Avropa Birliyi Zəngəzur qərarını açıqladı: Azərbaycana qarşı mövqe dəyişdi

31-01-2024, 15:24           
Avropa Birliyi Zəngəzur qərarını açıqladı: Azərbaycana qarşı mövqe dəyişdi
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Avropa Birliyi (AB) Rusiyadan yan keçən nəqliyyat dəhlizinin yaradılması məqsədilə Orta Asiyanın strateji nəqliyyat infrastrukturu obyektlərinə 1.5 milyard avro ayıracaq. Söhbətin Azərbaycandan da keçən Orta dəhlizdən getdiyi bildirilir. Zəngəzur dəhlizinin də bu xəttin bir parçası olduğunu nəzərə alsaq, Avropa Birliyinin bu həmləsi bölgəmizdə hansı gəlişmələrə yol aça bilər?

- Avropa Birliyi və beynəlxalq maliyyə şəbəkələrinin Orta dəhlizlə bağlı qərarı davam edən Rusiya-Ukrayna müharibəsi kontekstində düşünülüb. Bilirsiniz ki, Rusiyadan keçən kommunikasiya xətlərinə məhdidiyyət və qadağalar qoyulub. Bundan başqa, razılaşdırılan Hindistan-Yaxın Şərq-Avropa dəhlizi də İsrail-HƏMAS müharibəsi səbəbindən arxa plana keçib və perspektivi də bəlli deyil. Bu fonda Orta dəhliz yeni ticarət xətti kimi önə keçir. Bu, Azərbaycanın önəmini artırır. Çindən başlayan bu xətt Orta Asiyanın türk cümhuriyyətləri, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Zəngəzur üzərindən Avropaya uzanacaq.

Bir sözlə, son gəlişmə göstərir ki, bəzi Avropa dairələrindəki anti-Azərbaycan ab-havası ermənilərin kriminal maliyyə şəbəkələri və lobbiləri tərəfindən formalaşdırılıb. Belə bir durum Avropa Birliyinin geosiyasi və iqtisadi maraqlarına cavab vermir. Eyni şey ABŞ-yə də aiddir. Təəssüf ki, bir qrup şəxs bu cür böyük geosiyasi məkanları ermənilərin kriminal maliyyə şəbəkələrinə qurban verir. Amma geosiyasi və strateji maraqları bu güc mərkəzlərinin Azərbaycana nə qədər ehtiyaclarının olduğunu göstərir. Çünki Azərbaycan burada körpü ölkədir. Bu məsələ Azərbaycansız çözülməyəcək.

Azərbaycanın nəqliyyat dəhlizləri kontekstində çox ciddi, inkişaf etmiş infrastrukturu var. Azərbaycan yenə də bu infrastrukturun inkişafı ilə bağlı layihələr düşünür. Bu xüsus Azərbaycanın dünya ticarəti üçün nə qədər önəmli, strateji və etibarlı tərəfdaş olduğunu göstərir. Avropa Birliyində də Azərbaycana yox, öz ayaqlarına atəş açdıqlarının fərqindədirlər. Son gəlişmələr bunu təsdiqləyir.

- Avropa Birliyinin nəqliyyat dəhlizləri ilə bağlı maraqları və bu yöndə artan səyləri Zəngəzurla bağlı yanaşmasını Azərbaycana yaxınlaşdıra bilərmi?

- Buna qətiyyən şübhəniz olmasın. Avropa Birliyinin son qərarı Zəngəzur dəhlizinin açılması üçün perspektiv vəd edir. Çünki Bakı Naxçıvana keçid məsələsini həll edib, bu, İran üzərindən olacaq. Ortadakı fərq cəmi bir neçə kilometrdən ibarətdir. Qərbin, xüsusən də ABŞ-nin istəyi odur ki, Azərbaycan İran üzərindən keçən kommunikasiyadan imtina etsin. Azərbaycan bundan imtina etmir, çünki bu, onun mövqeyini gücləndirən amildir.

Ermənistan Qərbin sifarişi ilə tormozlayıcı rol oynamaqda davam etsə, Azərbaycan bu prosesi dayandıra bilər. Azərbaycan öz problemlərini Gürcüstan üzərindən keçən dəmir yolu və digər xətlər vasitəsilə həll edir, İran üzərindən də yol çəkilir. Yəni burada blokadada qalacaq ölkə yenə Ermənistan olacaq. Ayrıca, qlobal səviyyədə riskli və təhlükəli çağırışlar fonunda sülhdən yayınması Ermənistan dövlətçiliyinin gələcək varlığını təhlükə altında qoyur. Artıq xaricdə yaşayan erməni ziyalıları da bu yöndə həyəcan təbili çalırlar.

