"Manat sərbəst buraxılsa, dollar nisbətində 1,50 də ola bilər, 1,40 da..."

22-04-2024, 10:02           
"Manat sərbəst buraxılsa, dollar nisbətində 1,50 də ola bilər, 1,40 da..."
Tanınmış hüquqşünas Əkrəm Həsənovun Pravda.az-a müsahibəsini təqdim edirik.

- Əkrəm müəllim banklar maliyyə hesabatlarını açıqlayırlar. Vəziyyəti necə dəyərləndirirsiniz?

- Maliyyə hesabatlarından görünür ki, ümumən ciddi problemi olan banklar yoxdur. Amma bank sistemində istənilən an nəsə baş verə bilər. İndiki dövrdə isə bank sisteminin vəziyyətini kifayət qədər qənaətbəxş hesab edirəm. Hətta əksinə, bu gün bank sistemində artıq izafi likvidlik var. Yəni pulları çoxdur, amma yerləşdirə bilmirlər. Krediti kimə verəcəklərini bilmirlər. Bu, əslində çox ciddi poblemdir. Həm bank sistemi üçün pisdir ki, qazana bilmir, həm də iqtisadiyyat üçün pisdir, çünki inkişaf etmir. Bank krediti lazımdır ki, iqtisadiyyata qoyulsun. Qoyula bilmir. Mən deyərdim ki, bu dəqiqə əsas problem budur.

- Dediyiniz nüansdan başqa, digər çətinlikləri də olan banklar, yəqin ki, var. Adlarını açıqlaya bilərsiniz?

- Bu, düzgün olmaz. Ad desəm, hamı gedəcək o bankdan pulunu çıxarmağa. Sonra da həmin bank bizə qarşı iddia qaldıracaq... Mən, ümumiyyətlə, məsələnin bu cür qoyuluşu ilə razı deyiləm. Vətəndaşı bu, narahat etməli deyil. Niyə? Çünki vətəndaşın bir bankda əmanəti 100 min manatı keçmirsə, milli valyutada faiz dərəcəsi 12%-i, xarici valyutada isə 2,5%-i ötmürsə, o əmanət qorunandır. Bank pisdir, ya yaxşıdır, bu, vətəndaşı maraqlandırmalı deyil. Çünki Əmanətlərin Sığortalanması Fondu o əmanəti kompensasiya edəcək. Əvvəllər müddət 3 ay idi, indi isə 1 ay ediblər. Bank bağlandısa, 1 aya pulunu geri alırsan. Belə halda, bu məsələ vətəndaşı niyə narahat etsin? Kiminsə pulu 100 mindən çoxdursa...Yəqin, bu da əhalinin cüzi hissəsidir. Vacibdir ki, pulunu ancaq bir banka qoyasan? Ölkədə 24 bank var, get pulunu qoy. Ailə üzvlərinin də adından pulu eyni banka qoya bilərsən. Bu halda da hamısı sığortalanır. Əsas problem vətəndaşlarda deyil, sahibkarladadır, biznesdədir. Fərdi sahibkarların 20 min manata qədər vəsaiti sığortalanır. Bu da çox azdır. Amma şirkətlərin vəsaitləri, ümumiyyətlə, sığrotalı deyil. Faktiki olaraq indiyə kimi bağlanmış bankların təcrübəsi göstərir ki, bank bağlandısa, sahibkarların pulları batır. Əslində, sahibkarlar buna görə çox narahatdırlar. Onların adi vətəndaşdan fərqləri isə budur ki, maliyyəçiləri, hüquqşünasları var, ehtiyatlı davranmalıdırlar. Baxmalıdırlar ki, pulları hansı banka qoyulur.

- Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi dəyişəndən fərqlilik varmı? Yeni sədr Taleh Kazımovla bir neçə dəfə görüşmüsünüz...

