"RUSİYADA VƏZİYYƏT GƏRGİNDİR, ORDUDA ÇAXNAŞMA YARANIB" - "Buradakı sülhməramlılar da çıxıb gedəcək..."

1-03-2024, 11:54           
"RUSİYADA VƏZİYYƏT GƏRGİNDİR, ORDUDA ÇAXNAŞMA YARANIB" - "Buradakı sülhməramlılar da çıxıb gedəcək..."
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika.info”-ya müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların perspektivi, bölgədəki Rusiya sülhməramlılarının gələcək taleyi, eləcə də regionda və dünyada gedən proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qabil bəy, ötən gün Berlində start götürən iki günlük Azərbaycan-Ermənistan danışıqlarından nə gözləyirsiz? Prezident İlham Əliyev 26 fevralda dedi ki, Ermənistan sülh üçün Azərbaycanın bütün şərtlərini yerinə yetirməli, o cümlədən ərazi iddiaları olan daxili qanunvericiliyini dəyişməlidir. Sizcə, İrəvanda bu iradə varmı?

- Prinsip etibarilə sülh müqaviləsinin bütün əsas məsələləri razılaşdırılıb. Sərhədlərin delimitasiyası və demarkasiyası isə hələ xeyli vaxt aparacaq. Ona görə də bu məsələdə nəsə təcili bir şey gözləmək doğru deyil. Amma anklavlar, sərhədlərin bəzi mübahisəli hissələrinin razılaşdırılması mümkün olacaq. Sadəcə olaraq son zamanlar erməni siyasi rəhbərliyinin ritorikası xeyli dəyişib. Əvvəlki Nikol Paşinyandan demək olar ki, əsər-əlamət qalmayıb. O, Parisə gedir, digər Avropa ölkələrinə səfər edir və qayıdıb gələndən sonra Azərbaycana ərazi iddiaları irəli sürməyə, bir sıra cəfəng fikirlər səsləndirməyə başlayır. Amma bütün bunlara baxmayaraq, artıq Avropanın və ABŞ-nin təzyiqi altında Berlində iki ölkənin xarici işlər nazirlərinin görüşü başlayıb. Görüşdə əsas məsələ sülh sazişinin son variantının razılaşdırılması və paraflanmasıdır. Yəni elə bir hala gətirilməlidir ki, prezidentlərin görüşü zamanı dərhal sülh müqaviləsini imzalamaq mümkün olsun. Ermənistanın bəzi kəndlərlə bağlı Azərbaycana qarşı irəli sürdüyü iddialara gəlincə, bunlar hamısı cəfəng iddialardır. Bunlar Zəngəzur vilayətində mövcud olmayan kəndlərdir. Sonradan adlarını yada salıb, yaxud, uydurub gündəliyə gətiriblər. Həmin ərazilər işğal dövründə Ermənistanın nəzarəti altına düşüb. İndi isə ora Azərbaycan tərəfi nəzarət edir. Güman edirəm ki, zamanla Ermənistanın qaldırdığı ərazi iddiası aradan qalxacaq. Amma burada məsələlərin korrektə edilməsi ən çox Ermənistanın üzərinə düşür. Ermənistan öz gerbindən Ağrı dağının əksini çıxarmalıdır. Digər tərəfdən, onların himnində Azərbaycanı və Türkiyəni təhqir edən müəyyən müddəalar var ki, onlar da çıxarılmalıdır. Ermənistan tərəfinin Türkiyəyə olan böyük miqdarda, təxminən 178 min kvadrat kilometrlik ərazi iddiaları da gündəlikdən tamamilə silinməlidir. Bunlar Osmanlı imperatorunun mərhəməti sayəsində gəlib bura yerləşib, indi də həmin ərazilərə sahiblənmək istəyirlər. Bütün bunların hamısı nizama salınacaq və mən əminəm ki, bu il biz sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq.

- Bakının tələblərinin yerinə yetirilməməsi, sülh sazişinin uzanması bölgədə hansı situasiya vəd edir? Yenidən eskalasiya mümkündürmü?

