibə alıb. O, əməkdaşımızın suallarına fərqli və düşündürücü cavablar verib:

“Reanimasiyaya ambulator və stasionarda müalicə edilə bilməyən, intensiv terapiyaya ehtiyac duyulan, ciddi orqan yetməzliyi yaranan xəstələr daxil olur. Bunlara kritik xəstələr deyirik. Reanimasiyaya qəbul olunanlar ağır pnevmoniyalı xəstələr, kəskin respirator distress sindromu, böyrək çatışmazlığı, qaraciyər zədələri, miokard infarktı, insultlar, qanamalar, ağır qəza keçirənlər, həyati əhəmiyyətli orqanları ciddi zərər görmüş xəstələrdir.

Kəskin xəstəlikləri reanimasiyada sağaldıb, xəstəni həyata tam yararlı, problemsiz göndərə bilərik. Hətta xəstə intubasiya olunsa, süni komaya salınsa belə, heç bir ciddi fəsad qalmır. Buna hətta nümunələr də var: pandemiya dövründə bir çox məşhur insanlar EKMO cihazına qoşuldular, indi həyatlarını normal yaşayırlar".

Emil Qasımovun sözlərinə görə, bir qism xəstə qrupu var ki, onlar üçün reanimasiya müalicəsi ağırdır:

"Bunlar xroniki xəstələr, yaşı 60-dan yuxarı insanlar, ürək xəstələri və b.-dır. Onlarda immunitet artıq zəifləmiş olur və xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində reanimasiyaya düşürlər. Bu xəstələrdə bəzi orqanlarda zədə və problem qala bilər”.

Həkim xəstənin süni komaya necə və hansı səbəbdən salındığını da açıqlayıb:

“Reanimasiyada xəstələrin böyük qismi süni komada olmalıdır. Çünki həyati önəmli orqanların çatışmazlığı zamanı xəstə intubasiya edilib, süni tənəffüs aparatına qoşulur. Bu aparat ağciyərə dəstək sistemidir. Bunun üçün xəstələri sedativ dərmanlarla məcburi yatızdırırıq ki, bu dövr fəsadsız olsun və biz zaman qazanaq. Ümumiyyətlə, zədələnmiş orqan tam bizim kontrolumuza keçməlidir. Orqan sağaldığı dövrdə sedativ dərmanlar yavaş-yavaş azaldılır, kəsilir və xəstə ayılır”.

Süni komada, ölüm ayağında olan xəstələr son anda həkimini görür. Bu zaman nəsə arzulayan, doğmalarına nəsə çatdırmaq istəyən xəstələr olurmu? Adətən ölüm ayağında insan nə istəyir?

Emil həkimin bu suallara cavabı qeyri-adi oldu:

“Biz xəstələri süni komaya salanda qısa söhbətimiz olur, izah edirik ki, indi nə edəcəyik. Çünki biz bilirik ki, çox ağır bir dövrə keçirik. Mənim gördüyüm budur ki, heç kim həyatını itirmək istəmir. Heç kim ölmək istəmir. Çox xəstələr imdad istəyir: doktor, məni oyadarsan, elə et ki, geri gəlim. Bunlar çox çətin səhnələrdir.

Reanimasiyada xəstələr ağır vəziyyətdə olduqları üçün şüurları çox açıq olmur, ona görə çox danışmırlar, vəsiyyət etmirlər, ümumiyyətlə, o halda olmurlar.

Pandemiyaya və COVID-ə nifrət edirəm, çox ağır, kritik xəstələr oldu, hətta doğmalarım, kolleqalarım arasında. Birinin adını çəkim: həkim Niyazi Eminov. Şükür ki, indi ailəsinin başındadır.

Bu yaşıma qədər çox ölüm görmüşəm. Ölümdən qorxmuram. Bunu hər kəs dadacaq. Bu dünya imtahan dünyasıdır. Əsas haqq dünyasında harda olacağımız önəmlidir”.

Ətraflı videomüsahibədə...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.