“RƏSULZADƏ ALMANLARA 8 MADDƏLİK ŞƏRT TƏQDİM ETMİŞDİ...” – “Ona Almaniyanı tərk etmək üçün 24 saat vaxt verildi...”
2-02-2024, 07:11
Bakı Dövlət Universitetinin professoru, araşdırmaçı jurnalist Qulu Məhərrəmli Azərbaycan Xalq Cümhuriyyətinin banısı Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə bağlı fikir və düşüncülərini “AzPolitika.info”nun oxucuları ilə bölüşüb.
Müsahibəni təqdim edirik:
- Qulu müəllim, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyini qeyd edirik. Bununla bağlı Prezidentin sərəncamı var. Siz də bir neçə gündür yubiley tədbirlərində iştirak edirsiniz. Necə keçir bu tədbirlər? Ümumiyyətlə, cəmiyyətdəki ovqatla dövlət qurumlarının üzərinə düşən işi yerinə yetirmə səviyyəsi arasında balans varmı?
- Rəsulzadənin yubileyinin keçirilməsi çox mühüm hadisədir. Söhbət təkcə bir şəxsiyyəti xatırlamaqdan, onu yad etməkdən getmir. Bu, Azərbaycanın müstəqilliyinə, onun tarixinə baxmaq, qurucu babalarımızı yad etməkdir. Ona görə də bir-iki aydır Rəsulzadə ilə bağlı cəmiyyətdə ciddi müzakirələr gedir, xatırlamalar var, kitablar nəşr olunur, məqalələr çap olunur. Əlbəttə, bunlar çox gözəl addımlardır. Hökumətlə vətəndaş cəmiyyəti arasında münasibətlərə qaldıqda, belə fərqlər həmişə olub. Burada Prezidentin sərəncamının olması doğru idi. Bəziləri iddia edir ki, orada tədbirlərlə bağlı konkret müddəalar yoxdur, ümumi şəkildə yazılıb ki, “Tədbirlər keçirilsin”. Ancaq bunun özünə belə müsbət tərəfdən baxmaq lazımdır. Çünki bu cəmiyyətdə Rəsulzadəni sevənlər, onu qısqananlar, onun fədailəri var. Belə bir qəribə müşahidə var ki, sanki bəzi rəsmi qurumlar Rəsulzadəni nə qədər çox qısqanırsa, cəmiyyət bu şəxsi bir o qədər çox sevməyə başlayır. Əvvəllər müxalif düşərgə də Rəsulzadədən bir alət kimi istifadə edirdi. Mənə elə gəlir ki, artıq bu da aradan qalxıb. Artıq hər kəs çox aydın başa düşür ki, Rəsulzadə bir sosial qrupa, bir düşüncəyə aid deyil. Rəsulzadə ümummilli sərvətdir, onun yaratdığı əsərləri, düşüncəsi, ideyaları bütöv bir toplumun sərvətidir. Bu baxımdan, hələlik Rəsulzadəyə qısqanclıq da qalır, vətəndaş cəmiyyəti, xüsusən də gənclər isə Rəsulzadəni sevməkdə davam edirlər. Məncə, bu “yarışmaya” son qoymaq lazımdır. Ona görə ki, Rəsulzadə qlobal ideyaların daşıyıcısı, Azərbaycan siyasi təfəkkürünün təmsilçisi, Azərbaycan istiqlal məfkurəsinin və müstəqil Azərbaycanın simvoludur. Bunu qəbul etmək lazımdır. Başa düşmək lazımdır ki, bir şəxsə olan diqqət və məhəbbət digər şəxslərin tarixdəki rolunu qətiyyən azaltmır. Tarixlə “güləşmək”, tarixi şəxsiyyətlərə qarşı qısqanclıq davası aparmaq olmaz.
- Mədəniyyət Nazirliyinin, Milli Elmlər Akademiyasının, eləcə də Rəsulzadənin yadigarı olan Bakı Dövlət Universitetinin üzərinə də böyük bir iş düşür. Xüsusən də Mədəniyyət Nazirliyi bu işin təşkil olunmasında ön planda olmalıdır. Nə müşahidə edirsiniz, yebiley tədbirlərini necə təşkil edirlər?
- Açığı, xüsusi bir təşəbbüs yoxdur. Akademiyanın müəyyən institutları bir-iki tədbir keçiriblər, danışıbar və dağılışıblar.
- Yəni “yola veriblər”?...
