Avropa Parlamenti yeni təxribatlar törətməyə davam edir - Nəticələr necə olacaq? / AÇIQLAMA
6-03-2024, 10:34
Avropa Parlamentinin təxribatları səngimək bilmir. Onlar bu əməlləri ilə yeni münaqişələr yaranmasına səbəb ola bilərlərmi?
Azərbaycan və Avropa arasında münasibətlər hazırda nə yerdədir?
Politoloq Elxan Şahinoğlu Referans.az-a açıqlamasında bu mövzu haqqında danışıb.
“İkinci Qarabağ müharibəsindən sonra Avropa Parlamenti Azərbaycan əleyhinə bir sıra təşəbbüslər göstərib, sənədlər qəbul edib. Bu Azərbaycan-Avropa münasibətlərinə də müəyyən qədər təsir edib amma Azərbaycanın Avropada tərəfdaşı Avropa Birliyinin icra qurumları, Avropa komissiyalarıdır ki, onlarla hələ də əməkdaşlıq davam edir. Onların Azərbaycanın enerji resurslarına marağı var. Avropa nümayəndələri Bakıda keçirilən toplantıda açıq formada dedilər ki, Azərbaycana qaz nəqlini iki dəfə artırmaq istəyirlər”.
Politoloq bildirib ki, bu təklif onların Azərbaycana qarşı hələ də maraqlarının olduğunun göstəricisidir.
“Avropanın Azərbaycanın əməkdaşlığı davam edəcək, çünki Azərbaycana ehtiyacları var. Üstəlik, Qara dənizin dibi ilə Azərbaycan Avropa ölkələrinə alternativ enerji də nəql edəcək. Azərbaycanda külək və Günəş enerjisinin də geniş şəkildə istehsalına başlanılıb. Buna belə Avropanın ehtiyacı var. Ümid edirəm ki, Avropa Parlamenti suyu bulandırmağa çalışsa da, Avropa icra qurumları və Azərbaycan arasında münasibətlər əvvəlki sürətdə davam edəcək. Bunu da unutmamalıyıq ki, Avropada Azərbaycanın strateji tərəfdaşları var. 9 dövlətlə strateji əməkdaşlıq sazişimiz mövcuddur”.
Elxan Şahinoğlu son olaraq vurğulayıb ki, bütün bu sadalanan səbəblərdən dolayı Avropa Parlamentinin Avropa Azərbaycan münasibətlərini təmamilə korlayacağını düşünmür.