Çərçivə sazişinin mətni razılaşdırılır: XİN başçılarının görüşü üçün... - Kritik gəlişmə

22-02-2024, 11:46           
Çərçivə sazişinin mətni razılaşdırılır: XİN başçılarının görüşü üçün... - Kritik gəlişmə
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Münxendə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş oldu. Tərəflər sülh razılaşması və sərhədlərin dəqiqləşməsi ilə bağlı Xarici İşlər Nazirliklərinə təlimatların verildiyini açıqladılar. Sizcə, Qərb müstəvisində yenidən aktiv danışıqların bərpası mümkün olacaqmı?

- Bu, əslində vasitəçilik müstəvisində baş tutan görüş deyil. Sadəcə olaraq xoş niyyətli xidmətlərdən biri kimi dəyərləndirilir. Bu görüşdə üçüncü tərəf iştirak etməyib. Burada əldə edilən razılıqlar və problemlər şərh olunmur. Sadəcə olaraq gərginlikdən sonra (Ermənistanın son təxribatı) Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü müsbət bir hadisədir. Bu, mövcud gərginliyin səviyyəsini aşağı salır. Eyni zamanda iki tərəf üçün ən optimal danışıqlar müstəvisi bu bölgənin olması ideyası bir daha təsdiq olunur. Üç istiqamətdə danışıqlar formatı mövcuddur. Sərhədlərin dəqiqləşməsinə aid komissiyaların 6-cı görüşü olub. Baş nazirlərin müavinləri səviyyəsində kommunikasiyalara aid görüşlər keçirilir.

- Xarici işlər nazirlərinə Münxendə verilən təlimat onların bölgədə görüşü üçün nə dərəcədə əsas yarada bilər?

- Bununla bağlı informasiyalar var. Birbaşa olaraq bölgədə hər iki ölkənin XİN rəhbərlərinin görüşünün keçirilməsi mümkündür. Onlar çərçivə sülh sazişinin mətninin razılaşdırılmasını bu danışıqlarda həll edə bilər. Münxen görüşünün nəticələrinə uyğun olaraq bu müstəvidə danışıqların aparılması mümkündür. Sözsüz ki, bir neçə saatlıq görüşdən bundan böyük nəticələri gözləmək də düzgün deyil.

- Avropa İttifaqının, ABŞ-nin indiki halda fəallığı daha çox nəzərə çarpır. Sizcə, onların canfəşanlılğı nə ilə ilə bağlıdır? Sülh prosesində yer almaq üçüncü tərəflərə nə vəd edir?

- Söhbət burada kiminsə vasitəçilik təklifindən getmir. Rusiya keçmiş sovet ordusunun baş qərargahında olan xəritələr əsasında Azərbaycanla Ermənistan arasında vasitəçilik təklif edir. Digərləri ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Bakının vasitəçiliklə bağlı iradəsi ortadadır. Azərbaycan bölgədə qarşı tərəflə təkbətək danışıqlar aparmağa hazırdır. Bunun təcrübəsi də var. Ümumilikdə isə bu məsələnin beynəlxalq gündəmdən çıxarılması sülhün əldə olunmasına xidmət edəcək. Çünki burada vasitəçi kimi çıxış edən üçüncü tərəflər ancaq öz maraqlarını güdürlər. Məqsəd bölgədə hansısa bir mövqe əldə etməkdir.

- “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları beynəlxalq dəstəyə malik deyil” - deyə bundan imtina edilir. Bir ölkənin digər dövlətə qarşı torpaq iddiası hansı halda beynəlxalq birlik tərəfindən dəstəklənə bilər? Burada president nədir?

- Azərbaycana qarşı ərazi iddiaları Ermənistan dövlətininin rəsmi siyasətinin vacib bir hissəsi kimi qəbul edilir. Erməni tərəfi Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiasındadır. Bu müxtəlif səviyyələrdə bəyan edilib. Məhjz bunun nəticəsi kimi vaxtilə Azərbaycana qarşı Ermənistan tərəfindən hərbi təcavüz edilib. Erməni ordusu Azərbaycan ərazisində saxlanılıb. İşğal, etnik təmizləmə siyasəti həyata keçirilib. Bunu inkar etmək olmaz. Sadəcə olaraq bu fikrin müəllifi olan Nikol Paşinyan auditoriyaya demək istəyir ki, onları bu yolda heç kəs dəstəkləmir. Ona görə də, bu siyasətin Ermənistan üçün müsbət nəticəsinin olmayacağı qeyd edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.