Xərçəngdən əziyyət çəkən Sevda Əliqızı: “Ölümdən qorxmuram, oğluma görə narahatam” - VİDEO
2-04-2024, 12:25
“2 il bundan əvvəl süd vəzimdə xırda bir şişin olduğunu hiss etmişdim. Əhəmiyyət vermədim. Dedim ki, boş şeydir, keçib gedər. Üstündən 2 il keçdi “fındıq” boyda şiş şişdi oldu “yumurta” boyda. Gördüm ki, artıq bu ciddi bir məsələdir. Ondan sonra getdim həkimlərin yanına. Onlar məni müayinə etdilər, bütün analizləri verdim. Dedilər ki, sizin belə bir xəstəliyiniz var (süd vəzinin onkoloji xəstəliyi – red.). Əməliyyat olundum. Şükürlər olsun ki, artıq özümü yaxşı hiss edirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artisti Sevda Əliqızı qonaq olduğu “Xeyirli axşamlar” verilişində deyib.
Xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi bildirib ki, ölümdən qorxmur:
“Anam mənə dəfələrlə deyirdi ki, kaş mənə olardı, sənə yox. Söyləyirəm ki, bu Allahın işidir. Heç zaman elə şey demək lazım deyil. Hərənin öz vaxtı var. Allaha dua edin ki, sağlamlığıma qovuşum. Yaşamağım uzansın. Mən ölməkdən qorxmuram. Allah nə yazıbsa o da olacaq. Mən gözə gəldim”.
Sevda vurğulayıb ki, bu vəziyyətdə özündən çox ona hər zaman dayaq olan idmançı oğlunu düşür:
“Mənim indi də çiyinlərimdə yüküm var. Pozitiv olmağa çalışaram. İstəmirəm öz dərdimi və ya neqativimi kimlərəsə danışaraq, ötürüm. Özümü ruhsuz hesab etmək istəmirəm. Qoy içimdə ki, elə içimdə qalsın. Özümə görə deyil, oğluma görə narahatam. Onu heç zaman tək qoymaq istəmirəm. Mən onun dayağıyam. O mənimlə, mən də onunla nəfəs alıram”.
Qeyd edək ki, ötən ilin sonunda süd vəzinin onkoloji xəstəliyindən əziyyət çəkən müğənni Sevda Əliqızı əməliyyat olunmuşdu.