- Bir daha təkrar edirəm ki, Bakının irəli sürdüyü tələblər hamısı yerinə yetiriləcək. Yeni qarşıdurma olmayacaq. Çünki bu gün Cənubi Qafqazda sülhün əldə edilməsi üçün ABŞ, Fransa istisna olmaqla, Avropa Birliyinin bəzi dövlətləri, Almaniya və ən başda bizim strateji müttəfiqimiz Türkiyə ciddi surətdə çalışırlar. Hətta Türkiyənin ABŞ ilə münasibətləri yaxşılaşdıqca, bu məsələyə müdaxiləsi getdikcə artır. Türkiyə tərəfi də sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Çünki sərhədlərin açılması, hətta gələcəkdə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin yaranması sülh müqaviləsinin bağlanmasından asılı olacaq. Ona görə də Türkiyə sülh müqaviləsinin bağlanmasına daha həssas yanaşır.

- Bu arada Fransa-Ermənistan münasibətlərində yüksələn dinamika diqqət çəkir. Ötən həftə müdafiə nazirləri İrəvanda görüşdü və hərbi əməkdaşlıq haqqında müqavilə imzalandı. Fransa Ermənistana HHM sistemləri, radar qurğuları verir və bu ölkədə daimi hərbi müşavirlik təsis edir. Eləcə də İrəvan-Brüssel münasibətlərində də dinamika hiss olunur. Aİ Ermənistanla yeni səhifə açılacağını, iqtisadi, siyasi, investisiya dəstəyi verəcəyini bildirir. Bu əməkdaşlığın fonunda Paşinyanın sülh ritorikası dəyişir və Azərbaycana qarşı iddiaların sayı artır. Bu gedişat nə vəd edir?

- Bəli, Fransa Ermənistanı qızışdırır, silah göndərir və göndərməkdə də davam edəcəyini bildirir. İndi Rusiyanın əvəzinə Ermənistanın himayədarı kimi Fransa çıxış edir. Amma biz artıq Gürcüstana öz iradımızı bildirmişik ki, o, əraziləridən Ermənistana silah göndərilməsinə imkan verməsin. Hesab edirəm ki, Paşinyanın sülh ritorikasının dəyişməsi də bilavasitə Fransadan asılıdır. Bu, Fransanın başıboş Prezidenti Emmanuel Makronla bağlıdır. Paşinyan nədənsə, Parisə gedən kimi, Makronla bir neçə kəlimə fikir alış-verişində olan kimi, onun xarakteri də, ritorikası da dəyişir. Geriyə qayıdanda biz tamamilə başqa bir Paşinyan görürük. Fransa Ermənistanın silahlandırılmasını qarşısına ciddi bir hədəf kimi qoyub. Amma Fransa bilməlidir ki, Azərbaycan da öz potensialına, bölgədəki hakim mövqeyinə görə yeni silahlar alır. Bu silahlar İsraildən alınır. Pakistandan isə hərbi hava qüvvələrimizi möhkəmləndirmək üçün qırıcı təyyarələr alırıq. Fransa Ermənistanı nə qədər silahlandırsa da, o, Azərbaycanla eyni səviyyəyə gəlib çatmayacaq. Üstəlik, sülh müqaviləsi imzalanandan sonra mən inanıram ki, bölgədə yeni müharibə şəraiti yaranmayacaq. Çünki Nikolun özü də, ermənilər də müharibədən çox qorxurlar. Dediyim kimi, yeganə çətinlik sülh müqaviləsinin bağlanmasıdır. Bundan sonra dövlətlərarası münasibətlərdə yavaş-yavaş inam, etimad artacaq və beləliklə bölgə sülhə qovuşacaq.

- Ermənistan KTMT-də fəaliyyətini dondurub, spiker Alen Simonyan “Rusiya sərhədçiləri İrəvan hava limanını tərk etməlidir” dedi. Erməni rəsmiləri, Rusiyanın düşməni Ukrayna lideri Volodimir Zelenski səfərə gələrsə, məmnuniyyətlə İrəvanda qəbul edəcəklərini bəyan etdilər. Bu bəyanatlara Kremlin reaksiyası necə ola bilər?

