Hikkəli çar və siyasi qətllər ölkəsi – “Onu dayandırmaq lazımdır”

23-02-2024, 07:37           
Hikkəli çar və siyasi qətllər ölkəsi –
Şahin Cəfərli: “Müxalif liderin ölümü birbaşa Putinin təlimatı ilə həyata keçirilib”

Rusiya müxalifətinin lideri, Korrupsiyaya Qarşı Mübarizə Fondunun həbsxanada ölən rəhbəri Aleksey Navalnının vəfatı ətrafında dünyada müzakirələr davam edir. Beynəlxalq ictimaiyyət Navalnının ölümünü “Kreml rejiminin növbəti siyasi qətli” adlandırır.

Rusiya isə bununla razılaşmır. Ölkə rəsmiləri iddia edirlər ki, Navalnı səhhətində yaranan ani problem – qan laxtalanması səbəbindən dünyasını dəyişib. Rusiya hakimiyyətinin nümayəndələri və Kreml təbliğatçıları Navalnının qətlə yetirilməsinin Rusiya Prezidenti Vladimir Putinə lazım olmadığı fikrini təbliğ etməkdədirlər.

Əksər Qərb ölkələrində Rusiyanın səfirləri Xarici İşlər Nazirliyinə çağırılır, Navalnının ölümü ilə bağlı izahatlar istənilir. Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Cozef Borel bu günlərdə Kremlə müraciət edib ki, müxalifət liderinin ölümü ilə bağlı beynəlxalq araşdırma aparılmasına icazə verilsin. Kreml isə Borelin bu çağırışına “yox” deyib.

Qeyd edək ki, Navalnı fevralın 16-da cəza çəkdiyi islah koloniyasında ölüb. Rusiya Federal Penitensiar Xidmətin Mətbuat Mərkəzinin məlumatına görə, müxalifətçi Vladimir vilayətindən gətirildiyi Xantı-Mansiysk Muxtar Dairəsində, Xarp kəndinin islah müəssisəsində cəza çəkirmiş. Bildirilib ki, Navalnının gəzintidən sonra halı qəfil pisləşib. Həkimlər onu həyata qaytara bilməyiblər.

“Məhkum Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib, təcili tibbi yardım briqadası çağırılıb. Bütün lazımi reanimasiya tədbirləri görülüb, amma müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, 2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi Navalnıya 19 il həbs cəzası verib. O, ekstremist fəaliyyəti maliyyələşdirməkdə, ekstremist fəaliyyətə ictimai çağırışlarda və azyaşlıları həyatları üçün təhlükəli fəaliyyətlərə cəlb etməkdə təqsirli bilinib.

Navalnının rəhbəri olduğu Fondun nümayəndələri və müxalifətçinin tərəfdarları bildirirlər ki, bu, Kreml rejiminin siyasi qətlidir. Başda müxalifətçinin xanımı Yuliya Navalnaya olmaqla, siyasətçinin silahdaşları mübarizələrinin davam edəcəyini vurğulayıblar.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli də hesab edir ki, bu hadisə siyasi qətldir:

- Onun ölümünü həbsxanada sıradan vəfat kimi qiymətləndirmək tamamilə yanlış olardı. Düzdür, ola bilsin ki, onun ölümü orqanizmindəki hansısa proseslərdən olub, tibbi səbəblərdən dünyasını dəyişib. Amma aydındır ki, bu ölümün səbəbi onun həbs olunması, həbxsanada həm fiziki, həm də mənəvi işgəncələrə məruz qalması ilə əlaqədardır. Məsələn, Navalnı həbs müddətində 27 dəfə təkadamlıq kameraya salınıb, 300 gündən artıq belə kamerada cəza çəkib. Təkadamlıq kamerada isə çox ağır şərait mövcuddur. Bəllidir ki, Navalnının səhhətində yaranan problemlər də məhz həmin ağır şəraitdə saxlanılması nəticəsində pozulub.

