Tiflis-İrəvan xəttində durum dəyişdi... - Bakının reaksiyası necə olacaq?

30-01-2024, 09:50           
Tiflis-İrəvan xəttində durum dəyişdi... -
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana silahlara qarşılıqlı nəzarət və ölkələrin bir-birlərinin ərazilərinə hücum etməmələri barədə anlaşmanın imzalanmasını təklif edib. Sizcə, bu təklifin anlamı nədir, rəsmi Bakının buna cavabı necə olacaq?

- Əlbəttə, cavab rədd edilə bilər. “Bir-birinə nəzarət” nə deməkdir? Bu, bizim daxili işlərimizə qarışmaqdır. Silahların alınması, ordu quruculuğu strateji məsələdir. Ermənistan istəyi budur ki, Azərbaycanın hərbi məlumatlarına çıxış əldə etsin.

Bizim Ermənistanın ordu quruculuğuna nəzarət etmək niyyətimiz yoxdur. Biz sadəcə regionda hərbi-siyasi balansın pozulmasının əleyhinəyik, bunu da başqa yollarla, addımlarla billdiririk. Silahlara qarşılıq nəzarətin tətbiqi düzgün olmazdı.

“Ölkələrin bir-birlərinin ərazilərinə hücum etməmələri”nə dair təklifə gəlincə, bu da anlaşılmazdır. Azərbaycanın nə vaxt Ermənistana ərazi iddiası olub? Bəli, gündəmdə Qərbi Azərbaycan mövzusu var. Amma bu o anlama gəlmir ki, Azərbaycan Ermənistanın hansısa ərazisini zəbt etmək istəyir.

Azərbaycanlıların Ermənistana qayıdışı humanitar məsələlər çərçivəsində həll oluna bilər. Eyni zamanda, ermənilərin Azərbaycana qayıdışı da humanitar mövzudur. Həmin məsələlərlə bağlı umumi əsaslar var, biz bunları təklif etmişik. Həmin əsaslarla qayıdış məsələsi həll oluna bilər. Yəni Azərbaycan vətəndaşlığını qəbul etmək şərtilə...

Düşünmürəm ki, Ermənistanın verdiyi təkliflər üzrə razılığa gələ bilərik.

- Sülh müqaviləsinin imzalanması niyə uzanır, yekun anlaşma hansı şərtlərə bağlıdır?

- Azərbaycan və Ermənistan xarici işlər nazirləri yanvarın sonlarında Vaşinqtonda görüşməli idi. Amma ABŞ Dövlət Departamenti absurd bir iddia ilə çıxış etdi ki, guya Azərbaycanda dini azadlıqlar pozulur. Bundan sonra biz Vaşinqtonda görüşə bilərikmi? Yox!

Danışıqlar üçün Avropa meydançası da uyğun deyil. AŞPA-da qəbul edilən son anti-Azərbaycan qərarı bunu sübut edir. Həmin qərarı verənlər Avropa Birliyinə üzv dövlətlərin deputatlarıdır. Belə bir yanaşmadan sonra biz Avropa Birliyi çərçivəsində hansısa sənədi imzalaya bilərikmi? Yox!

Rusiyanı da İrəvan istəmir, bunu da Lavrov deyib. Bu kimi səbəblərə görə proses yubanır.

Yeri gəlmişkən, biz başqa bir variant da vermişik: sülh müqaviləsi neytral meydanda imzalansın. Çox güman ki, Ermənistan bunu da istəmir. Digər yandan, Ermənistan deyir ki, bu müqaviləyə koalisiya şəklində bir beynəlxalq qurum nəzarət etməlidir. Biz də bunu istəmirik. Çünki bizə arbitr lazım deyil, müqavilə iki tərəf arasında imzalanır. Yəni üçüncü tərəfin arbitr qismində çıxış etməsinə ehtiyac yoxdur.

- Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalandı. Bunun Azərbaycana hansı təsiri ola bilər? Məsələn, Gürcüstan Qərb silahlarının Ermənistana daşınması üçün yola çevriləcəkmi?

- Onsuz da Gürcüstan bu yolu verir. Fransadan göndərilən hərbi texnikalar, silah-sursat Gürcüstan üzərindən Ermənistana ötürülüb. Yəni imzalanmış sənəd bu baxımdan xüsusi önəm kəsb etmir. Ermənistan Gürcüstana belə bir sənədin imzalanmasını ötən illərdə də təklif etmişdi.