- Moskva İrəvanın hər bir hərəkətini ciddi şəkildə izləyir. Qəzəblənən zaman aşağı ranqlı məmurlar İrəvanı sərt dillə tənqid edirlər. İndi Zelenskinin İrəvana səfərə gəlməsi, o qədər də məqsədəuyğun deyil. Bu səfəri o ölkəyə edir ki, vaxtında Rusiyanın Krımı işğal etməsini, Rusiyanın Ukraynaya basqınını, təcavüzünü alqışlayırdı. Son zamanlar Rusiya ilə münasibətlər pisləşəndə Ukraynaya tərəf dönüş edildi. Ermənistan indi Ukraynanı bir həmkar ölkə kimi qəbul etməyə başlayıb. Zelenski də Nikol Paşinyanı müəyyən istiqamətlərə yönəltmək istəyir. Hətta onu demək istəyir ki, “biz Rusiyaya qarşı mövqelərdə möhkəm olsaq, Qərblə inteqrasiyanı daha sürətlə apara bilərik”. Zelenski yaxşı başa düşür ki, bölgədə Gürcüstan da, lap elə Azərbaycanın özü də Rusiya ilə o qədər də uzağa gedən münasibətlərə malik deyillər. Rusiyanın ayağı bir balaca büdrəyən kimi onun ətrafındakı dövlətlərin hamısı çəkilib bir kənara duracaq. Bu nöqteyi-nəzərdən Zelenskinin Ermənistana səfəri barədə xəbərlər bir çoxlarında təəccüb doğurub. Elə Azərbaycanda da. Bəziləri deyir ki, Zelenski Azərbaycana da səfərə gələcək. Düşünürəm ki, Azərbaycan belə bir səfəri arzulamır. Çünki Azərbaycan Prezidenti Münhen görüşündə Zelenski ilə ayrıca görüşüb, iki dövlət arasındakı bütün münasibətləri müzakirə edə biliblər. İndi Azərbaycan tərəfi yenidən belə bir görüşə ehtiyac duymur. Zelenskinin Nikol Paşinyanla hansı söhbətləri aparmasından asılı olmayaraq, bunun Azərbaycana bir ziyanı olmayacaq. Əksinə, Zelenski Ermənistanı Azərbaycanla sülh müqaviləsini imzalamağa həvəsləndirəcək.

- Azərbaycandakı Rusiya sülhməramlılarının taleyi necə ola bilər? Kreml bu mərhələdə Azərbaycanla yeni saziş imzalamağa tələsir, Bakı isə sönük reaksiya verir. Azərbaycan Prezidentinin Moskvaya səfərində bu məsələ müzakirə oluna bilərmi?

- Sözsüz ki, Moskva özünün “sülhməramlı” qoşunlarını buradan çıxarmaq istəmir. Hələ ki 2025-ci ilə qədər müddət var. Hələ müddət başa çatmamış bu qoşunların bölgədə qalmasıyla bağlı söhbətlər aparılır. Azərbaycan bu məsələyə müsbət reaksiya bəsləmir və hətta həmin ildə onların buradan çıxarılmasını istəyir. Onu da deyim ki, Türkiyə də Rusiya sülhməramlılarının bu ərazidən çıxarılmasının tərəfdarıdır. Hətta bu istiqamətdə bir dəfə cənab Ərdoğan da mətbuata öz fikrini bildirmişdi. İndi bu məsələlər ətrafında arabir müzakirələr gedir. Yeganə ümidim odur ki, 2025-ci ilə qədər Rusiya-Ukrayna müharibəsində çox ciddi dəyişikliklər baş versin. Dünyanın həm siyasi mənzərəsi, həm də yeni dünya düzəninin qurulması prosesi başlana və bu zaman buradakı Rusiya sülhməramlılarının çıxıb öz ölkələrinə getməsi avtomatik olaraq reallaşa bilər.

- Müxalifət lideri Alejksey Navalnının həbsxanada ölməsindən sonra Rusiyada keçiriləcək prezident seçkiləri hansısa sürprizlər vəd edə bilərmi?

