Paris yeni oyuna başladı: Niyə Paşinyanı seçdilər? - İLGİNC
30-01-2024, 10:27
Nikol Paşinyanın söylədiyi fikirlər söz oyunlarıdır. Paşinyan adətən terminlər üzərindən manipulyasiya etməyi sevir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Oqtay Qasımov Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana etdiyi təklifi (İki ölkə arasında bir-birinin silahlarına nəzarət olsun və ərazilərinə hücum etməməsi ilə bağlı anlaşma imzalansın) şərh edərkən deyib.
Onun sözlərinə görə, bu cür açıqlamalar təbliğat xarakterlidir:
“Nikol Paşinyan guya göstərməyə çalışır ki, Ermənistan sülhün tərəfdarıdır. Guya sülh üçün mümkün olanı, əlindən gələni edir. Azərbaycan iki il yarım öncə Ermənistana beş prinsip əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Bu, beynəlxalq hüquq və ədalət prinsiplərinə tam şəkildə uyğun idi. Ermənistan da ilk dövrlər bu təklifləri qəbul etdiyini açıqlamışdı. Sonradan Ermənistan sülh müqaviləsinin tərkibinə başqa elementləri daxil etməyə cəhd etdi. Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi, onların həyata keçirilməsi, beynəlxalq mexanizmlərin yaradılması tipli məsələlər üzərindən manipulyasiya etməyə başladılar. Azərbaycan təbii ki, bunu qəbul etmirdi. Qarabağda Azərbaycan tam şəkildə ərazi bütövlüyünü, suverenliyini təmin edəndən sonra bu mövzular da gündəmə çıxdı”.
Oqtay Qasımov bildirib ki, Ermənistan hazırda daha çox proseslərin yubadılmasında maraqlıdır:
“Bu, Ermənistanın verdiyi qərar deyil. Ermənistan xarici siyasəti hazırda İrəvandan yox, Parisdən və digər paytaxtlardan yönləndirilir. Çünki son dövrlər Fransanın davranışları bunu deməyə əsas verir. Fransa bir formada bu proseslərdə iştirak etməyə çalışır. Bu proseslər üzərindən bölgədə yerləşmək niyyətlərini həyata keçirmək istəyir. 44 günlük Vətən müharibəsindən sonra Fransa ciddiyyətlə ATƏT-in keçmiş Minsk qrupunu dirçəltməyə cəhd etdi. Bu cəhdlər uğursuzluqla nəticələndi. Fransa Avropa İttifaqı formatında aparılan danışıqlarda bir formada iştiraka çalışdı və müəyyən qədər də bu prosesdə iştirak etdi. Sonradan Parisin avantürist davranışları və Azərbaycana qarşı düşmən mövqeyi, Brüssel formatını da iflasa uğratdı.
Bütün bunlarda əli olan Paris sonda bölgədə vəziyyəti gərginləşdirmək və bu gərginlik üzərindən Güney Qafqazda öz təsir imkanlarını artırmaq üçün çalışır. Fransa bu səbəbdən Ermənistanı silahlandıraraq gələcəkdə gərginlik üçün əsaslar yaradır. Bu gərginliklərin nəticəsində bölgəyə yerləşmək, bir formada prosesdə iştirak və idarə etmək niyyətini güdür. Ermənistan artıq nominal dövlətə çevrilib. Ermənistanın siyasəti əsasən xaricdən verilən göstərişlər əsasında həyata keçirilir. Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana artan təzyiqlər və bunun paralelində anti-Azərbaycan təbliğatının gücləndirilməsi də məhz bu səbəbdəndir. Bu açıqlamalarla Nikol Paşinyan qeyri real və ciddi əhəmiyyət daşımayan təkliflərlə çıxış edir”.