Türkiyə və Azərbaycana qarşı anlaşdılar – “Şər oxu”na o ölkə də qoşuldu
8-03-2024, 00:02
Türkiyənin Ankara Universitetinin professoru, siyasi ekspert Toğrul İsmayıl sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
– Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq genişlənir, artıq ikitərəfli sazişlər imzalanıb. Yunanıstan müdafiə naziri Nikos Dendias ötən günlərdə İrəvanda oldu, müəyyən mesajlar verdi. Yunanıstanın bu səfərdən sonra Ermənistanı silahalandıracağı da deyilir. Afina niyə Azərbaycana qarşı cəbhədə yer almağa maraq göstərir?
– İki ölkə arasındakı əlaqələr həmişə yaxın olub, bu, indinin məsələsi deyil. Məsələ təkcə Azərbaycanla da bağlı deyil, bu, həm də Türkiyəyə qarşıdır. Yunanıstanın arxasında Fransa da var. Egey dənizində də Türkiyəyə qarşı ortaq layihə həyata keçirməyə çalışdılar, alınmadı. İndi eyni cəhdləri Cənubi Qafqazda edirlər, Azərbaycan və Türkiyənin qarşısını almağa səy göstərirlər.
Yunanıstanın Ermənistanı silahlandırmasına gəlincə, bu, xəyali işdir. Çünki Yunanıstan NATO, Ermənistan KTMT ölkəsidir. Yəni bu məsələdə əngəllər ortaya çıxır. Məsələn, Türkiyə zamanında NATO silahlarını Azərbaycana verə bilmirdi. Hətta bizim tələbələr və pilotlarımız Türkiyəyə təhsil almağa gedəndə onlara F-16 və F-4-lərdə uçmaları və təlim almalarına icazə verilmədi. Çünki bu, NATO məsələsi idi. Amma Azərbaycanın bu məsələdə daha sərbəstdir, çünki NATO-ya qarşı heç bir hərbi blokun üzvü deyil. Ermənistan isə KTMT-nin üzvüdür. Yəni məsələ elə də bəsit deyil.
Yunanıstan-Ermənistan yaxınlaşmasına gəlincə, bu, yeni deyil. 1999-cu ildə də belə bir səfər olmuşdu, onda da eyni şeylər deyilmişdi. Bu siyasət dəyişməyib. Yunanıstan-Azərbaycan münasibətlərinə də baxın: sadəcə iqtisadi və enerji sahələrində əməkdaşlıq var. Yəni əlaqələr siyasi səviyyəyə çıxmır. Ümumiyyətlə, Fransa və Yunanıstanın Cənubi Qafqazda maraqları fərqlidir. Buranı bir növ Ermənistan vasitəsilə qarışıq vəziyyətdə saxlamağa çalışırlar.
– Tam olaraq bölgəni qarışdırmaqda məqsədləri nədir? Təkcə Fransa yox, eləcə də Ermənistanı silahlandıran Hindistan və digər Qərb dövlətlərinin nə kimi niyyətləri ola bilər?
– Hindistan bunu Azərbaycan və Türkiyənin Pakistanla əməkdaşlığına qarşı edir. Hindistan bölgəni qarışdıra bilməz, buna gücü çatmaz. Xatırladım ki, Hindistana qarşı həm də Çin və Pakistan faktoru var. Hindistan sadəcə Ermənistana silahlarını satır, yəni ticarətlə məşğuldur. Hindistanın bölgəyə marağını anti-Pakistan gedişi kimi də görə bilərik. Yunanıstan və Fransanın bu həmlələri isə Türkiyəyə qarşıdır, həm də Türkiyənin yanında olduğumuz üçün bizə qarşı. Dediyim kimi, bu, Egeydə aparılan siyasətin Cənubi Qafqazda davam etdirilməsidir.