- Bəli, artıq Taleh Kazımovla dörd dəfə ekspert qrupu çərçivəsində görüşmüşük. 2022-ci ilin sonunda, 2023-cü ilin iyununda və dekabrında. Son olaraq bu ilin aprelin 9-da bayramqabağı görüşdük. Hər şeyi kənara qoysaq, birincisi, şəffaflıq müşahidə edirik. Şəffaflıq öz yerində. Mən digər dövlət qurumlarının rəhbərləri ilə də görüşlərdə iştirak edirəm. Suallardan qaçırlar, amma Taleh Kazımov qaçmır... Taleh Kazımovun bəzi fikirləri ilə razılaşa da bilərəm, razılaşmaya da. Bu, tamam başqa şeydir. Amma Taleh Kazımov Mərkəzi Bank və onun fəaliyyəti ilə bağlı bütün suallara cavab verir. Özü də ətraflı, yalandan yox. Harada ki sual özünə aid deyil, digər nazirliklərin işidirsə, həmin dəqiqə deyir ki, bu, mənə aid sual deyil. Deyir ki, əlbəttə, bu barədə fikrim var, amma səlahiyyətimdə deyil, niyə başqasının işini şərh edim? Bu, kontakt üçün ən yaxşı haldır. İkincisi, Taleh Kazımov heç vaxt demir ki, “bu görüşdə nə danışırıqsa, gizli qalsın”. Deyir ki, nə istəyirsinizsə, gedin deyin. Heç görüşlərdə elementar şəkil də çəkdirmirlər. Digər orqanlara gedəndə isə piar elementi daha çoxdur ki, yaysınlar. Eyni zamanda da deyirlər ki, buradakı söhbətləri heç yerdə deməyin. Mərkəzi Bankla görüşlər isə reklam üçün olmur. Bilirlər ki, onsuz da ekspertlər kifayət qədər ziyalı insanlardır. Onlar özləri başa düşürlər ki, nəyi demək olar, nəyi yox. Mərkəzi Bankın sədri nəyisə etimad çərçivəsində deyirsə, çıxıb ictimaiyyəti çaşdırmaq üçün onu yaymaq lazım deyil. Mərkəzi Bankın fəaliyyətinə gəlincə... Pul siyasəti onsuz da sabitdir, dəyişməyib. Deməzdim ki, əvvəlki ilə indiki arasında fərq var. Sadəcə, açıqlamalar daha aydın olub, səmimidir. Yəni konkret açıqlayırlar ki, bunu nəyə görə etdik. Digər tərəfdən bank sistemi üzərində nəzarət gücləndirilib. Bilirdik ki, əvvəllər Elman Rüstəmovun vaxtında müəyyən banklarla sıx münasibət var idi. İndi belə şey yoxdur. Əksinə, ilk dövrlərdə belə bir gözlənti var idi ki, "Taleh Kazımov ölkənin ən iri holdinqindən gəlib, yəqin ki, həmin holdinqin bankları üçün daha yaxşı şərait yaradacaq". Amma əksini görürük. Məsələn, iri banklara qarşı ən azından məcburi ehtiyat tələbləri artırılıb. Yəni banklar nə qədər vəsait toplayırlarsa, onun müəyyən faizini Mərkəzi Bankda saxlamalıdırlar. İndi bundan istifadə edə bilmirlər. İri banklar üçün bu tələblər artırılıb. Əvvəllər hamısı üçün eyni idi, indi yox. Bu, adi bir misaldır. O demək deyil ki, həmin bankların vəziyyəti pisləşib. Ən azından bu istiqamətdə əvvəlki ilə müqayisədə əks addım görürük. Düşünürəm, daha güclü addımlar atmaq olar. Xüsusən, bankların inhisarlaşması fonunda, iri bankların bank sirrini pozmaları və s. Sığorta sahəsində hələlik ciddi dəyişikliklər görmürük. Düzdür, deyirlər ki, müəyyən işlər gedir. Amma hələlik nəsə yoxdur. Aydındır, bank sistemi ilə daha çox məşğuldurlar. Qiymətli kağızlar sahəsində də hələ bir addım görmürük. Bu ilin əvvəlində AMB strategiyasını açıqlayıb ki, hansı işləri görəcək. Öhdəsindən gələcək, gəlməyəcək, bu, tamamilə başqa şeydir. Hər dəfə görüşlərdə bunu Taleh Kazımova deyirəm, son dəfə də demişəm ki, ləğv prosesində olan banklarla bağlı kontrol yoxdur. Mənfi cəhətlərindən biri budur. Mərkəzi Bank bu sahəni başlı-başına buraxıb, səlahiyyətlərini tam yerinə yetirmir. Əmanətlərin Sığortalanması Fondu istədiyini edir. Bu, tamam ayrı, böyük mövzudur. Taleh Kazımov sonuncu dəfə görüşdə dedi ki, bu sahəyə diqqət artırılacaq... 2022-ci ilin sonunda - dekabr ayındakı ilk görüşdə İslam bankçılığı məsələsini birinci mən qaldırmışdım ki, niyə Azərbaycanda bu yoxdur? Taleh Kazımov demişdi ki, olacaq, üzərində iş gedir. Amma artıq üstündən 1 il yarım vaxt keçib, hələ ki nəsə görmürük. Nə ortada bir qanun layihəsi var, nə də heç nə. Başa düşürəm ki, iş çoxdur. Amma hesab edirəm, bu da vacibdir. Bunu ancaq dini, insan hüquqları baxımından demirəm, elə iqtisadiyyat üçün İslam bankçılığı lazımdır. Bu, biznesdir. Ölkəyə pul cəlb etmək baxımından, əhali, eyni zamanda sahibkarlar üçün kreditləşmənin daha az yüklənməsi nöqteyi-nəzərindən çox yaxşı olar. Şəffaflığı da artırar. Mərkəzi Bankın İdarə Heyəti hələ tam formalaşmayıb. Ola bilər, səbəblərdən biri budur. AMB-nin səlahiyyətləri genişdir - pul siyasəti, banklara nəzarət, sığorta, qiymətli kağızlar, ödəniş sistemləri, valyuta nəzarəti... Qanuna görə, əvvəllər 7 üzv olmalı idi, ötən il dəyişiklik etdilər. İndi İdarə Heyətində 9 üzv olmalıdır. Üzvlərdən ikisi ictimai nəzarət kimi AMB-dən asılı olmayan kənar şəxs olmalıdır, yeddisi isə Mərkəzi Bankın daimi çalışanları. İndi MB-nin İdarə Heyətində üç nəfər var. Sədr və onun iki müavini. Başa düşürəm, sədr özü özünə İdarə Heyəti təyin etmir. Bu, dövlət başçısının parlamentə təqdimat verməsi ilə olur. Reallıqda vəziyyətin nə yerdə olduğunu bilmirəm. Yəqin ki, Mərkəzi Bank təkliflərini verib, verməmiş olmaz. Deməli, hansısa dövlət qurumlarında məsələnin müzakirəsi gedir.

- Manatla bağlı hazırda narahatlıq varmı? Real "üzən məzənnə" rejiminin tətbiqi nə dərəcədə faydalı olar?

- Xeyr, Mərkəzi Bankda da bu barədə narahatlıq yoxdur, eskpertlərdə də. Əksinə, biz düşünürük ki, bu gün Azərbaycan üzən məzənnəyə keçsə, manat bahalaşacaq. Dollar yox ha, manat bahalaşa bilər. Bu, ölkənin istehsalı üçün elə də müsbət olmaya bilər. Üzən məzənnə bu günə faydalı deyil. Çünki bunun üçün ölkədə iqtisadi baxımdan heç bir şərait yoxdur. Həm də təhlükə bu gün yoxdur, neftin qiyməti kifayət qədər yüksəkdir. Sabah nə olacaq, axı bunu da bilmirik...

