Fransa Ermənistanı riskə atır

24-02-2024, 10:19           
Fransa Ermənistanı riskə atır
Parisin regiona müdaxilə cəhdləri yeni eskalasiyaya səbəb ola bilər

– Siz Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılmasını və Ermənistanın Moskvanın dominantlıq etdiyi KTMT-dən çıxmasını düşünürsünüzmü?


– 2021-22-ci illərdə KTMT-nin Ermənistan Respublikasına reaksiyası reallığa uyğun gəlmirdi və bu, bizim tərəfimizdən təsirsiz qala bilməzdi. Praktikada bu gün KTMT-də iştirakımız faktiki olaraq dondurulub. Sabah nə olacağını görəcəyik.

– Bəs Rusiya hərbi bazası?

– Rusiya hərbi bazası KTMT müqaviləsi çərçivəsində deyil, Ermənistan Respublikasının ərazisində yerləşir, bu, tamam başqa hüquqi və müqavilə əsasıdır və bu məsələ gündəmdə deyil”.

Bu, Ermənistanın Baş naziri Nikol Paşinyanın “France 24” agentliyinə müsahibəsinin ajiotaja səbəb olan hissəsidir. Bu açıqlamaya davam olaraq adıçəkilən təşkilatın Baş katibiliyindən verilən reaksiyada bildirilib ki, Ermənistan təşkilatda öz fəaliyyətini dondurması barədə rəsmi müraciət etməyib. Eyni məzmunlu açıqlamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da səsləndirib:

“Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvanın KTMT-yə üzvlüyünün dayandırılması ilə bağlı bəyanatlarını hələlik müzakirə etməyib”.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə “Sputnik Ermənistan”a açıqlamasında Ermənistanın yanlış və təhlükəli yolda olduğunu deyib:

“Rusiya Qərb dövlətlərinin, ABŞ və onun peyklərinin Moskva ilə bağlı regionda geosiyasi problemlərini həll etmək üçün Ermənistana təzyiq göstərdiyini başa düşür. Müəyyən suallar var, narahatlıq var, çünki bəzən diversifikasiya kursu istər-istəməz Rusiyadan xeyli dərəcədə uzaqlaşma kimi qəbul edilir. İki ölkə arasında müttəfiqlik və qardaşlıq münasibətlərini saxlamaq və gücləndirmək vəzifəsi daşıyan bir səfir kimi, bu cür tendensiya məndə narahatlıq doğurur”.

Diplomat Ağ ev administrasiyasının, xüsusən də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndələrinin son illər və aylarda verdiyi bəyanatları xatırladıb. “Amerikalılar Ermənistanla münasibətləri açıq şəkildə Rusiya və İranın təsirinə qarşı mübarizə kontekstində qururlar”, – o əlavə edib. Kopırkinin sözlərinə görə, o, Ermənistan rəhbərliyindən bu məsələ ilə bağlı heç bir şərh eşitməyib.

Qeyd edək ki, Ermənistan rəhbərliyi 2023-ü ilin mart ayından KTMT-də qeyri-müəyyənlik yaradıb və təşkilatın İrəvanda keçirilən sammmitində qəbul olunan 10-a yaxın sənədi imzalamayıb. Təşkilatın Baş katibi ötən ilin sonunda sənədləri imzalamaq üçün İrəvana gətirsə də, Paşinyan onu qəbul etməkdən imtina edib və sənədələr hələ də Ermənistan XİN-dədir. Baş nazirin “KTMT-də iştirakımız dondurulur, amma Rusiya hərbi bazaları ilə bağlı gündəm yoxdur” açıqlaması Kremli sakitləşdirmək məqsədi daşıyır. Əlbəttə, regiondakı və Ermənistandakı mövcud şərtlər İrəvanın Rusiyanın hərbi-siyasi təsir dairəsindən çıxmasına imkan vermir. Görünür, Paşinyan komandası tədricən, “təhlükəsizlik çətirini diversifikaiya ermək” bəhanəsi ilə prosesi aparmağa çalışır. Daha sonra növbə Ermənistandakı rus hərbi bazalarına və sərhədlərin Rusiya FSB-si tərəfindən mühafizə olunması ilə bağlı müqavilələrə yenidən baxılmasına gələ bilər. Məlumatlara görə, Paşinyan komandasının hazırladığı yeni konstitusiya layihəsində ölkənin neytral status əks olunub ki, bu da Rusiyanın Ermənistanda hərbi iştirakına yol vermir.

Paşinyan Parisdə olduğu ərəfədə Fransanın müdafiə naziri Sebastyan Lekornunun İrəvana gəlməsi də Qərblə razılaşdırılmış planın sürətli icra olunmasında xəbər verir.