- Bəli, bu cür də qiymətləndirmək olar. Məsələn, çox yaxşı olardı ki, hansısa bir kitab layihəsi olsun. Rəsulzadənin əsərlərinin beş cildini bizim unudulmaz müəllimimiz Şirməmməd Hüseynov çap edib, ortaya qoyub. Amma Rəsulzadənin mühacirətdə yazdığı çoxsaylı əsərlər var. Bunların bir çoxu Türkiyədə çap olunub. Bu əsərləri peşəkar şəkildə dövlət himayəsi altında xüsusi alim qrupları çap edib, ortaya qoymalıdır. Bu əsərlər pərakəndə şəkildə mövcuddur. Onların bir yerə yığılması, peşəkar tədqiqatçıların əlindən keçməsi önəmlidir. Yaxud, Rəsulzadəylə bağlı bir sənədli film hazırlamaq olar. Əlbəttə, bədii film çəkilsə, daha yaxşı olar. Çünki Rəsulzadənin həyatı “Hollivud” filmi üçün dramatik süjeti olan bir ssenaridir. Bundan faydalanmaq olar. Düşnürəm ki, Rəsulzadənin adının götürüldüyü müəssisələr var ki, bunlar da qaytarılsa, yaxşı olar. Lakin biz bu baxımdan belə bir “tərpənişi” hiss etmirik və buna çox təəssüflənirik.
- Bu yaxınlarda Sizin müəllifi olduğunuz Rəsulzadənin həyat yolu və mübarizəsindən bəhs edən “Məmməd Əmin Rəsulzadə” kitabınız nəşr olundu, təqdimatı keçirildi. Cəmiyyətdən hansı reaksiyalar gördünüz?
- Bu kitaba tələbat var idi. 2018-ci ildə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bizi kitab satmağa dəvət etmişdi. Orda bir cavan uşaq gəldi, Rəsulzadə haqqında kitab istədi. Ona Rəsulzadənin seçilmiş əsərlərinin bir cildi verildi. Bir az maraqlandı, sonra kitabı yerinə qoyub getdi. Ondan soruşdum ki, nə istəyirsən? Dedi: “Mənə Rəsulzadənin həyatı, fəaliyyəti haqqında kitab lazımdır”. Elə həmin vaxt bu ideya beynimə batmışdı. Mən də arxiv sənədləri, Rəsulzadə haqqında bildiklərim, öyrəndiklərim məlumatlar əsasında onun həyat hekayəsini yazdım. Reaksiyalar müxtəlif oldu. Əsasən müsbət reaksiyalar var, ancaq kitabın yazılmasını qısqananlar, onu tənqid edənlər də oldu. Mən buna çox normal baxıram. Biz kitabı ona görə yazırıq ki, gənc nəsil onu oxusun, öyrənsin. Rəsulzadənin, Əhməd bəy Ağaoğlunun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin kim olduğunu bilsinlər. Bilsinlər ki, bu Cümhuriyyəti bizim üçün quran insanlar hansı həyatı yaşayıblar, hansı taleyin sahibi olublar, bizim üçün hansı mənəvi keyfiyyətlər qoyub gediblər. Bu kitabın əsas məqsədi odur ki, tanıdaq və sevdirək.
- Ötən həftə Rəsulzadə haqqında Rusiyadan verilən bir bəyanat gündəm oldu. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni jurnalistin “Azərbaycan Prezidenti faşistlərlə əməkdaşlıq etmiş Rəsulzadənin yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə sərəncam verib, bunu necə qiymətləndirirsiniz” sualına qəribə cavab verdi. Zaxarova bildirdi ki, “Biz bununla bağlı rəsmi Bakıya sorğularımızı göndərmişik”. Rəsulzadəyə bu yanaşmanı və Bakıdan rəsmi səviyyədə ona cavab verilməməsini necə dəyərləndirisiniz?
