Rusların hücumlarını necə dayandırmalı: Ukrayna üçün iki variant

5-03-2024, 09:24           
Rusların hücumlarını necə dayandırmalı: Ukrayna üçün iki variant
Aleksandr Musienko: “Ya özümüz onları haradasa dayandırmalıyıq, ya da o qədər tükəndirməliyik ki, düşmən hücumlarını davam etdirə bilməsin”

Rusiya Ukraynanın Avdiyevka şəhərini işğal etdikdən sonra da həmin istiqamətdə hücumlarını davam etdirir. Məlumatlara görə, hazırda cəbhənin həmin istiqamətində şiddətli döyüşlər gedir. Vəziyyətlə bağlı ukraynalı ekspert, Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko UNİAN-a müsahibə verib. AYNA sözügedən müsahibəni istinadla təqdim edir:

- Avdiyevkanın işğalından sonra Rusiya ordusu dayanmadı və Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə təzyiq göstərməyə davam etdi. Ən pisi də odur ki, onlar bu bölgədə irəliləyirlər və artıq ətrafda bir sıra yaşayış məntəqələrini ələ keçiriblər. Sizcə, bu irəliləyiş nə dərəcədə kritik ola bilər və düşmən harada dayanacaq?

- Ruslar iki halda dayanacaqlar: ya özümüz onları haradasa dayandırmalıyıq, ya da o qədər tükəndirməliyik ki, düşmən hücumlarını davam etdirə bilməsin. Bu variantların hər ikisi hazırda həyata keçirilir.

Deyək ki, Lastoçkino və Stepnoydakı mövqelərdən geri çəkilmə relyef komponentinə görə proqnozlaşdırıla bilərdi. Düzənlikdə və ya xüsusilə dərədə Avdiyevka yüksəkliklərinə qarşı mövqe tutmaq çox çətindir. Bu, praktiki olaraq mümkün deyil və bunun heç bir mənası yoxdur. Ona görə də Avdiyevkadan sonra geri çəkilmə proqnozlaşdırıla bilərdi.

İndi qüvvələrimiz müdafiə xəttini sabitləşdirir və düşmənə mümkün qədər çox itki verdirmək, onun irəliləyişini dayandırmaq kimi tapşırıqları yerinə yetirir. Bu müdafiə xəttində bunu etmək mümkün olacaqmı? Ümid edirəm ki, olacaq. Amma ola bilsin ki, biz indi fəal şəkildə qurulan və gücləndirilən növbəti xəttə geri çəkilməli olacağıq. Bunu ancaq hərbi əməliyyatların gedişatı göstərəcək.

- Söhbət konkret hansı vəzifələrdən gedir, əgər bu, əlbəttə ki, ictimai müzakirə oluna bilərsə?

- Bizim qüvvələrimiz indi üç mürəkkəb vəzifəni yerinə yetirmək üçün hər şeyi edir. Birincisi, əlimizdə olan qüvvə və vasitələr çərçivəsində düşmənin irəliləməsini dayandırmaq və ona maksimum itki verdirməkdir. İkincisi, müdafiə xətlərinin və istehkamların tamamlanmasına maksimum diqqət yetirilməsidir. Niyə indiyə qədər onlar bütün müdafiə xəttlərində tam olaraq iştirak etməyiblər? Çünki bu, zamanla həll olunacaq. Amma belə bir problem var və bu faktdır. Üçüncüsü, düşmənin aviasiya komponentinin azalmasıdır. Onların aviasiya ilə vuruşmamaları çox vacibdir. Axı əgər bunu edə bilsələr, hər hansı müdafiə xəttini məhv etmələri an məsələsi olacaq. Biz indi diqqəti buna cəmləməliyik.

- Aviasiya komponentinin azalması Müdafiə Qüvvələrinin Rusiya aviasiyasına qarşı son uğurlu əməliyyatları ilə bağlıdır?

- Bəli, söhbət yalnız təyyarələrin məhv edilməsindən gedir. Axı uçan bombanı tutmaq çox çətindir. Bunun o qədər mənası da yoxdur. Əgər zenit-raket sistemi artıq bir yerdə yerləşirsə, o zaman təyyarəni "tutmaq" daha yaxşıdır ki, növbəti dəfə uçmasın və bomba atmasın. Bunun üçün isə kifayət qədər hava hücumundan müdafiə raketlərimiz yoxdur. Rusların bombası bizim hava hücumundan müdafiə sursatımızdan çoxdur.

