Faiq Ağayev: "35 illik səhnə fəaliyyətimdə ilk dəfə bir layihədə ədalət gördüm" — MÜSAHİBƏ
6-02-2024, 11:34
Ötən gecə İctimai Televiziyada dünyaca məşhur, 50-dən çox ölkədə yayımlanan beynəlxalq lisenziyalı “Maska” şousunun Azərbaycan versiyasının final buraxılışı tamaşaçılara təqdim olunub.
Finala qalan 4 - "Canavar", "Cırtdan", "Qorilla" və "Alov" maskasının altındakı məşhurların kimliyi tamaşaçıların da səsverməsi ilə müəyyənləşdirilib.
"Alov" maskası altındakı tanınmış müğənni Nadir Rüstəmli, "Qorilla" maskasında Xalq artisti Mir Yusif, "Cırtdan" maskasında müğənni Eldar Qasımov və nəhayət qalib "Canavar" maskasında isə müğənni Dilarə Kazımova olub.
İlk buraxılışı ötən ilin dekabrında yayımlanan "Maska" şouda 12 tanınmış müxtəlif maskalar altında, fərqli ifalarla səhnəyə çıxıb. Bazar günləri tamaşaçıların görüşünə gələn "Maska"da final gününə qədər hər həftə bir məşhurun maskası açılıb.
Müsabiqənin “detektivlər”i Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal, Murad Arif və aparıcı Kamilə Babayeva maska altındakı məşhurları ifalarından, dəyişdirdiyi səslərdən, xarici görünüşlərindən, ipuclarından və doğru/yalan faktlardan müəyyənləşdirməyə çalışıblar.
İndiyədək bir çox müsabiqələrin münsifi olan Xalq artisti Faiq Ağayev "Maska" şou barədə fikirlərini "Cebhe.info" ilə bölüşüb.
-Faiq bəy, "Maska" şounun final bölümündən də sonra proqram barədə ümumi təəssüratlarınız maraqlıdır...
- Bu, böyük peşəkarlıqla həyata keçirilən layihədir. İctimai Televiziya gördüyü işlə tam fəxr edə bilər. Çünki bu işin içində olan bir insan kimi görürdüm ki, nə qədər insan çalışır, layihənin qayda-qanunlarına necə riayət olunur, peşəkarlıqla davranılır. Bizim bir buraxılışı çəkmək üçün 6-8 saat vaxtımız gedirdi. Final isə ümumiyyətlə, 13 saat çəkdi. Bütün bu işlərin hədəfi tamaşaçının ləzzəti idi, tamaşaçıya şou zövqü vermək idi.
12 iştirakçının hər biri canla-başla bacarıqlarını göstərirdi, çalışırdı. Bir neçəsinin peşəkar çalışması bizi sözün əsl mənasında təəccübləndirdi. Bu böyüklükdə proyekti "yağ kimi" həyata keçirmək, 10 efirin onunu da rəngarəng, əlvan etmək böyük əzmkarlıq və peşəkarlıq tələb edirdi. Bu işdə inanılmaz xidməti olan Balakişi müəllimə təşəkkür edirəm. Çəkilişə hamıdan tez gəlib, hamıdan gec çıxırdı, inanılmaz xidmətləri oldu.
Bu şou mənim həyatımda çox gözəl təcrübə idi, çox məmnunam ki, gözəl hadisənin iştirakçısı, üzvü oldum.
- "Maska" ötən il Türkiyədə yayımlananda "Görəsən, nə zaman bizdə də bu layihə ekranlarda olacaq?" deyə düşünürdüm. Sizcə, müqayisəsi necə olardı?
-Türkiyədəki "Maska" həm keyfiyyəti, həm ümumi televiziya görüntüsü, həm dedektivlərin işi, həm aparıcı baxımdan Azərbaycan "Maska"sı ilə müqayisə oluna bilməz. Rusiyadakı isə keyfiyyətli təşkil edilmişdi.