Uzağa getmək lazım deyil, 2020-ci ildə Navalnı Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən “noviçok”dan, faktiki kimyəvi silahdan istifadə edilərək zəhərləndi. Ölüm ayağında Almaniya müdaxilə etdi, o vaxtkı Kansler Angela Merkelin göstərişi ilə Almaniyaya müalicəyə aparıldı, orada sağaldı. Sağaldıqdan sonra Navalnı Rusiyaya qayıtmaq kimi çox cəsur bir qərar verdi. Bu adam faktiki bilirdi ki, Putinin təlimatı ilə öldürülməsi əmri verilmişdi, amma alınmadı. Yəni Navalnı öldürülmək istənildiyi ölkəsinə qayıtmaq qərarı verdi və hesab edirdi ki, müxalifət lideridirsə, öz ölkəsində olmalı, mübarizəsini orada davam etdirməlidir. Demək istədiyim odur ki, Kreml rejiminin onu öldürmək istədiyi aydın idi.

- Belə sual var: Navalnıya kifayət qədər cəza kəsilmişdi və o, illərlə həbsxanada yatacaqdısa, bu halda Rusiya hakimiyyətinin onu öldürmək nəyinə lazımdır?

- Birincisi, bu, Rusiyanın indiki rejiminin, Putin hakimiyyətinin mahiyyətidir. Nəzərə almaq lazımdır ki, bu, Rusiyada ilk siyasi qətl deyil, yəqin ki, son da olmayacaq. Bundan əvvəl Boris Nemtsov kimi parlaq siyasi lider, müxalifətçi Kreml divarları yaxınlığında güllələnərək qətlə yetirilmişdi. Aydındır ki, belə siyasətçilərin öldürülməsindən Putinin xəbərinin olmaması tamamilə qeyri-mümkündür. Daha əvvəl nə qədər jurnalist, rejimə qarşı etiraz edən fəal öldürülüb. Demək istəyirəm ki, qətllər Rusiya siyasətində adi hala çevrilib. Bu baxımdan Navalnının ölümünü siyasi qətl saymaq olar.

Navalnının həbsxanadakı saxlanma yerini dəyişmək, Rusiyanın ən ucqar, ən şəraitsiz, ən soyuq yerindəki həbsxanaya göndərmək təsadüfi deyildi. Məqsəd məhz Navalnını öldürmək idi. Müxalifətçiyə qarşı Rusiya hakimiyyəti tərəfindən xüsusi amansızlıqla davranış nümayiş olunub. Yəni Rusiya hakimiyyətinin onu aradan götürmək məqsədi əvvəldən var idi. Onun ölümü birbaşa Putinin təlimatı ilə həyata keçirilib və bu, açıq-aşkar ortadadır.

Məsələ burasındadır ki, Kreml hesab edir ki, Putin rejimini tənqid edən olmamalıdır, Putinə qarşı müxalifətdə dayanmaq olmaz. Eyni zamanda, Rusiyanın etirazçı kəsiminə, ümumiyyətlə, cəmiyyətinə başqa birisinin lider olmasını Putin rejimi istəmir. Navalnını aradan götürməklə Putinə alternativ aradan götürülmüş oldu. Ona görə də iddia etmək ki, bu, Putinin nəyinə lazımdır, yanlış yanaşmadır. Düzdür, Putin çıxışlarında Navalnının adını çəkmirdi, guya ona xırda fiqur kimi baxırdı, haqqında danışarkən “o adam” ifadəsini səsləndirirdi, amma özü də bilirdi ki, alternativi Navalnıdır. Navalnı Nemtsovun qətlindən sonra Rusiya siyasətində ən parlaq müxalif siyasətçi idi və Putin bunu qəbul edə bilməzdi.

- Haqlı tənqidlərdən biri də ondan ibarətdir ki, Navalnı da Putin kimi millətçi və imperialist düşüncəli siyasətçi idi və Rusiyanın başına keçərdisə, fərqli siyasət aparmayacaqdı. Yəni dünya üçün indiki Kreml rejiminin siyasətindən fərqli siyasət yürütməyəcəkdi. Bununla razısınız?