- Navalnının öldürülməsi Putinin gözləntilərinin əksinə oldu. İndi bütün dünya Navalnıya görə Rusiyanı qınayır və Moskvada vəziyyətin dəyişməsini istəyir. Bir fakta diqqət yetirək ki, hətta uzaq Yeni Zellandiya belə anti-Rusiya koalisiyasına qoşuldu. Yeni dövlətlər də koalisiyada iştirak etmək üçün səy göstərirlər. Düşünürəm ki, Navalnının öldürülməsi prezident seçkiləri üçün yaxşı heç nə vəd etmir. Əhalinin seçkilərdə iştirakı çox passiv olacaq. Üstəlik, seçkilərə gələnlərin bir çoxu Putinin əleyhinə səs verəcək. Onsuz da Rusiyada ədalətli və şəffaf seçkilər keçirilmir. Onlar seçkiləri istədiyi istiqamətə döndərə bilirlər. Amma indi Rusiyada vəziyyət çox gərgindir. Millətlərarası münasibətlər gərginləşib, həmçinin Putinin reytinqi xeyli aşağı düşüb. Müxtəlif millətlər Rusiyadan ayrılıb müstəqil dövlət olmaq üçün mitinqlər keçirirlər. Özü də bunlar Rusiya Federasiyasının tərkibində böyük önəm kəsb edən respublikalardır. Söhbət Tatarıstandan, Başqırdıstandan, hətta Yakutiyadan gedir. Əvvəldən də Rusiyada süni dövlət yaratmağa meyl güclü idi. Navalnının ölümü bu məsələləri daha da sürətləndirdi. Mən belə düşünürəm ki, Putin bu qarmaqarışıq məsələlərin içərisindən çıxmaq üçün baş sındırır. Sözsüz ki, bunun sonu, arzu edilən şəkildə bitməyəcək.

- Ukrayna cəbhəsindəki vəziyyət Cənubi Qafqazdakı hərbi-siyasi situasiyaya da ciddi təsir göstərir. Makron bəyan etdi ki, Ukraynaya Qərb hərbi qüvvələrinin yeridilməsi istisna olunmamalıdır, Rusiyanın qələbəsinə imkan vermək olmaz... 2024-cü il nə vəd edir, nələr gözlənilir?

- 2024-cü ildə üzü yaza doğru çox gərgin döyüşlər gedəcək. Artıq Qərb Ukraynanı həm maliyyə vəsaiti ilə, həm də silahlarla təchiz etməkdədir. Ukrayna özünü Rusiyaya qarşı ikinci əks-hücuma hazırlayır. Bu əks-hücumun uğurlu olacağını söyləmək mümkündür. Çünki Ukrayna artıq havada da hökmranlığı ələ keçirəcək. Artıq “F-16”ların göndərilməsi prosesi başlamalıdır. Bundan başqa, ABŞ vəd etdiyi “ATACMS” tipli raketini Ukraynaya göndərəcək. Bu silah Krım körpüsünü vurub dağıtmaq imkanına malikdir. Eyni zamanda bir sıra NATO ölkələri Ukrayna ordusunun hazırlanmasında iştirak edir, hərbi təlimlər keçir. Güman edirəm ki, Ukraynanın bu dəfəki əks-hücumu ciddi müvəffəqiyyətlər qazandıra bilər. Ən azından, Rusiyanı sıxışdırıb, öz sərhədlərinə doğru aparmaq mümkün ola bilər. Üstəlik, gələn məlumatlar göstərir ki, Rusiya ordusunun daxilində də bir çaxnaşma var. Bu Avdeyevka yaxınlığında 17500 hərbçinin, eləcə də 850 tankın itirilməsi ilə bağlıdır. Bu, sözün əsl mənasında Rusiyada şok effekti yaradıb. Çox güman oradakı rus əsgərləri bir-birinə pıçıldamaqdadır ki, “Görəsən, Putin bunun xatirinəmi Ukraynaya hücum etdi?” Vəziyyət həm döyüş meydanında, həm də ölkənin daxilində xeyli ağırdı.

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.