Pol Qobl: Ümid edirəm ki, bütün səviyyələrdə ikitərəfli müzakirələr çox sürətlə davam edəcək
22-02-2024, 10:44
ABŞ-ın keçmiş Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Amerikanın Səsinə müsahibədə Azərbaycan və Ermənistan arasında sərhəddə son gərginlik, Birləşmiş Ştatların iki ölkə arasında sülh prosesində səyləri və Rusiyanın Cənubi Qafqazda niyyətləri haqda danışıb.
Amerikanın Səsi: Azərbaycan-Ermənistan sərhədində son gərginlik iki ölkə arasında potensial hərbi münaqişə ilə bağlı narahatlıqların artmasına səbəb olub. Siz bunun yarada biləcəyi risklərlə bağlı nə söyləyə bilərsiniz? Yeni qarşıdurmanın mümkün nəticələri nə ola bilər? Bu gərginliyin əsas səbəbləri nədir?
Pol Qobl: Fikrimcə, biz aydın şəkildə anlamalıyıq ki, indiyə qədər gördüklərimiz böyük müharibəyə və ya 44 günlük başqa bir münaqişəyə yol açan bir şeydən daha çox danışıqlar prosesinin bir hissəsidir. Müzakirələr irəlilədikcə, tərəflər müxtəlif şəkildə danışıqları davam etdirdikcə, hər iki tərəfdə həmişə bu və ya digər tərəfin daha çox gücə malik olduğunu nümayiş etdirməyə çalışması kimi bir vəziyyət olur. Bu həvəs təbii ki, Bakıda Yerevandan daha güclüdür, çünki Bakı istəsə hərbi əməliyyatlar keçirə bilər. Eyni zamanda, yeni müharibə, yeni böyük münaqişə baş versə, mən hesab edirəm ki, Azərbaycan bəlkə də öz təcili məqsədlərinə nail ola bilər, amma qazandığından daha çox itirə bilər. Bu da beynəlxalq təcrid vəziyyətində qalmaqdır. Belə bir fikir var ki, hər iki tərəf yaxın aylarda hansısa razılaşma əldə etməlidir. Ona görə də Azərbaycan hərbi əməliyyata başlasa, hesab edirəm ki, Fransa Ermənistana sözsüz ki, daha çox dəstək verə bilər. ABŞ və digər Qərb dövlətlərinin bu hərəkəti qınayacağını düşünürəm. Cənab Əliyev mümkündür Moskvada dəstək tapa bilər, amma indi bu elə də əhəmiyyətli deyil.
Mən güman edirəm ki, biz bunu xəbərlərdə göstərildiyi kimi, regionun bir neçə gün içində yeni müharibəyə yaxın olduğu, ya da ən azından iki ay əvvəl olduğundan daha yaxın olduğu kimi görməməliyik. Bu, mürəkkəb danışıqlar aparılan zaman və hər bir tərəfin özünə dəstək qazanmaq üçün resurslara malik olduğunu dünyaya nümayiş etdirdiyi halda baş verənlərin bir hissəsidir. Aydındır ki, əgər Bakı “bizim mövqeyimizlə razılaşsanız daha yaxşı olar, çünki bunu həyata keçirməyə gücümüz var” demək istəyirsə, bu, danışıqlar strategiyasının bir növüdür. Ermənistanın hərbi əməliyyatların tezliklə baş verə biləcəyini söyləmək üçün eyni dərəcədə əsaslı səbəbi var, çünki bu, Fransadan və bəlkə də digər Qərb ölkələrindən dəstək qazanmağın ən sürətli yoludur. İndiyə qədər gördüklərimə əsasən, prezident Əliyevin hazırda böyük hərbi hücuma keçməyi planlaşdırdığına inanmıram. Amma mən inanıram ki, bunu etmək istəyi həmişə var və danışıqlar davam etdikcə biz bunun daha çox şahidi olacağıq. Lakin mən buna yeni müharibəyə doğru addım kimi deyil, diplomatiyanın son oyunu kontekstində baxmağı tövsiyə edirəm.
