Kehat üçün növbəti çağırış: “İçimizdə narahatlıq var idi”
7-02-2024, 09:27
“Sumqayıt”ın israilli futbolçusu Roi Kehatın futbolinfo.az saytına müsahibəsi
– “Sumqayıt” uzun müddətdən sonra Mehdi Hüseynzadə adına stadionda oyuna çıxdı. Yenidən qurulmuş və azarkeşlərlə dolu olan arenada oynamaq necə hiss idi?
– Təəssüratımız möhtəşəmdir. Stadionu dolduran izdiham əla hisslər keçirməyimizə şərait yaratdı. Həqiqətən də, “Neftçi” ilə oyunda arenada əla atmosfer var idi. Ayrı-ayrılıqda hər bir azarkeşimizə təşəkkür edirəm. Çox istərdik ki, onlar hər oyunda stadionu doldursunlar və bizi dəstəkləsinlər.
– Bir neçə gün öncə kubok matçında uduzduğunuz “Neftçi”ni bu dəfə məğlub etməyi (2:1) bacardınız. Qələbəni gətirən amil bu görüşə daha motivasiyalı çıxmağınız oldu?
– Əslində, 10 ildən sonra bu stadionda oyunun keçirilməsi, matça böyük marağın olması üzərimizdə təzyiq yaratmışdı. İçimizdə narahatlıq var idi. Amma bunun öhdəsindən əla gəldik. Hisslərimizi cilovlaya, özümüzü sakitləşdirə bildik. Matça düzgün hazırlaşdıq, nəticədə meydandan 3 xalla ayrılan tərəf biz olduq.
– Növbəti oyun yenə “Neftçi”yə qarşı olacaq. Kubokun cavab matçında qələbə qazanmaq və yarımfinala adlamaq şansınız nə qədərdir?
– Bizi “Neftçi” ilə çətin səfər qarşılaşması gözləyir. İlk oyundan sonra bir top fərqi ilə rəqibdən geri qalırıq. Bir neçə gün ərzində “Neftçi” ilə artıq iki görüş keçirmişik və növbəti dəfə üz-üzə gələcəyik. Məşqlərdə var gücümüzlə hazırlaşmalı, oyuna inamlı çıxmalıyıq.
– Qısa müddətdə eyni rəqiblə 3 oyun keçirmək cansıxıcı deyil?
– Bəzi insanlar bunu darıxdırıcı hesab edə bilərlər. Ancaq mən bunu növbəti çağırış kimi qəbul edirəm. Eyni rəqiblə həftədə 3 dəfə qarşılaşırsınızsa, oyunda mütləq yaradıcı yanaşma tətbiq etməli və qələbə qazanmaq üçün yeni imkanlar tapmalısınız.
– Kubok matçından sonra sizi çempionatda “Zirə” ilə çətin və vacib qarşılaşma gözləyir. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?
– Mən qarşıma qısamüddətli məqsədlər qoymağı xoşlayıram. İndiki halda ancaq kubok matçı haqda düşünürəm. “Neftçi” ilə cavab qarşılaşmasını keçirdikdən sonra “Zirə” ilə oyun barədə düşünəcəyik.
– “Sumqayıt” turnir cədvəlində artıq ikinci pillədədir. Hazırkı mövqeyinizi mövsümün sonunadək saxlaya biləcəksiniz?
– İkinci yerdə qalmaq bizim üçün asan tapşırıq olmayacaq. Bunun öhdəsindən gəlmək üçün təzyiq altında necə davranmaq lazım olduğunu bilməliyik. Çünki ikinci yerin də öz təzyiqi var. Bu yer uğrunda gərgin mübarizə gedir. Bilirik ki, digər komandalar bizi 2-ci pillədən salmaq üçün əllərindən gələni edəcəklər. Odur ki, arxayınlaşmaq olmaz, məşqlərdə var gücümüzlə çalışmağa davam etməliyik. Qarşıda hələ 15 tur var. İndidən konkret fikir səsləndirmək olmur. Amma əlimizdən gələni edəcəyik ki, mövsümün sonunadək bu pillədən tərpənməyək.
– Azərbaycan çempionatı haqda fikriniz necədir? Misli Premyer Liqası əvvəl oynadığınız liqalardan nə ilə fərqlənir?
– Azərbaycan Premyer Liqası əvvəl oynadığım liqalara çox bənzəyir. Adətən çıxış etdiyim çempionatlarda 2-3 böyük komandalar olub və onlar turnir cədvəlinə rəhbərlik ediblər, digərləri isə bərabərsəviyyəli rəqiblər sayılıblar. Fərq ondadır ki, Azərbaycanla müqayisədə İsrail və Avstriyada böyük stadionlar daha çoxdur və bütün oyunlara çoxlu sayda azarkeş gəlir.