- Rusiya ordusu Baxmut bölgəsində də fəal şəkildə irəliləməyə çalışır. Avdiyevkanın alınmasından sonra düşmən qüvvələrinin bir hissəsini ora köçürdü. Bu istiqamət nə dərəcədə təhlükəlidir və orada Ukrayna Müdafiə Qüvvələrinin perspektivləri necədir?

- Doğrudan da, orada düşmən fəallaşıb. İvanovoda və bütün cənub cinahında vəziyyət ağırdır. Onların zərbəsinin istiqaməti aydındır - bu, Çasov Yardır. Amma Avdiyevkanın alınmasından sonra bu istiqamətin düşmən üçün prioritet olacağı bəlli idi. Konstantinovkaya, daha sonra Slavyanska və Kramatorska doğru irəliləmək onlar üçün çox vacibdir.

Bizi bu istiqamətdə xilas edən yüksəkliklərdir. Çasov Yarın özü yüksəklikdə yerləşir və oradakı istehkamlar tamamlanmaqda davam edir. Bildiyimə görə, bu, indi müdafiə nazirinin və şəxsən Ali Baş Komandanın nəzarətindədir. Yəni şəxsən gedib prosesə nəzarət edəcəklər. Axı bu problem həqiqətən də mövcuddur.

Bundan əlavə, sözügedən istiqamətdə silah, artilleriya və mina çatışmazlığı ilə bağlı təcili həllini gözləyən problem var. Onlara daha çox ehtiyacımız var. Artilleriyasız biz hündürlükdə üstünlüyümüzdən istifadə etmirik. Biz oradan düşmənə zərbə endirməliyik, amma bunu həyata keçirə bilmirik. Bu regionun başqa bir özəlliyi də ondan ibarətdir ki, Rusiya burada aviasiyadan az istifadə edib və daha tez-tez dron zərbələri həyata keçirib. Dronlar böyük problemdir. Ümumiyyətlə, çasov Yar üçün problemlər indi ciddidir.

- Rusiya ordusunun yaydan bəri irəliləməyə çalışdığı digər çətin sahə Kupyansk bölgəsidir. Orada vəziyyət ardıcıl olaraq ağırdır, çünki düşmən daim hücum edir. Amma rusların orada demək olar ki, irəliləyişi yoxdur. Bu səbəbi nədir və orada hansı perspektivlər var?

- Hər yerdə olduğu kimi orada da irəliləyiş şansları var. Biz bunu heç vaxt istisna edə bilmərik. Onların orada heç bir uğur qazanmayacağına zəmanət vermək ən azı, məsuliyyətsizlikdir. Amma biz faktları dəyərləndirməliyik və onlar belədir: Sinkovka və Tabaevka ərazilərində bu qədər aylar davam edən döyüşlərdən sonra Rusiya heç bir nəzərə çarpacaq irəliləyiş əldə etməyib.

Tabaevka istiqamətində hücum etdilər, yüksəklikləri almaq istədilər və qismən uğur qazandılar. Sinkovka ərazisində vaxtaşırı atəş mövqelərini tutub irəliləyirlər. Lakin irəliləyişlər taktiki xarakter daşıyır. Bəzən bizim qüvvələrimiz onları vurur. Onlar müntəzəm olaraq “Sinkovkanı tutduqlarını”, “kəndin kənarına getdiklərini” və ya bir çox başqa nağıllar uydururlar. Amma orada Ukraynanın müdafiəsi sabit və möhkəmdir.

Lakin orada da Çasovoy Yardakı kimi, sursat problemi var, bu da bizim müdafiəmizi həqiqətən çətinləşdirir. Əgər ruslar Kupyanski alacaqsa, Liman istiqaməti ilə əlaqə yaratmaq üçün mütləq irəliləməlidirlər. Onların həm Slavyanski, həm də Kramatorski təhdid etmək üçün ciddi imkanları olacaq.

Bundan əlavə, bunun nəticəsində Xarkov üçün təhlükələr artır. Mən bəziləri kimi “Xarkova hücum etmək üzrədirlər” bəyanatı verməyəcəyəm. Axı Kupyansk uğrunda döyüşlər neçə aydır ki, gedir və şəhər müdafiə olunur. Amma nəzəri cəhətdən belə bir ehtimal mütləq mövcuddur.

Müəllif: Turan Abdulla












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.