Əgər Qərb, yaxud Avropa Birliyi bu kontekstdə qərar verirsə, demək, Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın maraqları mütləq nəzərə alınacaq. Çünki onların Ermənistana təsir imkanları böyükdür. Eyni zamanda, Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarının maliyyələşməsini Avropa qurumları öz üzərinə götürüb. Ermənistanın belə bir infrastrukturu inşa edəcək iqtisadi və maddi gücü yoxdur. O səbəbdən də düşünürəm ki, Avropa Birliyinin bu qərarı Zəngəzur dəhlizi kontekstində çox ciddi hadisədir və yaxın perspektivdə bu yolun açılacağını göstərir.

Türkiyənin də bu yöndə ciddi informasiyaya malik olduğu qənaətindəyəm, bunu da göstərən odur ki, qardaş ölkədə dəhlizlə bağlı hazırlıq başlayıb. Bu xətt üzrə Qarsdan Naxçıvana dəmir yolunun çəkilişi hazırlığına start verilib. Bütün bunlar göstərir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı çox ciddi hadisələr baş verir.

- Zəngəzur dəhlizinə nəzarət də problemdir. Ermənistan özü nəzarət etmək istəyir, Rusiya buna qarşı çıxır, Qərb də Rusiyanın nəzarətində olmasını istəmir. Belə bir mürəkkəb fonda məsələ necə çözüləcək?

- Artıq maliyyə ayrılıbsa və Zəngəzurla bağlı qərar veriləcəksə, bu, Ermənistanın adına Qərbin nəzarəti demək olacaq. Pulu kim verirsə, musiqini də o sifariş edir. Bu durumda Rusiyanın edə biləcəyi bir şey qalmır. Ermənistan da buna razı deyil, nəzarətin onda olacağını bəyan edir. Ermənistan rəhbərliyi Rusiyaya güzəştə getmək istəmir. Ermənistan Qərbin tələbi ilə bu iddiasında israrlıdır. Hesab edirəm ki, bu kommunikasiya xətti açılacaqsa, Rusiyanın nəzarətində olmayacaq. Ermənistanın adına Qərb nəzarət edəcək.

Son gəlişmələr fonunda bir məqam da diqqət çəkir: İranın dini lideri Xameneyinin müşaviri bugünlərdə İrəvanda oldu. Xameneyinin müşaviri Nikol Paşinyanla görüşündə məhz Zəngəzur dəhlizinin gələcək perspektivini müzakirə etdi. İran Ermənistanın dəhlizə nəzarəti Qərbə verməsindən narahatdır. Yekun qərar verilsə, İran nə qədər hədələyici tonda çıxış etsə də, heç nə edə bilməyəcək. Çünki Tehran anlayır ki, bu qərarın arxasında duran Ermənistan deyil, Qərb dünyasıdır. Ona görə də bu məsələ İran rəsmisi ilə Paşinyan arasında müzakirə edildi.

- Bəs, dəhlizə kimin nəzarəti Azərbaycan üçün məqbuldur?

- Azərbaycanın marağı budur ki, yollar dəhliz statusunda açılsın, keçid maneəsiz olsun, ən azı “Kalininqrad dəhlizi” modelində fəaliyyət göstərsin. Amma bu olmasa, Azərbaycandan Azərbaycana prinsipi ilə açılsın, yəni heç bir maneə olmasın, gömrük rüsumu tətbiq edilməsin. Ancaq digər dövlətlərin keçidi gömrük rüsumları və yoxlamalara məruz qalacaq.

Könül istərdi ki, bütün bu prosesə Azərbaycan və Türkiyə nəzarət eləsin. Amma ortada bir də geosiyasi reallıqlar var. Əgər Azərbaycan vətəndaşları və yükləri üçün maneəsiz keçid olacaqsa, bu, bizim maraqlarımız çərçivəsindədir. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan kommunikasiya xətlərini bir qədər də şaxələndirəcək. Gürcüstanın ardınca İran və Zəngəzur üzərindən açılan xətlər imkan verir ki, gələcəkdə hansısa bir problem yaranarsa, Azərbaycan bu yöndə təzyiqlərlə üzləşməsin. Alternativlərin çoxluğu Azərbaycana qlobal diqqət və marağı da artıracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.