Əhməd ailəsini baltaladı, bəs, media? – Qulu Məhərrəmlidən açıqlama
15-02-2024, 21:13
Bir çoxları baş vermiş dəhşətli ailə faciəsinin işıqlandırılmasında medianı qeyri-peşəkarlıqda günahlandırır. Medianın bu dəfə də sınaqdan çıxa bilmədiyini deyənlər də var. Bəzi saytların məlum hadisə ilə bağlı yayılmış görüntüləri tirajlaması isə xüsusilə tənqid edilir.
Media bu hadisənin işıqlandırılmasında hansı səhvə yol verdi?
Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən media eksperti Qulu Məhərrəmli bildirib ki, hətta özünü nüfuzlu media orqanı kimi təqdim edən bəzi agentliklər, bəzi saytlar da baş vermiş ailə faciəsi ilə bağlı yayılmış o görüntüləri yayımladı. Etik normaları pozduqlarını isə sonradan anladılar:
“Bu cür ekstrimal, kriminal situasiyanı işıqlandırmağın qaydaları var. Mediada spesifik mövzular var – uşaqlarla bağlı, kriminal hadisələrlə bağlı, cəmiyyət həyatı, səhiyyə ilə bağlı xüsusi hallar var ki, bu cür xəbərlər işıqlandırılanda media ehtiyatlı olmalı, ehtiyatlı davranmalıdır.
Kiminsə cinayət törətmə prosesinin görüntüsündə üzərini nə qədər örtsəniz də, onun qollarının işləməsi, baltanın qalxması və sair görünürsə bu görüntünü ört-basdır etmir. Əksinə insanların fantaziyasını daha da qidalandırır. Zorakılıq epizodlarını, cinayəti, qanı göstərmək olmaz. Bu adi qaydadır və bunu hamı bilməlidir. Bu görüntülərdən İP (ay-pi) toplamağa çalışanda təbii olraq medianı günahlandıracaqlar”.
Q.Məhərrəmli bildirib ki, sonuncu hadisə ilə münasibətdə şərti olaraq 70 faiz media orqanı hadisəyə soyuqqanlı və peşəkar formada yanaşdı. 30 faiz isə o qaydaları kobud şəkilədə pozdu:
“Ancaq burada rəqəmlərin fərqi yoxdu. 30 faiz yox, 10 faiz olsa belə bu, media adına yaraşmayan davranışdır. Bu baxımdan, medianın tənqid edilməsinə təbii olaraq mən də haqq verirəm.
Medianın işi psixi pozuntusu olan bir adamın necə taksi sürücülüyü ilə məşğul olmasını, necə xəstəxanada yatmaqdan yayınmasını, necə sürücülük vəsiqəsi almasını üzə çıxarmaqdır. Media bu cür faktları ortaya çıxarmalı, bununla məşğul olmalıdır, nəinki o görüntüləri göstərib insanların beyninə, şüuruna neqativ məqamları hopdurmaqla”.
Nigar İxtiyarqızı