- Yox, tam olaraq elə deyildi. Düzdür, əvvəllər imperialist düşüncələri var idi və millətçi kəsimlə bir yerdə idi, millətçi bəyanatlar səsləndirirdi. Hətta Gürcüstan ərazilərinin işğalına haqq qazandıran açıqlamaları olmuşdu. Rusiyadakı bütün gürcülərin ölkədən çıxarılması təşəbbüsünü irəli sürmüşdü. Eyni zamanda, Krımın Rusiya torpaqları olduğunu demişdi. Amma son illərdə siyasi düşüncələrində dəyişiklik var idi, ritorikasını tamamilə dəyişmişdi. Demokratik islahatların vacibliyindən danışırdı. Hətta həbsxanada videomüraciətində Rusiyanın Ukraynaya qarşı müharibəsini işğalçı müharibə adlandırmışdı, Krımın Ukrayna ərazisi olduğunu söyləmişdi. Bu mənada, demək olmaz ki, Navalnı hakimiyyətə gəlsəydi, Putin rejimindən fərqli olmayacaqdı. Bütün hallarda isə bir siyasətçiyə, müxalif liderə qəddarcasına davranış, onu öldürmək Putin rejiminin nə qədər amansız, dünya üçün təhlükəli olduğunu göstərdi.

- Navalnının ölümündən sonrakı Rusiya müxalifətinin vəziyyətini necə təsəvvür edirsiniz?

- Tərəfdarları onun siyasətinin davam etdiriləcəyini, mübarizənin sonadək aparılacağını bəyan ediblər. Navalnının rəhbəri olduğu Korrupsiyaya Qarşı Mübarizə Fondu fəaliyyətini davam etdirəcək və etirazçı kəsimin rəğbəti qalacaq. Eyni zamanda, Navalnının xanımı Yuliya Navalnaya ərinin fəaliyyətini davam etdirəcəyini üzərinə götürdüyünü açıqladı. Navalnaya Alekseyin ölümündə birbaşa Putini ittiham etdi və mübarizənin sonadək davam edəcəyini vurğuladı. Rusiya cəmiyyətindən də, sivil dünyadan da bu mübarizəsinə dəstək göstərilməsini xahiş etdi. Yuliya Navalnayanın Münhen Təhlükəsizlik Konfransına dəvət alması, orada cəsarətli çıxış etməsi sıradan hadisə deyil. Düzdür, Putin rejimi sərt diktaturadır və onunla mübarizə aparmaq çətindir. Amma dəstək olarsa, mübarizə aparmaq mümkünsüz deyil. Sadəcə dünya birliyi Rusiya müxalifətinə köməyini göstərməlidir.

- Sizcə, dünya dövlətləri, əsasən də Qərb kömək edəcəkmi?

- Navalnının ölümü Rusiyada hansı rejimin olduğunu dünyaya bir daha xatırlatdı. Dünya liderlərinin, dünya siyasətçilərinin Navalnının ölümü ilə bağlı reaksiyaları oldu, Putin rejiminə çağırışlar edildi. Amma məncə, yetərli deyil. Ciddi köməklik göstərilməlidir, eyni zamanda, qəddar və faşist Putin rejiminin çöküşü üçün bütün vasitələrdən istifadə edilməlidir. Məsələn, bu gün Ukraynadan Rusiya ilə danışıqlar masasına əyləşməyi tələb edən ölkələr, siyasətçilər, çevrələr bir daha düşünməlidir. Kiyev kiminlə masaya otursun, ölkəsinin siyasi xadimini istədiyində qətlə yetirən Putin rejimi ilə?!

Özünü demokratik dünyanın lideri hesab edən ABŞ-ın, Qərbin vəzifəsi o olmalıdır ki, Ukraynanı Putin rejiminin hücumundan qorusun. Kiyevi danışıqlara səsləmək əvəzinə lazım olan hərbi yardımlar edilməlidir ki, faşist Putin rejimini dayandırmaq və çökdürmək mümkün olsun. Aydındır ki, Putin dayandırılmasa, sakitləşən deyil, öz işğalçı siyasətini davam etdirəcək. Putin xəstə millətçi və imperialistdir. Bu imperiyanın çökməsi, dağılması üçün dünya tərəfindən bütün addımlar atılmalıdır.

Müəllif: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.