"Canlı yayımda qazandığımız 40-50 manatla dolanırıq " - Tiktoker Adəmin atası
1-02-2024, 17:38
Bir neçə gündür Ağcabədi rayonunun Hüsülü kəndindən olan 3-cü sinif şagirdi Adəm Mirzəyevin TikTok-da canlı yayıma çıxması sosial şəbəkələrdə geniş müzakirə edilir. Azyaşlının atası Sadiq Mirzəyevlə birgə gecəyarısı canlı yayımda söyüşlər söyməsi birmənalı qarşılanmır.
Məsələ ilə Qarabağ Regional Təhsil İdarəsindən AzVision.az -a bildirilib ki, Adəmin təhsil aldığı məktəbin rəhbərliyi, müəllimləri və valideynləri ilə görüş keçirilib.
"Uşaq daim dərsdə olandır. Məktəbdə təlim-tərbiyə, etik qaydalarını pozmur. Sadəcə axşam saatlarında valideynin nəzarəti ilə TikTok platformasında olur. Yenidən tapşırıq verilib ki, valideynləri ilə görüş keçirilsin və uşağın nizamlı olmasını təmin etsinlər".
Sadiq Mirzəyev oğlu Adəmlə Tiktok-da canlı yayım açmasını dolanışığı ilə əlaqələndirib. O qeyd edib ki, övladı onun nəzarəti altında sosial şəbəkədən istifadə edir:
"Adəmin söyüş söydüyü video keçən ilin yaz aylarında xalam oğlu tərəfindən çəkilmişdi. Buna görə o, polisə dəvət olundu, izahat alındı, saxlanıldı. Ondan sonra oğlumun söyüşlü və ya digər məzmunlu hər hansı videosu olmayıb. Buna heç razı da olmaram. Çünki gələcəyin əsgərini, iş adamını böyüdürəm. İstəmərəm ki, tərbiyəsiz övlad olsun. İndi də həmin videonun üzərini bəzəyib paylaşırlar. Bu, düzgün deyil. O videonun yenidən paylaşıldığını görsəm, lazımı yerlərə müraciət edəcəm".
Atası deyir ki, Adəmlə artıq 1 aydır canlı yayımlara qoşulub və hər oyun oynayanda 40-50 manat gəlir əldə edir:
"Adəm dərsə davamiyyətli uşaqdır. Evimiz məktəbdən uzaqdır. Qar, soyuq demədən, əlləri dona-dona hər gün dərsə gedir. Dərsdən gələn kimi günorta saatlarında bütün tapşırıqlarını edir. Axşam 8-9 radələrində artıq mənim nəzarətimlə TikTok-da canlı yayıma çıxırıq, normal oyun oynayırıq. Bu da 1 saat və ya saat yarım olur. Onun dərsdən yayınmasına, yaxud yuxusuz qalmasına razı olmaram. Mən atayam, istəmərəm ki, övladım tərbiyəsiz, savadsız olsun.
TikTok-da tək özüm olsam, maraqlı olmaz, oyunu uduzaraq. Amma Adəm insanları cəlb edir, onunla birgə oynayanda pullar atılır. Özüm Ağcabədi rayonu Hindarx qəsəbəsində taxılçılıqla məşğulam, 280 manat əmək haqqı alıram. 4 övladım var, ailədə 6 nəfərik. Bir balaca daxmada qalırıq. Bu pulla ailəni dolandıra bilmirəm. TikTok-dan gələn 40-50 manatla qabağa düşürük".
S.Mirzəyev oğlunun kimlərlə oyun oynamasına da diqqət etdiyini deyib:
"Axmaq adamlarla, özünü apara bilməyənlərlə oynamasına icazə vermirəm. Bilirəm ki, Adəm yaşlı uşaqlar sosial şəbəkələrdə olmamalıdır. Amma mən tək deyiləm. Yüzlərlə valideyn övladı ilə canlı yayım açır. Orada məktəbə getməyən, avara olan uşaqlar var. Onlara söz deyilmir. Amma mən uşağımla bir oyun oynayıram, bizim üstümüzə düşüblər.
Oğlum nəzarətimdədir, bir neçə dəfə dəfə özünün videosunu qoymuşdu, ona görə də Adəmi danlamışam".