Amerikanın Səsi: Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında bir neçə nəfərin ölümü ilə nəticələnən toqquşmalarla bağlı xəbərlərdən narahatlığını bildirib. Dövlət Departamentinin sözçüsü ABŞ-ın iki ölkə arasında sülh danışıqlarına sadiqliyini bir daha təsdiqləyib və münaqişənin yeganə həlli yolunun diplomatik danışıqlardan keçdiyini vurğulayıb. Bununla belə, danışıqlar keçən ilin yayından dayandırılıb və onların nə vaxt bərpa ediləcəyi məlum deyil. Mövcud vəziyyəti nəzərə alsaq, Birləşmiş Ştatlar sülh danışıqlarının asanlaşdırılmasında və hər iki tərəfin danışıqlar masası arxasına gətirilməsində hansı rolu oynaya bilər?
Pol Qobl: Birləşmiş Ştatlar hər zaman diplomatik həll prinsipinə sadiq qalıb. Ruslardan fərqli olaraq, ABŞ bu danışıqların ilk növbədə ikitərəfli, yəni Bakı ilə Yerevan arasında aparılması prinsipinə sadiq qalır, ABŞ-ın Rusiyanın nizamlanmanı [tərəflərə] qəbul etdirməsini istəmədiyi və ABŞ-ın özünün də nizamlanmanı [tərəflərə] qəbul etdirmək mövqeyində olmadığı prinsipinə əməl edir. Rəsmi danışıqların keçən ilin yayından dayandırıldığı doğru olsa da, müzakirələrdə səfirlərin masa arxasında oturmasının mütləq tələb olunmadığı da bir həqiqətdir. Onlar mediada yer ala bilər, pərdə arxasında baş verə bilər və mənim fikrimcə, bir sıra bu cür təmaslar və mübadilələr davam edir. Ona görə də onların rəsmi görüşlər keçirmədiyi faktını vurğulamazdım. Bunların davam edəcəyinə ümid edirəm. Mən inanıram ki, 30 ildir ki, bu problemin həlli xaricdən deyil, iki ölkə arasında razılaşma yolu ilə olmalıdır. ABŞ və Qərb dövlətlərinin danışıqlar yolu ilə həll prinsipini dəstəkləməyə davam etməsi vacibdir. Onlar hərbi əməliyyat təhlükəsinə diqqət çəkməklə, həm Bakı, həm də Yerevanın hərbi əməliyyatların aparılmasının bədəlinin faydalarından yüksək olduğunu dərk etmədikcə, bunun baş verməməsini təmin edə bilmək üçün fəaliyyət göstərəcəklər.
Amerikanın Səsi: Siz Rusiyanı qeyd etdiniz. Bəzi müşahidəçilər hesab edir ki, Rusiya hələ də Qafqaz regionunda əhəmiyyətli dərəcədə təsirini saxlayır. Bəzi müşahidəçilərin fikrincə, mart ayında Rusiya prezidenti Putinin növbəti müddətə seçiləcəyi gözlənilən prezident seçkilərindən sonra Moskva həm Azərbaycana, həm də Ermənistana təzyiqləri artıra bilər. Bununla bağlı fikirləriniz nədir? Rusiya belə olan halda hansı şəkildə təzyiq tətbiq edə bilər?
Pol Qobl: Rusiya hələ də orada hərbi qüvvələrini saxlayır. 44 gün sürən hərbi əməliyyatlardan sonra yerləşdirilən Rusiya sülhməramlıları adlandırılan qüvvələr hələ də oradadır. Rusiya hökuməti onların daimi olmasını istərdi. Bu, nə Bakıda, nə də Yerevanda populyar bir şey deyil. Ermənilərin Rusiya sülhməramlılarının erməniləri qoruyacağına inanmağa əsasları yoxdur. Onlar keçən ilin sonunda baş verənlərə görə özlərini xəyanətə uğramış kimi hiss edirlər. Azərbaycanlılar öz ərazilərində Rusiya qoşunlarının olmasını həqiqətən də istəmirlər. Ona görə də məhdudiyyətlər var. Moskva hər iki paytaxtda təsirini artırmaq istəyə bilər. Mən şəxsən hesab edirəm ki, Moskvanın başqa yerlərdə kifayət qədər problemləri var, ilk növbədə, Ukraynada və istəsə belə, bunu edə bilməyəcək. Belə vəziyyətlərdə imkanlardan tutmuş niyyətlərə qədər mülahizələr irəli sürməyin ciddi təhlükəli tərəfləri var. Rusiyanın quruda hərbi qüvvələrinin olması faktı tez bir zamanda Rusiyanın onlardan səmərəli istifadə edə biləcəyi haqda fikrə çevrilir. Şəxsən mən hesab edirəm ki, prezident Əliyev bu qüvvələrin beş illik səlahiyyət müddəti bitəndə və hətta ondan da tez çıxarılmasında israr edənlərin sırasında olacaq. Və məncə, indi MDB-dən çıxmaq üzrə olan ermənilərin bu gedişi ləngitmək üçün hər hansı bir addım atacaqlarını düşünməyə əsas yoxdur. Əslində, hesab edirəm ki, Ermənistan Müstəqil Dövlətlər Birliyini tərk etdikdən sonra Yerevanda Gümridəki Rusiya bazasının bağlanmasını tələb edən qüvvələrin meydana çıxması ehtimalı çox yüksəkdir.