- Hazırda manat sərbəst buraxılsa, dollar nisbətində neçə olar?

- Bunu demək çətindir. Amma hər bir halda 1,70 yox, 1,50 də ola bilər, 1,40 da...

- Zaman-zaman məhkəmə, hüquq sistemi barədə şikayətləriniz olurdu. Artıq bir neçə il əvvəldən islahatlara başlanıldığı elan edilib. Bu sahədə dəyişiklik varmı?

- Dəyişiklik var, yuxarı səviyyədə... Ali Məhkəmənin öz səviyyəsində. Qərarları daha düşüləndir. Demirəm ki, hamısı. Bu, qısa zamada mümkün də deyil. Amma tendensiya var, həmin tendensiyanı qeyd edirəm ki, Ali Məhkəmənin qərarlarında kifayət qədər dəyişiklik müşahidə edirik - işə daha ciddi yanaşma, vahid təcrübə formalaşır, düzgün yanaşırlar... Mən vəkil olduğum üçün vəkillərlə təmasdayam. Korrupsiya haqqında öz aramızda zaman-zaman söhbətlər edirik. Qeyri-rəsmi hamı bilir ki, Azərbaycanda hansı hüquqşünaslar, vəkillər pul çatdırır. Hətta bilirik ki, kim bir işdə eyni zamanda iki-üç cəbhəyə işləyir. Sadəcə, bunu sübut etmək məsələsi var. Hamı hamını çox yaxşı tanıyır. Buna görə də birinə hörmət edirik, o birinə etmirik. Əlini də sıxmırıq. Bu söhbətlər azalıb. Demirəm ki, yoxdur, amma azalıb. Xeyli qərarlar var, pul söhbəti yoxdur, işə tamamilə düzgün yanaşma var. Əvvəllər hakimlərin bəhanəsi var idi. Onlar faktiki bir yerə tabe deyildilər. Həm Ədliyyə Nazirliyi, həm Ali Məhkəmə, o yandan Konstitusiya Məhkəməsi çıxırdı. Hamını fırladırdılar. İndi belə şey yoxdur. Bir nöqtədir, vahidləşib. Ali Məhkəmənin sədri eyni zamanda Məhkəmə-Hüquq Şurasının sədridir. Konstitusiya Məhkəməsinin səlahiyyətləri məhdudlaşdırılıb. Ədliyyə Nazirliyi, ümumiyyətlə, bu məsələlərə daha baxmır, kifayət qədər öz işləri var. Azərbaycanda ən böyük problem rayon məhkəmələridir. Hətta Bakının da rayon məhkəmələri - birinci instansiya məhkəmələri. İndi adətən korrupsiya orada olur. Çünki hakimlərin məsuliyyət hissi azdır. Onların qəbul etdikləri qərarları Ali Məhkəmə, Apellyasiya Məhkəməsi onsuz da tez-tez sonda ləğv edir. Bu gün ən yaxşı məhkəmələrimiz kommersiya məhkəmələridir. Xüsusilə Bakı Kommersiya Məhkəməsi Azərbaycanda şəffaf, dürüst məhkəmədir. Hardasa, inzibati məhkəmələr də pis deyil. Ən çətin məsələ Ağır Cinayətlər Məhkəməsidir. Cinayət icraatı Azərbaycanda ən korrupsion, ən ədalətsiz icraatdır. Azərbaycanda ən böyük problem nədir? Bizdə ayrıca əlahiddə istintaq idarəsi yoxdur. Axırda iş Baş Prokurorluğa gəlir, o da istintaqı aparır. Məhkəməyə də ittiham etmək üçün çıxan prokurordur. Düzdür, ayrı-ayrı idarələr, şəxslərdir. Çox zaman görürük, prokuror çıxıb qeyri-rəsmi şəkildə deyir ki, bu nə işdir, boş-boş, qanunsuzdur. Amma bunu məhkəmədə açıb deyə bilmir, çünki o, eyni idarədən çıxıb. Buna görə də istintaqı Baş Prokurorluqdan ayırmaq lazımdır. Əks halda, cinayət hüququ sahəsində xeyli problem var. Konstitusiya Məhkəməsində də problem kifayət qədərdir. Kadr dəyişiklikləri baş verməyincə orada da vəziyyət belə qalacaq. Bir-iki nəfər istisna olmaqla, hamısını dəyişmək lazımdır. Yəqin ki, Ali Məhkəmədə də hələ kadr dəyişikliyi olacaq. Bu, qaçılmazdır. Əsas problemlərdən biri də məhkəmə qərarlarının icrasıdır. Yəni məhkəmə qərarının olması nəsə demək deyil. İcra məmurları Azərbaycanda ən korrupsion qurumlardan biridir. Düzdür, maaşları azdır, başa düşürəm, amma fakt faktlığında qalır. Kefləri istəyən işlə məşğuldurlar, istəməyənlə məşğul deyillər. Burada pulu alır ki, işi icra etsin, o biri tərəfdə pulu alır ki, icra etməsin... Yeni ədliyyə naziri gəlib, ümidlərimiz böyükdür. Kifayət qədər bilikli, dürüst, əqidəli adamdır. Onu tələbəlik illərimdən çox yaxşı tanıyıram. Mən Bakı Dövlət Universitetində Tələbə Şurasının sədri olmuşam. Fərid Əhmədov da mənim birinci müavinim olub. Biz universitetdə məhz korrupsiyaya qarşı mübarizə aparmışıq. Söhbət 1997-1999-cu illərdən gedir. Hesab edirəm, Azərbaycan təhsil sistemində o dövr kimi aktiv dövr olmayıb. Mətbuata çıxır, məqalələr dərc edir, haqqımızı tələb edirdik. Hər şeyi aşkar deyirdik. Fərid Əhmədovu o vaxtdan ta illər ərzində tanımışam, işini də bilirəm. İş metoduna qəti şübhəm yoxdur ki, o, bu işlərin öhdəsindən gələ bilən adamdır. İşə yanaşma özü düzgündür, başqa şey ola bilməz. Şəxsən mənim üçün Fərid Əhmədovun təyinatı böyük bir siqnal oldu ki, dəyişikliklər olacaq. Digərlərini yaxından tanımasam da, Fərid Əhmədovla bağlı bilirəm ki, başqa söhbətlər ola bilməz. İcra məmurları ən vacib məsələdir. Bu sahədə ciddi dəyişiklikər baş verməlidir, əks halda problemlər artacaq...

