"Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır" - Qulu Məhərrəmli

13-03-2024, 08:43           
"Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır" - Qulu Məhərrəmli
Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.

Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.

Mövzu ilə bağlı tanınmış media eksperti Qulu Məhərrəmli Moderator.az-a danışdı. Bildirdi ki, məsələnin bu dərəcə kəskinləşməsi onu göstərir ki, bu cür bayağı, "düşük" şoulara nə aşağılar dözür, nə də yuxarılar:

"Ona görə bu kimi tədbirlərin görülməsi vacibdir. Çünki televiziyanın auditoriyaya geniş təsiri var. Bu cür verilişlərin sayca çoxalması, orada qoyulan problemlərin az qala milli problem səviyyəsinə qalxması, ailə məsələlərinin müzakirəsi xalqın min illər boyu formalaşdırdığı dəyərlərin tapdalanmasını sükutla qarşılamaq olmur. Reaksiya normaldır, amma tədbir görmək çox önəmlidir. Veriliş açmaq, onu bağlamaq məsələnin inzibati həllidir. Bu şouların əksəriyyəti ona görə təşkil edilir ki, reklam bazarından pay götürsünlər, reytinqi artırsınlar və sair. Mənə elə gəlir ki, 10 il geriyə qayıdıb o dövrdə hazırlanan şouların portretini götürməliyik. Verilişlərdə elə məsələləri müzakirə etmək olar ki, bəli, onlar şou üçün aktualdır, ictimai əhəmiyyət daşıyır. Onların heç birində şəxsi, ailə, insan məsələsi, insanların həyatının lağ-lağıya çevrilməsi, onların təhqir olunması heysiyyatının tapdalanması yoxdur. Bunu düşünmək lazımdır. Televiziyada həm xəbər, həm serial, həm ciddi, ictimai müzakirələr olmalıdır. Yəni çox rəngarəng, çoxşaxəli auditoriyaya məzmuna uyğun verilişlər çatdırılmalıdır. Əsas problem şou proqramlardadır, orada müzakirəyə çıxarılan problemlərdədir. Verilişlər birmənalı şəkildə o xətdən imtina etməlidir. Ucuz şou, sensasiya, insan taleyi, şəxsiyyətin alçalması, təhqir edilməsi, düşük, mənasız ssenariləşdirilmiş oyun epizodları yığışdırılmalıdır. Şou olanda nə olar ki, orada da ciddi problemlər qoyula və cəmiyyətə müəyyən mesajlar ötürmək olar. Sadəcə, normal mövzular seçmək və peşəkar yanaşmaq, yaxşı rejissoralı verilişlər etməklə vəziyyətdən çıxmaq olar. İllik olaraq televiziyalara müəyyən dərəcə maliyyə yardımı verilsin ki, düşük şouları yerinə yaxşı verilişlər hazırlansın".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.