Azərbaycan üzərindən türk dünyasına çıxan Türkiyənin əli daha da güclənir. İndi bunu əngəlləməyə çalışırlar. Hətta erməni analitiklərindən biri də söyləyir ki, Ermənistan Rusiyanın türk dünyasına qarşı aləti idi, amma artıq bu vasitə bir kənara qoyulub. İndi Ermənistan həmin rolu Qərb dövlətləri üçün oynamağa çalışır. Ermənistan bölgədə təkbaşına güc deyil. Bütün bunlar çox da ciddi məsələlər deyil. Ermənistan kasıb ölkədir, indi onun durmadan silah alması Azərbaycanın işinə yarayır, çünki bununla iflasa gedir.
Ermənistan KTMT ilə münasibətlərini pozarsa, bu da bizim üçün yaxşıdır. Çünki Ermənistan bununla özünü zəiflədir. Həmçinin unutmamaq lazımdır ki, Ermənistan NATO üzvü də ola bilməz. Çünki müttəfiqimiz Türkiyə ordadır və veto hüququndan istifadə edəcək.
– Fransa və ABŞ-nin Ermənistanda hərbi bazalar yaratmağa çalışdığı deyilir. Buna cavab olaraq Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsi ehtimalı gündəmə gələ bilərmi? Artıq bununla bağlı müxtəlif səviyyələrdə fikirlər səsləndirilir.
– Boş söhbətdir, çünki Ermənistan KTMT zonasına daxildir. Yəni Ermənistanda baza qura bilməzlər. Bu, KTMT-nin nizamnaməsinə uyğun gəlmir. Bunun üçün Ermənistanın KTMT-dən çıxması lazımdır, bu da indi mümkün deyil.
Türkiyə bazası məsələsinə gəlincə, birincisi, Azərbaycan militarist ölkə deyil. Türkiyə həm müttəfiqimizdir, həm də yaxınlığımızdadır. Türkiyənin burada bazasının olub-olmamasına gərək yoxdur. Azərbaycan ordusu elə Türkiyə ordusudur. Heç bir problem yoxdur, lazım gələndə Türkiyə Azərbaycan ərazisindən istifadə edə bilər. Şuşa Bəyannaməsi ilə bunu rəsmiləşdirmişik. Həmçinin Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, heç kimə hücum etməyən bir ölkədir. Türkiyə də eyni şəkildə… Əlbəttə, Türkiyə Azərbaycanda hərbi baza qura bilər, amma Ermənistan və ya başqalarına görə yox. Əgər Azərbaycan ehtiyac duyarsa, Türkiyə öz hərbi bazasını yerləşdirə bilər. Bu lazımdırmı? Ayrı məsələdir.
Məncə, indi Azərbaycanın buna ehtiyacı yoxdur. Çünki bu bölgədə bizim üçün təhdid olacaq güc yoxdur. Əlbəttə, Rusiya güclü ölkədir, amma Azərbaycana hücum edəcəyinə inanmıram. Bu, mümkün də deyil, Şuşa Bəyannaməsi işləyir. Bunu unutmaq lazım deyil, Azərbaycan ordusu da güclüdür, Avrasiyanın ən güclülərindən biridir. Bu amillər mümkün təhdid və təhlükələrin önünü kəsə bilər.
– Türkiyə Ermənistana İrəvanda görüşməyi təklif etdi. İrəvanın buna cavabı necə olacaq, ümumən belə bir gəlişmə prosesə necə təsir göstərəcək?
– Belə bir görüş ola bilər. Əslində, görüşlərin harada keçirilməsinin bir önəmi yoxdur, əsas məsələ budur ki, sülh danışıqları şəklində olsun. Görüşlər hər yerdə keçirilə bilər. Məsələn, xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşdülər.
Türkiyə ilə münasibətlərin nizamlanması Ermənistan üçün də vacibdir. Əgər Ermənistan normal dövlət kimi bölgədə yaşamaq və varlığını sürdürmək istəyirsə, Azərbaycan və Türkiyə ilə sülh müqaviləsini imzalamalıdır. Bu iki ölkə Ermənistanın bölgədəki varlığının təminatçısı ola bilər. Biz buranın yerlisiyik, yəni burada nə ABŞ, nə Fransa, nə Yunanıstan, nə də Hindistan var, biz varıq.