- Bu yaxınlarda həkim Öndər Tulumbacının süni mayalanma zamanı nöqsana yol verdiyi barədə ictimaiyyətə məlumat açıqlamışdınız. Gündəmdə geniş müzakirə olundu. Ümumiyyətlə, ictimailəşdirmədiyiniz, halbuki gündəm yarada biləcək başqa məhkəmə qərarları da varmı?

- Yəqin ki, olub. Çalışıram ki, ən vaciblərini yayım. Son dövrlər belə qərarlar yoxdur. Ötən ilin sonunda Konstitusiya Məhkəməsinin iki qərarı var idi. Sosial şəbəkədə yazmışdım. Onları ötən ilin sonundan demək istəyirdim, sadəcə, vaxtım olmurdu. Tulumbacının qərarını isə sırf təsadüf nəticəsində bildim. İlin əvvəlində bir nəfər mənə dedi ki, belə hadisə baş verib. Yenə də vaxt edə bilmirdim ki, bu barədə nəsə yazam...
- Bank sektoru barədə verdiyiniz açıqlamalara görə daha əvvəl Baş Prokurorluğa çağırılmışdınız, haqqınızda şikayət edilmişdi. İndi də sizi şikayət edənlər var?

- Həmin hadisə 2017-ci ildə olmuşdu. Bir dəfə olub, sonra olmadı. Halbuki ondan sonra daha çox, daha sərt danışmışam. Prokurorluğa gedəndə dedim ki, istəyirsiniz, heç ümumiyyətlə danışmayım. Dedilər ki, yox, bizə belə şey lazım deyil, Azərbaycanda söz azadlığı var. Mən də fikrimi bildirdim ki, hansısa bank onun barəsində yanlış şərh verdiyimi hesab edirsə, getsin məni məhkəməyə versin. Axı Baş Prokurorluğa veriləsi nəsə yoxdur...

- Tenderlərdən də danışmaq istərdik. Bu barədə narazılıqlar çoxdur. Bəzi dövlət qurumları tenderlərdə öz şirkətlərini qalib edirlər.. Belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Deməzdim ki, “bəziləri”. Dövlət qurumlarının mütləq əksəriyyəti belə edir. Əksər hallarda bunu pis niyyətlə edirlər. Bəzi hallarda isə niyyət yaxşıdır. Qurum yaxın şirkəti buna görə tənderə cəlb edir ki, fikri doğrudan da hər şeyin keyfiyyətli olmasıdır. Bu sahədə qanunvericiliyin özü Azərbaycan şəraitinə uyğun deyil. Ən azından köhnə qanun idi. İlin əvvəlində yeni qanun qüvvəyə mindi. “Böyük fərq var” deməzdim, amma hər halda müsbətə doğru müəyyən dəyişikliklər olduğunu deyirlər. Əsas problem şəffaflığın olmamasıdır. Yeni qanunun necə işlədiyi barədə hələlik şərh verə bilmirəm. Hələ üstündən üç ay keçib, indi dördüncü aydadır. Əvvəlki qanun bərbad idi. Sən onunla işləmək istəsən də, işləyə bilməyəcəkdin. Mən özümü dövlət qurumunun yerinə qoyuram. İl bitəndə artıq hər bir orqan satınalma portalında növbəti il üçün öz satınalma planını yerləşdirməli idi, yerləşdirmirdilər. Planı hamı əvvəlcədən görməli idi ki, hazırlaşsın. Bunlar olmadığına görə hamı bilir ki, Azərbaycanda dövlət satınalmaları qanun pozuntusu ilədir, korrupsiya, yeyinti var. 2001-2005-ci illərdə Mərkəzi Bankda işləyəndə mənim üzərimə ictimai vəzifə də qoymuşdular. Tender Komissiyasının katibi idim. Rüfət Aslanlı isə Komissiyanın sədri idi. Biz işimizi qanunla qurmalı idik. O zaman oturub qanunu oxuyanda gördüm ki, heç nə başa düşmək olmur, ziddiyyət var, nəyi necə etməli olduğunu bilmirsən. Geniş məktub hazırladım. Elman Rüstəmov da məktuba “qol” çəkdi, o vaxtkı Satınalma Agentliyinə göndərdik ki, qanunda boşluq, ziddiyyət var, necə tətbiq edək? Üstündən bir neçə gün keçdi, dedilər, Agentlikdən zəng ediblər, axtarırlar ki, məktubu kim yazıb. Nömrə verdilər, zəng etdim. Telefona cavab verən işçi mənə dedi ki, “siz nə danışırsınız, Prezidentin imzaladığı qanunda axı necə boşluq ola bilər?” Dedim, ay kişi, Allah kəlamı deyil ki, qanundur də, niyə boşluq olmasın? Bəzi qanunları Konstitusiya Məhkəməsi özü qanunsuz elan edir. Yəni o zamandan bilirəm ki, qanunla düzgün işləmək istəyən olsa, tenderdə iştirak etmək istəyənlər başlayacaqlar oyunlar oynamağa. Qiyməti bilə-bilə az yazacaqlar ki, udsunlar, amma real işi görə bilmirlər. Öz sahəmizi götürüm. Hüquqi xidməti sən tenderlə necə müəyyən edə bilərsən? Keyfiyyət, etimad məsələsi var. Aydındır ki, bu, yalnız qiymətə bağlı deyil, tenderlə etmək olmur. Qanunu bilə-bilə o cür ediblər. İndi Satınalma Agentliyi yoxdur, funksiyaları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yerinə yetirir. Bunun üçün də ilişməyə yer həmişə var, Azərbaycanda həmişə belə sistem olub. Dövlət qurumu özünə yaxın şirkətləri tenderdə qalib edib, nəticədə özü də qazanıb, şirkət də. Nəzarət edənlərə də pul verib ki, sus. İndi mən bu sahədə deyiləm. Əvvəllər tenderlərdə bir-iki dəfə iştirak etmişdim, indi etmirəm. Yenə deyirəm, bizim sahədə tenderdə iştirak etmək bir az qeyri-adidir. Çıxıb deyim ki, mən düzəm? Bu da mənə uyğun deyil. Hələ zaman-zaman eşidirik ki, Hesablama Palatası “getdi, yoxladı, tapdı...” Yaxşı, sonra nə oldu? Kimi tutdular, məsuliyyətə cəlb etdilər? Heç nə yoxdur. Belə çıxır ki, Palata gedir tapır, elə əsas tapdığı iş budur, yeyinti burda baş verir. Bu da dövlət qurumlarında, məmurlarda stimul yaradır ki, belə də etmək lazımdır.