- Bu, birinci belə hal deyil. Vaxtilə Paşinyan da Qaregin Njde ilə Rəsulzadəni müqayisə etməyə çalışmışdı. Amma bu, olduqca uğursuz, mənasız və əsassız bir müqayisə idi. Çünki Njde sözün həqiqi mənasında qatildir. Nə qədər erməni xalqı üçün ideologiyalar uydursa da, o insan qatildir. O, Zəngəzurda, başqa bölgələrdə azərbaycanlıların qətlində birbaşa iştirak edib. Nasistlərin gizli təşkilatında casus olub, onlarla əməkdaşlıq edib. Rəsulzadə isə liderdir, ideoloqdur. Bəli, almanlar İkinci Dünya müharibəsində legioner qrupların mühacirətdə olan şəxsləri ilə dialoqlar aparırdılar. O cümlədən də Azərbaycan mühacirətinin lideri Rəsulzadəni 1942-ci ildə Berlinə dəvət eləmişdilər. Həmin vaxt Rəsulzadə almanlara səkkiz maddəlik şərt təqdim etmişdi. Əsas şərt o idi ki, Azərbaycanın müstəqilliyini qəbul edəcəksinizsə, biz sizlə münasibətlərə baxarıq. Yəni adam Berlində nasistlərin at oynatdığı bir məmləkətdə öz şərtini qoyurdu. Bu şərtlər almanlar tərəfindən qəbul olunmamışdı. Almanlar ikinci dəfə 1943-cü ildə Rəsulzadəni yenidən Berlinə dəvət ediblər. O vaxt müxtəlif komissiyalar var idi. Məsələn, dağlıların, gürcülərin, ermənilər və azərbaycanlıların. Digər komissiyalar yenə, yalandan da olsa, toplaşmışdılar. “Azərbaycan komissiyası” isə heç bir dəfə də toplaşmayıb. Rəsulzadə ikinci dəfə almanların təklifini qəbul etmədiyindən ona Almaniyanı tərk etmək üçün 24 saat vaxt verilib. Arxiv sənədləri də bunu təsdiq edir. Adolf Hitlerin bu işlərlə məşğul olan idarələrinin rəislərinin şəxsi gündəlikləri, arxivləri də bunu üzə çıxarır. Rəsulzadə almanlarla heç bir əməkdaşlığa getməyib.
Zaxarovanın cavabına gəlincə, düşünürəm ki, bu, erməni jurnalistin təxribatı idi. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələdə susqunluq nümayiş etdirməsi qəbulolunmazdır. Rəsmi bəyanat verilməli, dövlət buna münasibət bildirməlidir. Çünki bir dövlətin banisini bu işlərdə ittiham etmək olmaz. Edirlərsə, mütləq cavablarını almalıdırlar.
- Amma XİN-lə yanaşı cəmiyyətdən də buna geniş bir reaksiya görmədik...
- Mənə elə gəlir ki, burada iki yanaşma var: Biri odur ki, yenə mənasız cəfəngiyyatlar uydurulub deyə, buna reaksiya yoxdur. İkincisi, ola bilər, rəsmi qurumlar cavab verməyi sadəcə məqsədəuyğun hesab etməyib. Bu məsələ birdəfəlik həll olunub ki, Rəsulzadənin alman faşistləri ilə heç bir işi olmayıb. Düzdür, 1944-cü ildə almanlar artıq məğlub olana yaxın jest etdilər ki, “Azərbaycan Cümhuriyyətini tanıya bilərik”. Amma artıq iş-işdən keçmişdi. Digər tərəfdən, mühacirətdə Rəsulzadəyə zidd olan qüvvələr var idi. Rəsulzadə bu əməkdaşlığı qəbul etmədi, amma onlar qəbul etdilər. Fətəli xan Xoyski kimi... Amma heç bir halda Rəsulzadəni Njde kimi terrorçuya, insan qatilinə və casusa tay tutmaq olmaz. Bununla bağlı da ayrıca kitablar çap etmək lazımdır. Çünki bu prinsipial məsələdir. Alman, ingilis, rus, hətta erməni dilində kitablar hazırlanmalıdır.
- Bu gün Rəsulzədənin 140 illik yubileyi qeyd olunur. Gələcəkdə 145, 150 illik yubileylərini də, qismət olsa, görərik. Sizin gələcək yubileylərlə bağlı indikindən fərqli hansı gözləntiləriniz var?
- Mən istəyirəm ki, Rəsulzadəyə qısqanc münasibət aradan götürülsün. Rəsulzadənin yerini biz yox, tarix müəyyənləşdirməlidir. Tarix də onu ortaya çıxarıb ki, indi yaşadığımız müstəqil Azərbaycanın banisi, onun ideya müəllifi, Azərbaycan Milli Hərəkatının ideoloqu və rəhbəri, Azərbaycan Cümhuriyyətinin banisi və iki il mövcud olmuş Azərbaycan Cümhuriyyətinin ruhu Məhəmməd Əmin Rəsulzadədir. Bunu qəbul etmək lazımdır. Bütün tarixi şəxsiyyətlər öz dövrünün, öz siyasi mühitinin məhsuludur, o cümlədən də Rəsulzadə. Rəsulzadə böyük bir dahidir, mütəfəkkirdir, kulturoloji fenomendir. Onun yazdığı kitabların hərəsi Azərbaycan mənəviyyatının, ruhunun, düşüncəsinin bir parametrini əks etdirir. Təkcə “Nizami”, “Panturanizm” əsərləri nəyə desəniz, dəyər. Bu cür mütəfəkkir bizim fəxrimiz, qürur yerimizdir. Biz Rəsulzadənin bu millətə mənsub olmasından ayrıca qürur və fərəh hissi keçiririk.
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
“AzPolitika.info”