"Mənəviyyatını pula satan gənclikdən nə gözləyə bilərik?"- Psixoloq GÖRÜN NƏLƏR DEDİ
26-12-2023, 12:24
Bayram ərəfəsindəyik. Yeni ilə sayılı günlər qalıb. Ancaq bunu insanların üzünə baxanda hiss etmək olmur. Əksər adamlar əsəbi, yorğun və kədərli görünür. Kimi də dindirsən, deyir artıq köhnə bayramlar yoxdur. Bəs əhali arasında şən ab-havanın yox olmasına səbəb nədir?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova “Yeni Sabah”a danışıb. Ekspert bildirir ki, artıq insanlar hər şeyi asanlıqla əldə edərək, dəyərsizləşdirirlər və bunun üçün də xoşbəxt ola bilmirlər:
“Son illərin müşahidəsi göstərir ki, insanlarda əvvəlki bayram əhval-ruhiyyəsi, nikbinlik yoxdur. Təbiidir ki, bunun sosial durumla əlaqəsi yoxdur. Bu gün hər kəs hər şeyi etməyə qadirdir. Elə bir dövrdə yaşayırıq ki, yalnız bacarıq önə çıxmalıdır.
Əsas məqam isə indiki dövrdə hər şeyin əlçatan olmasıdır. Ən tanınmış ölkələrdə intihar sayının bəzən həddən artıq çox olduğunu müşahidə etmək mümkündür. Ancaq bu ölkələrdə nə müharibə, nə yoxsulluq, nə də böhran yoxdur. Sadəcə, hər bir şeyin çoxluğu insanların əlindən xəyal qurmaq bacarığını alıb. Əvvəllər çox həvəslə bayram günləri üçün səbirsizlənir, nənə, xala, bibilərin bir yerə yığışıb, şəkərbura, paxlava, qoğal bişirməsini gözləyirdik. İndi isə biz bu şirniyyatları hər bir dükandan, istənilən vaxtda əldə edə bilərik. Məsələn, indi heç bir uşağı aldatmaq olmaz ki, Şaxta baba sənə hədiyyə gətirib. Çünki bu tipli bağlamalar bütün marketlərdə satışdadır. Ancaq əvvəl uşaqlar Şaxta babanı həvəslə gözləyir, onun nağılına inanırdı. Hər bir şeyin hazırına daha tez nail olmaq insanların marağını öldürür və onları bədbinləşdirir İndikilər isə hər şeyi asanlıqla əldə edir. Bir halda ki, insan xaotik düşüncə ilə Tiktoku özü üçün qazanc mənbəyi bilib də mənəviyyatını satırsa, onlara baxanda qanımız qaralır ki, biz niyə bu günə qaldıq? Belə bir anda nəyin bayramını keçirək? Mənəviyyatı satılan gəncliyin sonu nə olacaq? Biz bu fikrə pillə-pillə gəldik. Ona görə yox ki, həmin düşüncə hansısa xaosa səbəb olsun. Məsələ bundan ibarətdir. Sadalananlar da göstərir ki, istər gənclərin, istər orta ya da yaşlı nəslin içində həvəs qalmayıb. Bircə uşaqların gözündə bunu görə bilərik”.
Psixoloq vurğulayır ki, insanın həyatda mütləq bir məqsədi olmalıdır:
“Adətən, hər hansı bir yerə çətinliklə, əziyyətlə nail olan insanlar həyatda daha mübariz olurlar. Elələri əldə etdiklərinin qədrini yaxşı bilir. Çünki bu yolda o öz əməyini ortaya qoyub. Asanlıqla uğur qazananlar onun dəyərinin fərqində olmurlar. İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün təhsilinin, bacarığının arxasınca getməyi bacarır, öz potensialını üzə çıxarır. O, insanlar utanmadan, çəkinmədən əziyyətli günlərindən bəhs edə bilirlər. Belə olduqda keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni surətlərin yaradılmasından ibarət psixi proses ortaya çıxır. Bu isə təxəyyül adlanır. Bununla bərabər təxəyyülün sürətli keyfiyyətində ümumi olaraq, insanın özünü inkişaf etdirməsi dayanır”.
Aytac Şahin