"Vaxt var idi ki, restoran işlədirdim, heç meyxanaya ehtiyacım yox idi"

6-02-2024, 15:49           
"Vaxt var idi ki, restoran işlədirdim, heç meyxanaya ehtiyacım yox idi"
“Meyxana sənəti əslində öz yerindədir, əladır. Sadəcə olaraq bir az şairlər dəyişib. Əvvəl çox şirin meyxanalar deyirdilər, köhnə lentlərə baxanda doymursan. Bu dəqiqə təzə dəb düşüb, hamı qışqırır. Az da olsa bəhrlə deyən cavanlara da rast gəlmək mümkündür. 15-16 yaşım olanda çadır toylarında Ağamirzə, Ağasəlim Çıldaq, Kərimlə, Nizami Rəmzi ilə meyxana demişəm. Meyxanaçı xalqın içindən çıxır, sadə adam olmalıdır. İndi bir çoxlarının qəbuluna düşmək olmur. Zəng edirsən özləri yox, prodüsserləri cavab verir. O vaxt hansı meyxanaçıların prodüsserləri olub ki?!”

Bunu Moderator.az-a açıqlamasında tanınmış meyxanaçı Vüqar Dağlı deyib. Meyxanaçı həmkarlarından gileyli danışıb.

“Vaxt var idi ki, restoran işlədirdim, heç meyxanaya ehtiyacım yox idi. Meyxanaçıların 80 faizi yanımda olub, yaxşı da pul qazanıblar. Amma nə olsun?! Gör indi onlar sənin yanındadır?! Etdiyimi deyən deyiləm, amma məcbur olursan. Deməsinlər ki, bilmir. Çox yaxşı bilirəm. Adam keçmişini unutmaz. Bir zəng edib hal-əhval tutmaq olmaz?! Toylarda bir-birlərinin paxıllığını çəkirlər. Bir-birinin ayağından çəkirlər. Dünya malına, pula görə. Vallah mən toylara gedəndə ev yiyəsinə təklif edirəm ki digər dostlar da gəlib meyxana desinlər. Bilirəm ki, ehtiyacları var” deyə meyxanaçı deyib.

Vüqar söyüşlə meyxana deyənləri qınayıb.

“Bütün meyxana aləmi bilir ki, mən sülh tərəfdarıyam, heç kəslə düşmənçiliyim olmayıb, dava-dalaşdan uzaq biriyəm. Meyxana söz döyüşüdür, əlbəyaxa döyüş növü deyil. Meyxananı elə demək lazımdır ki, mövzudan kənara çıxmayasan. O həddə çatdıranda əlbəttə ki, burada əlbəyaxa döyüş də olacaq. Görünür onlar da dava-dalaşla gündəmə gəlmək istəyirlər. Bu nəyə lazımdır ki? Hər kəs evinə bir parça çörək aparır. Təsəvvür et, söyüşlə meyxana deyirsən, səhər gətirib onun çörəyini balalarına yedizdirirsən. Belə meyxana deyənlərin qazandığı pulları da halal saymıram. Camaatın toyunu yasa çevirsən səhər səni kim dəvət edər ki?! Bəzi meyxanaçılar bu sənəti yaxşı təbliğ etmirlər. Səhər bu sənətdən getsəm, meyxana deyənlərin 80 faizi ilə salam-sağolumu kəsəcəm. Çünki mən bu sənətdə o qədər haqsızlıqlar, bir-birinin torbasını tikənləri görmüşəm ki. And olsun Allaha. Deyir “yemək var ki, yemək olmur, hər sözü də demək olmur”. Kiminsə çörəyinə bais olub, kiminsə haqqını yemək yaxşı hal deyil. Bu sənətdə kişi oğlu kişi çox azdır. Bir çoxlarının adını çəkə bilərəm, amma sonra gərək mən onlarla toyda rastlaşmayım, salam verməyim. Rəhmətlik Aydın Xırdalanlı deyirdi ki, “meyxana deyəndən mənə dost olar?” deyə meyxanaçı bildirib.

Vüqar Dağlı qadın meyxanaçılardan da danışıb.

“Qadın meyxanaçılar az da olsa var. Hal-hazırda Samirə Yusifqızıdır. Çox da gözəl meyxana deyir. Mənə elə gəlir ki, o elə oxusa yaxşıdır. Ona hörmətim var, gözəl müğənnidir. Amma meyxana kişi sənətidir. Qadına yaraşmır. Yəqin ki, mənim sözümdən inciməz, düz başa düşər. Xanım evdə olar. Müğənnidir, qadın toylarında olsun. Kişilərin arasında meyxana demək nə dərəcədə düzgündür?! Söyüş söyürlər, kişi söhbətləri edirlər. Bəlkə elə söhbət var ki, onu qadın eşitməli deyil?! İçkili insan da olur. Bilirəm ki, ona tələbat var, çox istəyirlər, dəvət edirlər” deyə meyxanaçı bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.