Amerikanın Səsi: Digər xəbərlərdə bildirilir ki, Rusiyanın Azərbaycandakı səfiri Moskva və Bakının Qarabağda sülhməramlı qüvvələrin mövcudluğu ilə bağlı qarşıdakı müzakirələrin detallarını yekunlaşdırdığını bəyan edib. Rusiya həmçinin bildirib ki, Azərbaycanla Qarabağın erməni əhalisinin regiona təhlükəsiz qayıtması imkanlarını müzakirə edir. Rusiyanın Qarabağla bağlı planları nədən ibarətdir?
Pol Qobl: Mənim fikrimcə, ruslar bu Rusiya qüvvələrinin saxlanmasını istəyirlər. Düşünürəm ki, onların işi yekunlaşdırdıqları ilə bağlı dedikləri ilk gündən söyləyəcəkləri bir şey idi. Azərbaycanlıların açıqlamalarına əsaslanaraq, məncə, çox da irəliləyiş əldə olunmayıb. Rusiya qüvvələrinin ermənilərin Qarabağ bölgəsinə qayıtmasına nəzarət etməyə kömək edəcəyi ilə bağlı iddialara gəlincə, hesab edirəm ki, bu, Moskva tərəfindən Yerevanda xal qazanmaq cəhdidir. Mən bunu ciddi variant kimi görmürəm.
Mənim fikrimcə, Bakı Qarabağda daha çox erməninin qalması üçün xüsusi səy göstərməməklə öz maraqları baxımından fundamental səhvə yol verib. Çünki ermənilər çox uzun müddətdir Qarabağda yaşayırdılar. Onların demək olar ki, hamısının ölkəni tərk etməsinə səbəb olan şey dünyanın qalan hissəsi üçün etnik təmizləmə kimi görünür. Bu, Azərbaycanın reputasiyasına qara ləkə vuracaq. Düşünürəm ki, onları saxlamaq, bəzilərini orada saxlamaq üçün daha çox çalışmaq daha yaxşı olardı. Mən prezident Əliyevin 44 günlük müharibəni Xankəndinə və ya Stepanakertə daxil olmadan və (onun qüvvələri bunu asanlıqla edə bilərdi) başa vurmaqla çox müdrik qərar qəbul etdiyini düşünürəm. Çünki bunun erməni icmasının bir hissəsinin Azərbaycan ərazisində qalmaqda davam etməsi üçün hələ də [imkanların] açıq saxlanması kimi effekti var idi. Bu, Azərbaycanın məqsədlərinə çox yaxşı xidmət edərdi. Düşünürəm ki, prezident Əliyev aydın şəkildə bildirmişdi ki, əgər ermənilər Azərbaycanda yaşamaq istəsələr, Azərbaycan vətəndaşı ola bilərlər. Ermənilərin çoxu bunu qəbul etməyə hazır deyil. Amma fakt budur ki, nizamlanmaya nail olmaq üçün Cənubi Qafqazın digər ölkələrində və ya başqa yerlərdə oxşar və analoji razılaşmalar tələb olunacaq.
Mənim fikrimcə, vacib olan odur ki, biz sərhədlərdə hərbi manevrlərə həmişə münaqişənin əlaməti kimi baxmamalıyıq. Bəzən bu, müzakirəçilərə təzyiq göstərilməsi ilə bağlı olur. Və onlar danışıqlar masası ətrafındadırlarsa danışıqlar aparırlar, masa ətrafında olmadıqda isə danışıqlar aparılmır kimi analayış da səhvdir. Hesab edirəm ki, bunun mürəkkəb, çoxsəviyyəli danışıqlar olduğunu başa düşmək vacibdir və ümid edirəm ki, bütün səviyyələrdə ikitərəfli müzakirələr çox sürətlə davam edəcək.