- Milli Məclisə seçkilər keçiriləcək. İştirak etmək niyyətiniz varmı? Hüquqşünassınız, niyə qanunvericilik orqanında təmsil olunmayasınız?

- Yox, sözün düzü, heç vaxt seçkili orqanda iştirak etmək niyyətim olmayıb. Gedim namizədliyimi verim ki, “məni seçin”. Hansısa xırda, məni hər kəsin tanıdığı bir yerdə ola bilər, məsələn, bayaq dedim, universitetdə Tələbə Şurasının sədri olmuşam, məni seçiblər. Eyni zamanda o vaxt Təhsil Nazirliyi yanında Tələbə Şurasının da bütün Azərbaycan üzrə sədri olmuşam. Birincisi, Azərbaycanda seçki mədəniyyəti yoxdur. İnsanlar seçkiyə gəlmirlər. İnsanların deputatdan gözləntisi fərqlidir. Məndən gözləməyəcəklər ki, get parlamentdə düzgün qanun qəbul et. Hamı deyir ki, “biz “uşaqpulu” istəyirik!” Gedirlər Dövlət Sosial Müdafiə Fondunun üstünə. Fond nə etsin? O icraçıdır, ona nə qədər vəsait veriblər, ona uyğun iş görür. Sən get “guya seçdiyin” deputatdan yapış ki, niyə bu qanun yoxdur? Sən qanunu istə. Bizdə deputatdan bunu istəmirlər axı. Hamısı deputatın qəbuluna gedib deyir ki, “yol çək”, “uşağımı evləndirirəm, cehiz verməliyəm, pul ver”, “xəstəyəm, pul ver...” Bunu deputatlar özləri də etiraf edirlər. Deyirlər, “maaşımızın artmasını ona görə istəyirik ki, camaat bizdən pul istəyir”. Yanaşma özü düzgün deyil. Mən deputat olsam, deyəcəyəm ki, xeyr, mən sizin üçün nə yol çəkənəm, nə də pul verə bilərəm, öz ailəm böyükdür, nə qazanıramsa, onsuz da, ora gedir. Həm də seçkidə vədlər verməlisən. Kütlə geniş olanda hərənin öz istəyi olur. Mən də etməyəcəyim şeyi deyə bilmərəm. Nə fikirləşirəmsə, onu da deyəcəyəm. Siyasətçi isə həmişə çalışmalıdır, bir az işini elə qursun ki, birinə bir vəd, digərinə başqa vəd versin. Əlbəttə, sırf qanunvericilik fəaliyyətinin özü mənim üçün maraqlıdır. Vaxtaşırı dövlət qurumları ilə qanunların hazırlanması prosesində iştirak edirəm. Bəlkə də, bu baxımdan istəyərdim, parlamentdə oturum, deyim ki, qanunda səhvlər var, düzəldək. Parlamentə düşməyin iki yolu var – ya səni ora təyin etməlidirlər, necə ki bəziləri çıxıb deyirlər, “məni YAP-dan təyin ediblər”, ya da doğrudan da seçilməlisən. Bizim insanları real seçkiyə gətirmək çətin məsələdir. Son seçkidə real seçilmiş deputat, yəqin ki, Erkin Qədirli olub. Amma onun haqqında da deyirlər ki, “əşi, yox, seçkiyə gəlməmişdilər”. Bu, ciddi problemdir. 2020-ci ildə keçirilən seçkilərdə bəzi dairələrdə seçki baş tutmadı. Qanuna görə, həmin dairələrdə yenidən seçkilər keçirilməli idi. İndiyə kimi keçirilməyib. Bu, Azərbaycanda parlamentarizmin olmaması deməkdir. Həmin dairələrdə seçki olmamasını da kənara qoyuram, onsuz da vaxtları bitir. O vaxtdan bir nəfər deputat çıxıb parlamentdə dilinə gətirməyib ki, “bəzi yerlərimiz boşdur, ümumiyyətlə, bu yerlərə seçki olacaq?” Bu da vacibdir. Axı mən gərək biləm ki, parlament real parlament olacaq, yoxsa indiki kimi? Ötən ilin sonu Sabir Rüstəmxanlı çıxıb dedi ki, hansı məmur istəyirsə, qanunlara özünə sərf edən formada dəyişiklik edir. Təxminən, belə bir şey demişdi. Bəs sən orda niyə oturmusan? “Knopka”ya sən basırsan, necə yəni məmur edir? Mən siyasətçi deyiləm, hər məsələ üzrə öz fikrim var. Heç vaxt heç bir partiyanın üzvü olmamışam, olmayacağam. Amma bilməliyəm ki, parlamentdə mənimlə birgə oturanlar kimlərdir. Son illər görürəm ki, bəzi deputatları intizam məsuliyyətinə cəlb edirlər. 2020-ci ildə deputat Könül Nurullayeva dedi ki, biz Ermənistandan bizə vurulan zərəri tələb etməyə də bilərik. Buna görə onu intizam məsuliyyətinə cəlb etdilər. Səhv deyib, düz deyib, axırı bu adam deputatdır. Bəhruz Məhərrəmov da İranla bağlı çıxışına görə intizam məsuliyyətinə cəlb edildi. Ötən ilin elə aprel ayında Vahid Əhmədovu da müsahibəsində dediyi fikirlərə görə intizam məsuliyyətinə cəlb etdilər. Mən parlamentdə olsam, yəqin ki, hər ay intizam məsuliyyətinə cəlb edərlər. Deputatın işi elə fikir bildirməkdir də. Belə olacaqsa, ümumiyyətlə, parlamentdə ola bilmərəm. Yəqin, bir neçə dəfə töhmət verəndən sonra məni parlamentdən çıxaracaqlar.