Amma Gürcüstan buna getmirdi, çünki Azərbaycanın mövqeyi nəzərə alınırdı. O dönəmdə Ermənistan Azərbaycanla açıq müharibədə idi, Azərbaycan əraziləri işğal olunmuşdu. Gürcüstan bu səbəbdən boyun qaçırırdı. İndi Gürcüstan hesab edir ki, müharibə bitib, Azərbaycan öz suverenliyini bərpa edib, buna görə də bu sənədin imzalanması üçün şərtlər uyğundur.

Çox güman ki, Gürcüstana bu sənədi imzalamağı Avropa Birliyi və ya Qərb dövlətləri tövsiyə edib. Məlumdur ki, Gürcüstan Avropa Birliyi üzvlüyünə can atır, artıq namizədlik statusu alıb. Ermənistan hakimiyyəti də Avropa Birliyinin himayəsi altındadır. Qərb çalışır ki, Ermənistan və Gürcüstanın simasında Cənubi Qafqazda Avropa Birliyinə bağlı bir tandem yaratsın. Tiflis və İrəvan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi də bunun üçün zəmin yaradır.

- AŞPA-da anti-Azərbaycan qərarı verilərkən Gürcüstan nümayəndə heyətinin “neytral” qalması da müzakirə mövzusuna çevrilib. Bu və digər amillər nəzərə alınaraq Bakıda Gürcüstana güzəşt siyasəti nəzərdən keçirilə bilərmi?

- Burada bir həssaslıq var. Gürcüstan artıq bir sıra məsələlərə Avropa Birliyinin diktəsi ilə baxır. Yəni Gürcüstan Avropanın təsiri altında olan, onun sözü ilə oturub-duran bir subyektdir. Amma iş elə gətirib ki, bizim əsas strateji kommunikasiyalarımız Gürcüstandan keçir, bu ölkə ilə bizim başqa münasibətlərimiz var. Ona görə də, belə məsələlərə diqqət edirik, sərt addımlar atmırıq.

Yeri gəlmişkən, demək lazımdır ki, alternativ də yoxdur. Amma müəyyən məsələlərdə sərt reaksiya verə, addımlar ata, Gürcüstanla dialoqda şərtlərimizi irəli sürə bilərik.

Ermənistan cəhd göstərir ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttində iştirak etsin. Ermənistan Gürcüstan vasitəsilə bu kimi beynəlxalq layihələrə qoşulmağa çalışır. Biz buna yol verməyəcəyik. Parelel kommunikasiyalar yaratmaq istəyirlərsə, yaratsınlar. Amma biz Ermənistanın bizm infrastrukturumuza qoşulmağa imkan verməyəcəyik.

- Günlərdir AŞPA ətrafındakı müzakirələr də səngimir. Baş verənlər hansı nöqtəyədək inkişaf edə bilər?

- Sanksiya gözləmirəm. Ümumiyyətlə, AŞPA elə bir qurum deyil ki, durub sanksiya tətbiq eləsin. İndiyədək kimə sanksiya tətbiq ediblər və bunun nəticəsi nə olub? Vaxtilə Rusiyanı AŞPA-dan çıxardılar, Rusiya bundan uduzdu? Yox. Bizə də heç bir təsiri olmayacaq.

AŞPA bir dialoq platforması idi, indi bu platformada iştirak etməyəcəyik. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Ümumiyyətlə, AŞPA önəmsiz qurumdur. AŞPA-da müzakirə olunan mövzular və qəbul edilən qərarlara baxanda görürük ki, bunların heç bir real təsirləri yoxdur. Yəni AŞPA Avropanın real siyasi gündəminə təsir göstərə bilməyən qurumdur.

AŞPA-nın Azərbaycanla bağlı mövqeyində də fövqəl hadisə baş verməyəcək. Əlbəttə, biz Avropanın siyasi dialoq platformalarından tədricən uzaqlaşsaq, ermənilər orada Azərbaycan əleyhinə təbliğatı gücləndirə bilərlər. Amma qardaş və dost Türkiyə oradadır. Türkiyənin təmsilçiləri ermənilərin bu addımlarını neytrallaşdıracaqlar, biz onlara arxayınıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.