“Məni müxalifət sırasına yazmayın” - Cavanşir Quliyevdən yeni açıqlamalar
23-12-2023, 13:19
Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Cavanşir Quliyev Yenisabah.az-a müsahibə verib:
- Cavanşir bəy, sizə sosial şəbəkələrdə "hücum" başladanların böyük əksəriyyəti keçmiş düşərgə yoldaşlarınız oldu. Bu sizin üçün gözlənilən idimi?
- Mən heç vaxt heç bir düşərgədə olmadım, yəni orta bir vətəndaş olaraq, sağımda-solumda yanlış hesab etdiyimi tənqid edib, ondan uzaqlaşırdım, doğru hesab etdiyimi dəstəkləyib, ona yaxınlaşırdım. Heç bir siyasi partiyanın üzvü olmadım, siyasi qərarlar qəbulunda iştirak etmədim. (Bu barədə dəfələrlə keçmiş müsahibələrimdə demişdim) Yəni siyasətçi deyiləm, mən bir vətəndaşam! Müxalifətdə də, iqtidarda da dostlarım var və onlarla əlaqələrim indi də davam edir. Müxalifətdəki bəzi partiyaları və siyasətçiləri dəstəklədiyim də olub, tənqid etdiyim də, hətta bir siyasi partiyaya yazdığım himni belə geri çağırdığım da. Demək istəyirəm ki, mən öz başıma bir adamam, mənim azadlığım xəstəlik səviyyəsindədir, onu heç vaxt nə bir siyasətçiyə, nə də bir ideologiyaya təslim etmədim, heç kəsə də tabe deyiləm! Məni harasa “yapışdırmaq” cəhdləri yanlışdır.
Bir tək ideologiyadan heç vaxt əl çəkmədim, o da Vətən və ona yararlı olmaq düşüncəsi. Bilirsiniz də, Atatürk deyib ki, “Mevzubahis Vatansa, gerisi təfərrüatdır”. Elə bil mənim kimilər haqqında deyib!
- Ileyhinizə müxtəlif fikirlər səsləndirilən zaman bir sıra tanınmış siyasi fiqurlar, vaxtilə yaxın olduğunuz şəxslər məsələyə səssiz qaldılar.Bu, nə ilə əlaqədardır?
- Elədirsə, doğrudur, çünki səs qaldırası və diqqətəlayiq bir olay yox ki... "Podumaeş", bir vətəndaş demiş ki, həblə, həblə, həblə... Noolssun?!
- Siz hər zaman müstəqil və müxalifətyönümlü şəxs olmusunuz. İddialar arasında "Cavanşir Quliyev siyasi mövqeyini dəyişib" fikri də var. Bu, həqiqətən belədirmi?
- Yuxarıda dedim ki, mən siyasətçi deyiləm, müstəqil adamam, üstəlik də musiqiçiyəm. Və məni bəzi iqtidar nümayəndələrini təkrarlayaraq, müxalifət siyahısına yazmanız doğru deyil. Mənim siyasi mövqeyim isə çoxdan bəllidir və dəyişməzdir: Vətən, və demokratiya. Heç vaxt da bu dəyişməyəcək. Mən nə vicdanımı, nə dostlarımı, nə də ki telefon nömrələrimi dəyişirəm. Bundan sonra da Vətənimizin xeyrinə olan hər bir hadisəni və o hadisənin içində olan hər kəsi dəstəkləyəcəm!
Əsmətxanım Rzazadə