“Qızlar universitetlərə şəhvət doğuracaq geyimdə gedirlər” - Deputatdan qalmaqallı açıqlama
25-12-2023, 18:30
“Təəssüf ki, qızlar universitetlərə və məktəblərə qısa geyimdə gedir, şəhvət doğuracaq, bayağı geyimlər geyinirlər. Bu, çox ciddi məsələdir. Universitet rəhbərləri də buna icazə verirlər. Həmin universitet rəhbərlərini qınayıram. Əlimdə imkan olsaydı, onları bir gün də vəzifədə saxlamazdım".
"Pravda.az" xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
O əlavə edib: "Bilirsiniz ki, mən həmişə abır-həyanın qorunmasının tərəfdarı olmuşam. Təhsil müəssisəsi eyni zamanda təlim-tərbiyə yeridir. Belə tərbiyə vermək olarmı? Bəzən valideynlər barışırlar ki, hamı belədir, yaxud bəzilərinin heç xəbərləri olmur ki, uşaqları evdən çıxandan sonra gedib paltarlarını dəyişirlər”.
T. Kərimli qeyd edib: “Hətta müsəlman olmayan xarici dövlətlərdə belə universitetlərin xüsusi geyimləri var, təhsildən yayındıran, insanı pis, şeytani yollara salan bu cür paltarlar geyinilməsinə icazə vermirlər. Bu qaydalar təkcə universitetlərdə yaradılmamalıdır. Ən azından, Elm və Təhsil Nazirliyi direktiv göstəriş verməli, qərar qəbul etməlidir ki, şagirdlər, tələbələr məktəblərə və universitetlərə abır-həya gözlənilən paltarda gəlsinlər. Görünür, artıq başqa üsul qalmır. Çünki televiziya və sosial şəbəkələrin maarifçiliyi təbliğ etmədiyi, əksinə əxlaqsızlıq yaydığı bir dövrdə başqa yol yoxdur. Gərək, bu işə dövlət, hökumət özü əl qoysun”.