Qeyd edək ki, erməni həmkarı Suren Papikyanla görüşdən sonra keçirilən mətbuat konfransında erməni nazir deyib ki, Azərbaycanla sülh müqaviləsi bağlanandan sonra regionda hansı mühitin formalaşmasından asılı olmayaraq, Ermənistan Silahlı Qüvvələri müdafiə xarakterli silah və sursatların alınmasını davam etdirəcək. O, qeyd edib ki, Ermənistan öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün silah alır. Nazir vurğulayıb ki, alınan silahlar heç bir ölkəyə qarşı yönəlməyib:

“Təbii ki, eskalasiya təhlükəsi var və bu təhlükə Azərbaycanın indiki ritorikasında özünü göstərir. Bu mənada Ermənistan özünü qorumağa borcludur”.

Sebastyan Lekornu isə bildirib ki, Fransa, lazım gələrsə, Ermənistana yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemləri verəcək. Nazir xatırladıb ki, daha əvvəl Ermənistana MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqların aparıldığı barədə məlumat verilmişdi. Fransa Senatında isə “Sezar” özüyeriyən artilleriya sisteminin tədarükü imkanları müzakirə edilib.

Fransalı nazir özü ilə bərabər İrıvana “Ground Master” radarları (GM200) və gecəgörmə cihazları gətirilib. “Thales” Korporasiyası tərəfindən istehsal olunan radarlar 250 km radiusda hava obyektlərinin tanınmasına imkan verir. Ötən il Fransa Ermənistana 24 “Bastion” tipli zirehli transportyor verib, daha 26-sı isə istehsal mərhələsindədir. “Bundan sonra hansı texnikanın gələcəyi ilə bağlı çox təfərrüata varmayacağam, lakin onların hamısı müdafiə avadanlığıdır, çünki bu bölgədə prioritet həm əhalinin, həm də sərhədlərin qorunmasıdır”, – deyən Fransa rəsmisi heç kimin buna qarşı çıxa bilməyəcəyini vurğulayıb: “Bu səylərimiz özünüzü ən yaxşı şəkildə müdafiə etməyə imkan verəcək”.

İrəvan və Paris arasında razılaşmalardan biri də Ermənistan hərbiyyəsində Fransanın daimi müşavirinin çalışacağı ilə bağlıdır.

Baş nazir Nikol Paşinyanın Fransaya səfəri zamanı Prezident Emmanuel Makronla keçirdiyi mətbuat konfransında sələndirdiyi açıqlamalar da İrəvanın öz saatlarını Qərblə qurmağa çalışdığını, Moskvanı prosesdən tamamilə kənarda saxladığını göstərir.

Marqlıdır, İrəvan və Paris Azərbayan-Ermənistan normallaşma prosesində vahid mövqedən çıxış edir. Artıq Paşinyan komandası uzun müddətdir ki, bu məsələləri “strateji hərbi-siyasi müttəfiqi” olan Rusiya ilə müzakirə eləmir. Paris görüşündə Makronun ümumiləşmiş mövqeyində əsas tezislər bundan ibarətdir:

“Fransa sizin ölkənizin yanındadır, çünki ədalət, müstəqillik, azadlıq və beynəlxalq qanun düşərgəsi də oradadır;

Azərbaycan Ermənistanın ərazi bütövlüyünə hörmət məsələsində, xüsusilə də Ermənistanla sərhədlərinin xoş məramla delimitasiyası və demarkasiyasına əsas olacaq xəritə məsələsində hər hansı ikimənalılığa son qoymalıdır;

Tərəflər qoşunların sərhəddən qarşılıqlı çəkilməsi əsas olmalıdır;

Azərbaycan Ermənistanın sərhədlərini birmənalı şəkildə tanımalı və Qarabağ ermənilərinin öz yurdlarına azad və tez bir zamanda qayıtmasını təmin etməlidir”.

Azərbayan XİN Makronun dediklərinə cavab olaraq bəyan edib ki, Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk edən ermənilərin hüquq və təhlükəsizliyindən danışması yersizdir: “Almatı bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın səkkiz kəndini hələ də işğalda saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi faydalı olardı”.

XİN Nikol Paşinyanın dediklərinə də reaksiya verib:

“Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır.

Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir…”

Bu bəyantların fonunda Azərbayan Müdafiə Nazirliyi silahlı qüvvələrin mövqelərinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində atəşə tutulduğunu bəyan etdi.

Nazirlik bildirib ki, İki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib. Nazirlik Ermənistan hərbi rəhbərliyinə çağırış edərək, vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırıb, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edib.

Göründüyü kimi, Fransanın Ermənistan vasitəsi ilə Cənubi Qafqaza hərbi-siyasi müdaxilə cəhdləri vəziyyəti gərginləşdirir. Paşinyan hökuməti də ehtiyatlı mövqe tutmaq, Rusiya və Azərbaycanın maraqlarını gözləmək əvəzinə Parisin istəklərini həvəslə yerinə yetirməyə çalışır. Şübhəsiz ki, bu tendensiya Ermənistanın təhlükəsizliyini ciddi risklərlə üz-üzə qoyur…
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.