“Quranda elə şeylər var ki, adama qəribə gəlir” - Qalmaqallı açıqlama

1-03-2024, 00:07           
“Quranda elə şeylər var ki, adama qəribə gəlir” - Qalmaqallı açıqlama
Tanınmış ilahiyyatçı Elşad Mirinin xəbər saytlarından birinə verdiyi açıqlama cəmiyyətdə müzakirələrə səbəb olub.

Məlumat üçün qeyd edək ki, ilahiyyatçı Qurani-Kərimi müqəddəs kitab adlandırmayıb və azərbaycanca namaz qılmaqda bir qəbahət olmadığını bildirib.

Sözügedən mövzu ilə bağlı Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “Yeni Sabah”a danışıb. O bildirib ki, Elşad Mirinin fikirlərində həqiqət var:

“Elşad Mirinin bütün çıxışlarını yaxından izləyirəm. O, əsaslı sürətdə İslamın əsl mahiyyətini, paklığını, birliyini, müqəddəsliyi izah edir. Qurani-Kərim Allahın bizə göndərdiyi əxlaq, mənəviyyat kitabıdır. Allaha asilik edib, sonra bu əmələ düzəliş vermək olar? Təbii ki, yox. Quranda elə şeylər var ki, adama qəribə gəlir. Bunu həm ilahiyyatçı, həm də digər alimlər təsdiq edir ki, Quranda çoxlu müdaxilələr, təhriflər və təzyiqlər var. İllər, əsrlər boyu davam edən dindəki parçalanma elə həddə çatıb ki, sünnilər bir din, vahabilər başqa bir din yaradıb. Çox arzuolunmaz bir hadisədir ki, hər kəs öz təhrif olunmuş fikrini Quran ayəsi kimi təqdim edir. Biz kimik ki, Allahın bizə göndərdiyi kəlamları redaktə edərək, düzəldək? Bu çox gülməlidir. Quran namus, qeyrət, əxlaq, bərabərlikdən ibarətdir. Dinimiz ancaq elm, əxlaq və mənəviyyatı təbliğ edir. Bəs onda bizim elmimiz haradadır? Niyə bizim cəmiyyətdən Nobel mükafatçısı, normal biri olan din təbliğatçısı çıxmayıb? Bundan əlavə olaraq, Quranda sünnilik və vahabilik anlayışları da yoxdur. Bütün bunlar təxribat naminə atılan addımlardır. Dində bu cür bölünmələr sadəcə ögeylik, parçalanma yaratmaq üçün qurulan oyundur. Buna qarşı mübarizə aparmaq lazımdır”.

Xalq artisti Quranda heç bir qadağanın mövcud olmadığını qeyd edib:

“Qurani-Kərimdə, Allahın bizə buyurduqları arasında qadına ikinci sort kimi baxılmır. Müqəddəs kitabda deyilir ki, cənnət anaların ayağı altındadır. İslama qədər ərəblər qadınları diri-diri basdırırdılar. Bunu təbliğ edənlər qız-gəlinlərə qarşı təbliğat apararmı? Bəzi adamlar özündən siğə, kəbin düzəldiblər. Bu əxlaqsızlıq, mənəviyyatsızlıq məhz İslamın daxilinə yeridilən təxribatdır, alçaqlıqdır.

İslam dini üçün mollalar hələ bir geyim tərzini müəyyən etməyiblər. Müsəlmanların hərəsi öz ətəyini əlinə alıb, eybəcər bir geyim və formada dolaşırlar. Biz hələ müəyyən etməmişik ki, müsəlman necə geyinməlidir. Bütün geyimlər həmişə təklif olunan şəraitə uyğun seçilib. Quranda nəinki qadınların geyimi ilə bağlı, ümumiyyətlə heç bir qadağa yoxdur. Quranda küfr var. Allah yaratdığı insana heç bir qadağa qoymayıb. Allah insanı yaradıb və ona seçim şansı verib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.