- Bir müddət əvvəl açıqlamanızda demişdiniz ki, deputatların əksəriyyəti hüquqi cəhətdən bisavaddır, qəbul etdikləri qanunlardan da xəbərləri yoxdur, bacardıqları bircə arabir pafoslu boş-boş danışmaqdır, buna görə də, təxmini, 7500 manat maaş alırlar. Ümumilikdə, Milli Məclisin qanunyaratma fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bəli, demişəm. Milli Məclis qanun yaratmır, sadəcə, gələn qanunları təsdiqləyir. Hətta “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa görə, hər bir qanun layihəsinin əsaslandırılması olmalıdır. Arayış. O arayışı heç bunlara vermirlər. Arayışın, ümumiyyətlə, harada saxlanıldığı da bilinmir. Halbuki qanunverici orqanda saxlanılmalıdır. Arayış bütün sivil ölkələrdə, hətta bəyənmədiyimiz Rusiyada layihə ilə bir yerdə dərc olunur. Arayış layihənin özündən də böyük olur. Arayış əsaslandırır ki, layihəni niyə qəbul edirik, nə baş verəcək... Azərbaycanda bu da yoxdur. Parlamentdə real müzakirə olmur. İndiyə kimi görməmişəm ki, bir deputat çıxsın parlamentdə ortaya real qanun layihəsi qoysun. Bəzən deyə bilərlər ki, layihə qoyacam, qəbul olunmayacaq. Eybi yox, ən azından seçicilərinin qarşısına çıxanda deyəcəksin ki, mən bunu etdim. Heç biri bunu etmir. Hətta bəzi deputatlara kifayət qədər böyük hörmətim var. Hüquqi savada malikdirlər, bilirəm. Amma onlardan da heç kim ortaya layihə qoymur. “Sözümüz keçmir” yanaşması ilə razı deyiləm. Sənin işin deputatlıqdır. Bir sözlə, Azərbaycanda parlament-seçki mədəniyyəti ola bilməz, çünki bələdiyyə mədəniyyəti yoxdur. Bələdiyyə mədəniyyətindən aşağı çoxmənzilli binaların idarəetmə mədəniyyəti yoxdur. İnsanlar bir binada yaşayırlar. Qanun deyir ki, siz binanı özünüz idarə etməlisiniz. Heç onu da idarə etmirlər, tikinti şirkəti bunların yerinə idarə edir, yeyir, dağıdır, talayır, binanı pis günə qoyur. Heç insanlar orda birləşmirlər. Düzdür, bəzi yerlərdə son illər dəyişikliklər baş verir, bununla bağlı məhkəmə işlərimiz var. Amma ümumilikdə, Azərbaycan xalqında seçki və kollegiallıq mədəniyyəti yoxdur. Bunu elə-belə demirəm, araşdırmışam. Bu, milli keyfiyyətdir. “Quran”da belə bir ayə var ki, qərar verəndə məsləhətləş. Bizdə bu, yoxdur. Biz xoşlayırıq ki, bir nəfər olsun, hər şeyi həll etsin, müzakirə yoxdur, nə desə, hamımız ona tabeyik. Bu, türkçülükdən, köçəri mədəniyyətindən gəlir. Türk dövlətlərinin hamısında eyni vəziyyətdir. Qırğızıstan bir dönəm nəsə etdi, sonra yenidən eyni sistemə qayıtdı. Türkiyənin özü də buna meyillidir. Bəziləri bunu dinlə əlaqələndirirlər, amma yox. Elə ərəb ölkələri var ki, orada kollegiallıq mövcuddur. Hətta Səudiyyə Ərəbistanında. Deyirlər ki, orada monarxiyadır, belə deyil. Ailə monarxiyasıdır, onlar da müzakirə edirlər. İranda da bir nəfərin hakimiyyəti deyil, müzakirə var. Bizdə isə yoxdur. Türkçülüyün üstünülüyü budur ki, döyüşürük, vururuq, dağıdırıq, amma idarəetməyə gələndə sistem yaxşı deyil. Biz də bu sistemdən hələlik çıxa bilməmişik.