Ermənistan anlamalıdır ki, Azərbaycan və Türkiyə kimi qonşularla sülh içində yaşamasa, varlığı həmişə təhlükə altında olacaq. Ermənistan bununla öz-özünü təhdid mənbəyinə çevirir. Sən iki güclü qonşuşa qarşı ərazi iddiaları irəli sürürsən, bu necə ola bilər? Üstəgəl, bu iki ölkə iqtisadi, hərbi, siyasi və digər baxımdan səndən qat-qat güclüdür. Üstəgəl, Ermənistan yeganə müttəfiqi Rusiya ilə böhran içindədir. Belə vəziyyətdə normal dövlət olmaq və varlığını sürdürmək üçün sülh əsas şərtdir. Bu prosesin harada aparılması da önəmli deyil, əsas məsələ budur ki, problemlər qarşılıqlı dialoq və anlaşma şəkildə bir an öncə həllini tapsın.
– Türkiyə həm də Zəngəzur dəhlizinin Kalininqrad statusu ilə açılması təklifini verib. Bəs bu məsələ necə çözüləcək?
– Bu, təkcə Kalininqrad modeli ilə bağlı deyil, sovet dönəmində də orada vəziyyət başqa cür idi. Ermənistandan keçən dəmir yolları Azərbaycana məxsus idi, orada çalışan ermənilərin pullarını da Azərbaycan ödəyirdi. Kalininqrad modeli də uyğundur, ən real məsələ budur, başqa cür ola bilməz. Dəhliz 10 noyabr üçtərəfli bəyanatı ilə razılaşdırılmış, imzalarla sənədləşdirilmiş məsələdir. Ermənistan bunu yerinə yetirməlidir. Ermənistan ayrı-ayrı iddialarla bunu da əngəlləməyə çalışır. Əsas məsələ nəzarətlə bağlıdır, Qərb Rusiyanın nəzarətini istəmir.
Bir məsələ də var. Rusiyanın Ermənistandakı hərbi bazaları, eləcə də Azərbaycan ərazisindəki sülhməramlılarının qalma müddətləri ilə bağlı konkret tarix var. Amma Rusiya sərhədçilərinin Zəngəzur dəhlizində qalmaları zamana bağlı məsələ deyil. Söhbət sonsuz nəzarətdən gedir. Bu, orada həmişə Rusiya əsgərlərinin olması deməkdir, bu da Qərbin xoşuna gəlmir, erməniləri də bunun üçün qızışdırırlar.
Ermənistan bu məsələni birbaşa Azərbaycan və Türkiyə ilə razılaşdırsa, daha məqsədəuyğun olar. Bu dəhlizin gec-tez açılacağına inanıram. Ciddi münaqişə və ya müharibə olmasa, açılacaq. Belə bir müharibə və ya münaqişə Ermənistan üçün faciə olardı. Əvvəl-axır açılmalıdır, açılacaq da, bunun başqa yolu və alternativi yoxdur.
– Zəngəzur məsələsinin münaqişəyə səbəb olma ehtimalı varmı? Qərb mediası da yazır ki, belə bir risk var.
– Qərb bunu Azərbaycanın üstünə yıxmağa çalışır. Amma Ermənistandakı siyasi və destruktiv vəziyyəti görərək düşünürəm ki, təxribat törədə biləcək güclər çoxdur. Yaxınlarda bunun nümunəsini gördük. Sərhəddə Azərbaycana qarşı yenə də təxribata əl ata bilərlər. Amma bir müsbət məqam da var. Azərbaycanın hərbi potensialı o qədər güclüdür ki, Ermənistan ərazisinə girmədən onun ərazisindəki istənilən terror mənbəyini kökündən quruda bilir. Son təxribatda da belə oldu, əsgərimizi snayperlə yaraladılar, Azərbaycan buna cavab olaraq nəinki snayperi, həmin təxribat yuvasını darmadağın etdi. Yəni Azərbaycan münaqişə böyümədən də məsələləri həll etmək potensialına malikdir. Amma təhlükə həmişə var, bunu unutmaq olmaz./teleqraf.com