-"Canavar" qədər "Cırtdan"ın da qalib olmasını istəyənlər çox idi. Siz necə düşünürsünüz?
-Finalda tamaşaçılar tərəfindən çox ədalətli seçim oldu. 4 maskanın hər biri qalibiyyətə doğru gedirdi. Şəxsən məncə, “Molla Nəsrəddin” və “Güzgü” də finalda olmalı idi. Amma tamaşaçılar belə seçim etdilər. Maskanın çıxarılmasında bizim heç bir iştirakımız yox idi, biz sadəcə xilas edə bilirdik.
- "Canavar"ın çıxışları da hər dəfə daha fərqli olurdu. Çıxışlarından dolayı maska altında bəzən kişi, bəzən qadın məşhur olduğunu düşünürdük...
-Dilarə dişi ilə, dırnağı ilə bu qələbəni tam haqq etdi. "Canavar" hər buraxılışda daha çoxunu göstərirdi, tamaşaçını daha çox heyrətləndirirdi. Hər həftə performansı yüksələn xətlə irəliləyirdi. Qələbəyə layiq çıxış etdi.
-Faiq bəy, bəs sizin favoritləriniz kimlər idi?
-Layihə boyunca 3 maskanın favoritim olduğunu deyirdim-"Molla Nəsrəddin", "Cırtdan", "Canavar".
- Bəs hansı maska sizi təəccübləndirdi?
-Məni heç kəs təəssücəbləndirmədi. Bəziləri var idi ki, onlardan daha rəngarəng çıxışlar gözləyirdim.
-Bəs "Nar"? Çoxları üçün bu maskada Aşıq Samirənin gizlənməsi gözlənilməz idi. Elə şəxsən mənim üçün də...
-2000-ci illərin əvvəllərində Samirə ilə birgə çalışmışam. Onun səsini çox gözəl tanıyıram. Amma Samirə bizi necə çaşdırdısa, biz sona yaxın onun adını çəkməyə başladıq. Bu da çox böyük peşəkar iş idi. Samirəni alqışlayıram.
-Şou sizin üçün daha çox nə ilə yadda qaldı?
- 35 ildir səhnədəyəm, həmkarlarımın arasında müsabiqələrdə ən çox münsif olanlardan biri də mənəm. Heç kəs məndən inciməsin, amma 35 illik səhnə fəaliyyətimdə ilk dəfə idi ki, bir layihədə sonuna qədər ədalət gördüm. Çox ədalətli yarışma idi.
- "Cırtdan" "Gələcəyəm", "Qorilla" "Bərəyə bax", "Xarıbülbül" "Dağlar qızı Reyhan" və digər maskalar bəzi mahnılarımızı fərqli aranjimanla təqdim etdi. Bunu hər zaman edərək retro mahnılarımıza yeni nəfəs vermək olar. Necə düşünürsünüz?
- Bəli. Razıyam. Həqiqətən aranjiman cəhətdən də komanda böyük iş gördü. Musiqi heyəti bizim iştirakçıların mahnı seçimində əsal rolu oynayırdı. Layihənin musiqi rəhbəri Keytarman çox gözəl iş gördü, bizim də xoşumuza gəldi, tamaşaçıların da xoşuna gəldi.
- İpucları təqdim olunan zaman siz detektivlərin bir-birilə söhbəti, tapmağa çalışmağınız, bəzən zarafatyana atışmalarınız da şouya maraq qatırdı...
- Bu layihənin uğurunun böyük bir hissəsi həm də xəfiyyələrin seçimi idi. Balaş müəllim çox gözəl seçimlər etmişdi. 5 müxtəlif fikirli detektiv bir-birini tamamlayırdı. Mənim üçün Kamilə Babayeva, Murad Arif, Nigar Camal, Coşqun Rəhimovla çalışmaq böyük zövq idi.
Ümumilikdə, bu layihədən böyük zövq aldım. Teleməkanda bu cür layihələrin təşkili hər birimizi sevindirir, zövq verir.