- “Quran”dan danışdınız. Azərbaycanda hazırda əsl ilahiyyatçı var? Kimlərin moizələrini dinləyirsiniz?

- Son vaxtlar ciddi şəkildə heç kimi dinləmirəm. Daha çox dini kitablar, “Quran” oxuyuram. Birincisi, Azərbaycan cəmiyyəti dinçi yox, ateist, deist cəmiyyətidir. İnsanların ən az 80%-i bu qrupa aiddir. Ya ateistdirlər, ya da deist. Ola bilər, bunu dillə deməsinlər, amma soruşanda görürsən ki, əqidəsi nədir. Bu baxımından, Azərbaycanda ilahiyyatçılığa ciddi tələbat yoxdur.

- Axundlardan biri də narkoticarətlə əlaqəli saxlanıldı... Belə hallar niyə baş verir?

- Savad yoxdur. Buna görə də “o tərəfə” meyillidirlər. Ordan deyirlər ki, “getdik, dağıdacağıq”, heç baxmırlar ki, danışan bu sözləri haradan götürüb, nədən danışır, özlərindən uydurma, guya dini fikirlər deyirlər. Şiəlik, əlbəttə, daha geniş yayılmış cərəyandır. Amma bu, tarixlə əlaqəli deyil. Görürsünüz, Azərbaycanda əksəriyyət “TikTok”dadır. Otururlar, televizorda gic-gic verilişlərə baxırlar... Təbii ki, şiələrin də içində əqidəli, kifayət qədər əxlaqlı insanlar var. Alimləri də... Amma bütövlükdə savadsızlığa hesablanmış cərəyandır. Azərbaycanda sünnilikdə ciddi parçalanma var. Sələfilər, hənəfilər, bir də xəvariclər. Hamı elə bilir ki, əslində, bunlar eyni şeydir. Xeyr, tamamilə parçalanıblar. Hənəfilər daha çox Türkiyəyə meyillidirlər, daha yumşaq versiyadır. Sələfilər və xəvariclər son vaxtlar bir-birilərinə qarşı çıxıb danışırlar. Son zamanlar dindən daha çox bir-birilərinə qarşı danışırlar. Bu da məni bir az iyrəndirib, buna görə də heç kimə qulaq asmıram. Üstə gəl, Azərbaycanda “quranilər” var, rəhbərləri də Elşad Miridir. Aşkar deməsə də, fakt ortadadır ki, bu adam "qurani”dir. Bu, o deməkdir ki, “Quran”ı qəbul edirəm, hədisləri yox. Hansısa hədis aşkar şəkildə “Quran”a ziddirsə, məndə də bəzən sual yaranır ki, niyə belədir? Amma ümumiyyətlə “hədislər yoxdur” demək... Bəzi məsələlərdə müsəlmanlar arasında ixtilaf yoxdur, şiə, sünni hamı eyni şeyi deyir. Elşad Miri isə deyir ki, yox ey, hamısı səhv deyir. Bu da təəccüblüdür. Belə şey ola bilməz axı. Deməli, sən dinin əsasını vurursan. Hərdən “Facebook”da kimisə görürəm, ona qulaq asıram...

- Kimin adını misal çəkə bilərsiniz?

- Ümumiyyətlə, ilk dəfə 1998-ci ildə “Əbu Bəkr” (“Cümə”) məscidinə getmişəm, Qamət Süleymanova qulaq asmışam. İndi də daha çox onu görəndə fikirlərinə qulaq asıram. Hesab edirəm, Qamət Süleymanov məhz orta mövqeyini saxlaya bilib. Nə hənəfilər kimi yumşalmağa doğru getmir, “hə, nə istəyirsiniz, edin, eybi yox, düzələr, Allah bağışlayacaq...” Nə də bu birilər kimi sərt mövqedə deyil. Siyasətə qarışmır, bu da çox vacibdir. Din siyasətə qarışmamalıdır. Mənim üçün də bu vacibdir ki, əsl müsəlman öz əmirinə tabe olmalıdır. Qamət Süleymanovun bu fikirlərini həmişə qəbul edirəm. Əmir pis, yaxşı ola bilər, insandır, təbii ki, səhv də edə bilər. Amma biz “kim düz, kim səhv dedi” şəklində çalxalamağa başlasaq, bu, dövlətdə çox pis vəziyyətə, ixtilaflara gətirib çıxaracaq. Hesab edirəm, İslam ən eqoist dindir. Çünki hər kəs özü ilə məşğul olmalıdır, özünü fikirləşməlidir ki, öləndən sonra nə baş verəcək? "Dünyanı düzəldək, şəriət dövləti quraq...” Qurulsa, əla. Amma sənin məqsədin bu olmalı deyil. Xüsusən, buna görə zor tətbiq etmək. Bu, qəbulolunmaz bir şeydir. Həmçinin biz axı bilirik ki, onsuz da dünyanın sonunda bir nəfər belə müsəlman qalmayacaq...

- Siz ölümə hazırsınız?

- Hesab edirəm ki, bəli. Əvvəllər ola bilər, deyirdim ki, hələ indi tezdir. Təbii ki, özümdən razı deyiləm, çoxlu günahlarım, səhvlərim var. Bilirəm ki, nələrisə daha düzgün etmək lazımdır. Ümumiyyətlə, düşünürəm ki, əsl kişi ölümə hər zaman hazır olmalıdır. Çünki hər şey ola bilər.

- Ölümdən danışmışkən, Azərbaycanda ölüm hökmünün bərpası məsələsi tez-tez gündəmə gəlir. Azərbaycan SSRİ Cinayət Məcəlləsində ölüm hökmünün kimlərə şamil edildiyinə baxdım. Diqqətimi çəkən məqam bu oldu ki, həmin dövrlərdə dövlət əmlakını külli miqdarda talayanlara, xüsusilə külli miqdarda rüşvət alan vəzifəli şəxslərə də ölüm cəzası verilib. Sizcə, hazırda bu qanun qüvvədə olsaydı, neçə faiz məmurun sağ qalma ehtimalı olardı?

- Oooffff.... (gülür) Birincisi, elə buna görə də ölüm hökmü tətbiq olunmayacaq. Çünki Azərbaycanda rüşvət almayan məmurun sayı çox azdır. İkincisi, indiki vəziyyətdə ölüm hökmünün əleyhinəyəm. Bunu kim tətbiq edəcək? Hakimlərimiz? Bunu hakimlərin, məhkəmələrin öhdəsinə buraxsaq, elə ciddi korrupsiya olacaq ki... Üçüncüsü, ölüm hökmü Azərbaycanda tətbiq olunsa belə, mən İngiltərə məhkəmə sisteminin tərəfdarıyam. Andlı iclasçılar - adi insanlar olmalıdır, onlar deməlidirlər ki, mühakimə edilənin günahı var, ya yox. İnsanlarımız buna hazırdırmı? Deyirəm axı, insanlarımızın müəyyən hisəsi savadsızdır. Torpaqların azad olunmasını kənara qoyuram, ən böyük uğurumuz millət kimi formalaşmağımızdır. Yerlibazlıq yoxdur, 30 il əvvəl var idi. İndi hamı hamıya qız verir, qız alır. "Haralısan?" sualı yoxdur. Biz əslində indi millətik. Əvvələr elə də millət deyildik. Niyə bu məsələ var idi? Çünki Elçibəyin dövründə türkçülük məsələsi ortaya atıldı. İndi millət formalaşıb, amma ən böyük zərərimiz millətin bisavadlaşmasıdır. 1990-cı illərin əvvələrində ilk dəfə televiziyada türk verilişlərini gördük. "Viktorina"lara baxırdıq, deyirdik ki, bunlar necə bisavaddırlar, elementar şeyləri bilmirlər. Biz o vaxtlar onlara gülürdük. Çünki bizim insanlar daha savadlı, daha mədəni idilər. Bu dəqiqə axşamlar şəhərə, xüsusən Fəvvarələr Meydanına çıxmağıma peşmanam. Gənclər özlərini necə aparırlar... Adam iyrənir. Bu cür insanlara andlı iclasçı səlahiyyətini vermək olarmı? Bunlar bir insan barəsində hansı hökmü çıxara bilərlər? Buna görə də indi ölüm hökmünün tətbiqinin olmasını istəməzdim.

- Cəmiyyətdə müzakirələrə səbəb olan məsələlərə, demək olar, hər zaman münasibət bildirirsiniz. Son zamanlar xanımlar arasında estetik əməliyyat sanki virus kimi yayılıb. Sizcə, buna niyə ehtiyac duyurlar? Çoxları kişiləri günahlandırır ki, onlar yetərincə xanımlara diqqət göstərmirlər...

- Aydındır ki, qadınların gözəl, baxımlı olmaları kişilərin xoşuna gəlir. Bizdə estetik çox ifrat dərəcəsini alıb. Qadınlar "estetik" adı altında özlərini lap pis günə qoyurlar. Bundan əvvəl daha yaxşı idilər. Çünki onlar kişilərin istəyini bilmirlər. Hansısa jurnallarda, verilişlərdə qadınlara bu fikri təlqin edirlər ki, "iri dodaqlar yaxşıdır". Bunu elə ifrata çatdırırlar ki. Xeyr, çox iri dodaqlar kişilərin xoşuna gəlmir. Əksinə, onlarda iyrənclik hissi yaradır ki, bu nə görkəmdir? Problem bundadır ki, biz indi istehlak cəmiyyətində yaşayırıq. Estetik xidmət göstərənlər qadınların fikirlərini dəyişirlər. Elə kişiləri də dəyişirlər. Başı keçəlləşənə deyirlər ki, get mütləq saç əkdir. Mən bilirəm ki, qadınları elə də maraqlandırmır, kişinin saçı var, ya yoxdur...

- Hazırda burununu estetik əməliyyat edən kişilərin sayı da kifayət qədər artıb...

- Bəli. Halbuki kişinin zahiri görünüşü qadınları o qədər də maraqlandırmır. Bunu mən demirəm, elm deyir. Bu sahədə çox oxuyuram. Biologiya, psixologiya... Xüsusən, son vaxtlar qadın və kişi münasibətləri haqqında çox oxuyuram. Bəlkə, gələcəkdə bu barədə kitab da yazdım. Belə bir fikrim var. Sırf elmi, hüquqi, iqtisadi bir şey. Buna görə də oxuyuram. Bəli, qadınların görünüşü kişiləri maraqlandırır. Qadınlar da bunu bilirlər. Sadəcə, qadınların bir səhvi də var. Elə bilirlər ki, 40 yaşından sonra estetiklə kişini cəlb edəcəklər. Başa düşmürlər ki, sən üzünü dəyişə bilərsən, amma müəyyən biokimyəvi proseslər var. 40 yaşından sonra kişiləri əvvəlki kimi cəlb edə bilməyəcəksən. Bəzi şeylər sırf zahiri görünüşlə deyil. Kişilər onsuz da yenə gənc qadınlara meyilli olacaqlar. Çünki bu, biologiyadır. Kişi qadına buna görə meyilli olur ki, bu qadın mənə uşaq doğa bilər? Bu, beyindən gəlir, kişinin özündən asılı deyil. Kişinin fitrətindədir, sən bu baxımdan onu cəlb etmirsənsə, onsuz da kişi səni ciddi qəbul etmir. Bəzən kişilər də başlayırlar ki, qadınlar ancaq pul güdürlər, bizdən pul istəyirlər. