Paşinyan “qırmızı xətt”i keçir – Medvedyevlə əldə edilmiş anlaşma pozulur
22-02-2024, 10:41
Politoloq Elşən Manafov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan açıq şəkildə bildirdi ki, Rusiya-Ukrayna məsələsində biz Moskva ilə müttəfiq deyilik, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Rusiya tərəfi bunu etirazla qarşıladı. Paşinyanın bu məsələni gündəmə gətirməsi nə ilə bağlıdır?
- Paşinyanın bu mövzuya qayıtması əslində Rusiya ilə münasibətləri Qərbin sifariş etdiyi bəlli müstəvi üzərinə gətirməsi üçün növbəti addımdır. Böyük ehtimalla Paşinyan yaxın perspektivdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə yenidən baxa biləcəyi ilə bağlı mövqe sərgiləyəcək. Hələlik Ermənistanın bu təşkilatla bağlı münasibətlərinə xitam verib və ya verməyəcəyini söyləmək bir qədər çətindir. Amma hadisələrin gedişatı göstərir ki, Paşinyan Qərbdən təhlükəsizlik kəmərləri ilə bağlı ciddi zəmanətlə alacağı təqdirdə, məlum təşkilat ilə münasibətlərinə yenidən baxacaq. Ola bilsin ki, Ermənistan həmin təşkilatın tərkibindən çıxsın. Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə münasibətlərinə də baxacağı istisna deyil. Çünki Paşinyan bu günlərdə bəyan edib ki, Qazaxıstan və Qırğızıstanla münasibətlərimizi ikitərəfli rakursda da genişləndirib, inkişaf etdirə bilərik. Bu isə Ermənistanın, ümumiyyətlə Avropa İqtisadi Birliyi ilə münasibətlərə önəm verməsi kimi qəbul oluna bilər. Paşinyan birliyin keçən ilin sonunda Peterburqda keçirilən sammitinə qatılmışdı.
Belə məlum oldu ki, Ermənistanın keçən il üçün Rusiya və Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərlə ticarət dövriyyəsi əhəmiyyətli şəkildə artıb. Ona görə də istisna etmək olmaz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatından çıxa biləcəyi halda, Rusiya ilə münasibətləri tam olaraq Ermənistanın xeyrinə olmaması fonuna gətirməmək üçün Paşinyan Avrasiya İqtisadi Birliyində qalsın. Nəzərə almaq lazımdır ki, Avrasiya İqtisadi Birliyi ilə İran arasında azad ticarət zonasının yaradılması barədə məhz həmin sammitdə, keçən ilin dekabrında razılıq əldə olundu. Azərbaycan bu birliyinin üzvü olmadığı üçün Ermənistan təbii ki, birlik ölkələrinin İran arasında azad iqtisadi ticarət zonasının həyata keçirilməsində vasitəçi dövlət olaraq düşünülə bilər. Ermənistan onun üçün bu iqtisadi imkandan bundan sonra da istifadə etmək qərarında olacaq. Amma bütövlükdə artıq Rusiya da Ermənistanla əvvəlki illərdə əldə edilmiş bir sıra razılıqların yerinə yetirilməsi istiqamətində addımlar atıb.
Söhbət 2021-ci ildə bu iki ölkə arasında Ermənistan ordusunun məlum silahların təchizi ilə bağlı məsələlərdən gedir. İrəvan həmin silahların ona ötürülməsi ilə bağlı maliyyə xərclərini ödədiyi halda silah-sursatların böyük əksəriyyəti Rusiya tərəfindən Ermənistana verilməmişdi. Amma artıq bu işə də start verilib. Güman edirəm ki, Ermənistan Rusiya ilə hərbi texniki sahədə əməkdaşlığı davam etdirə bilər. Hazırda Ermənistan Hindistan və Fransa ilə bu sahədə əməkdaşlıq imkanlarını genişləndirir. Rusiya ilə münasibətlərdə Ermənistanın xeyrinə olmayacaq hadisələrin inkişafına yol verməmək üçün ola bilsin ki, Paşinyan Rusiya ilə hərbi texniki sahədə əməkdaşlığın perspektivlərinə baxsın və onu daha da genişləndirsin.
- Bəs Rusiyadan aralanmaq istəyən Ermənistanın bu məqsədinə çatması ehtimalı nə qədərdir?
- Rusiyanın dairəsindən çıxması üçün bölgədəki geosiyasi reallıqlar, Ermənistanın durumu hələlik buna imkan vermir. Çünki Ermənistanın dövlət sərhədlərinə nəzarəti Rusiya həyata keçirir. Ermənistanın paytaxtında hava limanında nəzarət Rusiya sərhədçiləri tərəfindən həyata keçirilir. Ermənistan iqtisadiyyatında rusların təsir imkanları kifayət qədər böyükdür. Amma bir amili də qeyd edim ki, Ermənistanda yeni konstitusiya islahatları keçirə biləcəyi ilə bağlı məsələ var.
Ermənistan Azərbaycanla münasibətlərdə mövcud problemlərin nizama salınması üçün istiqlal bəyannaməsindən imtina edib. Konstitusiyada Azərbaycan və Türkiyəyə olan ərazi iddiaları götürükəcək. Eyni zamanda Ermənistan qəbul olunacaq yeni konstitusiyada özünü bitərəf dövlət elan edə bilər. Bitərəf dövlət olacağı təqdirdə, Ermənistanın konstitusiyaya istinad edərək Rusiyadan hərbi bazaların çıxarılması ilə bağlı mövqe sərgiləmək hüququ olacaq. Amma bir amil də var ki, Ermənistanın bitərəf dövlət kimi qalması və Qərbin təhlükəsizlik sisteminə, NATO-ya inteqrasiya olunmayacağı ilə bağlı vədləri də Rusiyanı qane edə bilər. Əgər Ermənistan gərçəkdən bitərəf dövlət olacaqsa, geosiyasi anlamda Rusiya Ermənistanın bu addımını bəyənə bilər. Bu kontekstdə artıq Rusiya bazalarının Ermənistanda qalıb-qalmayacağı ilə bağlı məsələlər dövlətlərarası danışıqların gedişində həllini tapa bilər.
Gümrüdəki bazaların 2044-ci ilə qədər Ermənistan ərazisində qalması ilə bağlı Dmitri Medvedyevin prezidentlik müddətində əldə edilmiş razılıqlar olub. Paşinyan yaxın perspektivdə Qərbdə olan havadarlarını ABŞ-ni təmin etmək üçün bu addımı ata bilər. Bir məqam da var ki, ABŞ-də Prezident seçkilərində Trampın qalib gələcəyi təqdirdə, nəinki Ukrayna iqtidarı, Paşinyanın özü üçün də Rusiya ilə münasibətlərə yenidən baxmaq məsələsində əyləc mexanizm rolunda çıxış edə bilər. Trampın qələbəsi artıq Paşinyanı bu kimi addımlar atmaqdan çəkindirəcək.
- Ermənistanın Rusiyaya qarşı demarşlarına Moskva hansı cavabları verə bilər?
- Rusiyanın Ermənistana təsir etmək üçün ciddi rıçaqları var. Bu rıçaqlar ilk növbədə Ermənistanın Rusiyadan olan enerji təhlükəsizliyi ilə bağlı amilləri özün ehtiva edir. Paşinyan İlk növbədə bunu götür-qoy etməlidir. Ermənistanın enerji təhlükəsizliyini Rusiyasız təmin edə biləcəkmi? İran variantı üzərində düşünmək olar. Lakin bir amil də var ki, regionun təhlükəsizlik problemlərinə münasibətdə İran və Rusiyanın mövqeyi üst-üstə düşür. Yəni 3+2 formatında Azərbaycan və Türkiyə birlikdə regionun təhlükəsizlik problemlərinin həllində maraqlıdır. Bu formula isə Ermənistanın can atdığı və əməkdaşlıq etdiyi Qərbi qane etmir. ABŞ bu formatı qəbul etmir. Çünki 3+2 formatı Qərbin regionda cərəyan edən hadisələrə müdaxiləsinin qarşısını alır.
Ermənistan Rusiya ilə enerji təhlükəsində yaranmış problemləri İran hesabına həll etmək istəsə, şübhəsiz ki, İran bu geosiyasi anlamda bu zəmanətlərin verilməsini tələb edəcək. Ermənistan belə zəmanətləri ancaq Qərb ilə götür-qoy edəndən sonra verə bilər. Ermənistanın iqtisadiyyatı, infrastrukturu, dəmir yolları bütünlüklə Rusiyanın məlum şirkətlərinin nəzarəti altındadır. Bu baxımdan Ermənistanın qısa zaman kəsiyində Rusiyanın təsir dairəsindən çıxacağı inandırıcı görünmür. Əgər Qərb Ermənistana Paşinyan iqtidarının gözlədiyi kreditləri ayırarsa, İrəvana Moskvadan olan basqı müqabilində ciddi təhlükəsizlik zəmanətləri verərsə, Ermənistandan fərqli addımları müşahidə edə bilərik. Amma bunun üçün vaxta az qalıb. Vladimir Zelenski kimi Paşinyan da seytnota düşə bilər. Çünki Trampın seçkilərdə qalib gəlmə ehtimalı böyükdür.
Ermənistan Ukraynadan fərqli olaraq, Avropaya yaxın deyil. Ermənistan Türkiyə ilə münasibətlərdə gərginliyi aradan qaldırmalıdır. İranla münasibətlərdə heç nə Ermənistanı qane edən vəziyyətdə deyil. Bu kontekstdə Ermənistan Qərbdən hansı zəmanətlər alır alsın. Zamanında Ukraynaya da belə zəmanətlər verilmişdi. Amma biz artıq Ukraynada müharibənin yaxın zamanda sonlanacağı ilə bağlı anonslar verə bilərik. Ukrayna dövlətinin qalıb-qalmaması ilə bağlı məsələ özü şübhə altındadır. Avropanın bəlli dairələri artıq Ukraynanın məğlub olacağı təqdirdə onların torpaqları iddiaları ilə bağlı məsələləri qaldırıblar. Bütün bunlar Paşinyan üçün ibrət olmalıdır. Ermənistanın Ukrayna ilə müqayisədə elə bir ciddi resursları, iqtisadi potensialı, sərvətləri yoxdur. Geosiyasi dəstək də indiki anlamda Ermənistanın karına gəlməyə bilər. Çünki bəlli məsələlərə görə, Ermənistan coğrafi anlamda Qərbdən çox uzaqdır. Bu kontekstdə Rusiyanın Ermənistan iqtidarı ilə münasibətləri Moskvanı qane edə biləcək vəziyyətə gətirmək üçün imkanları kifayət qədər müxtəlif çeşidlidir.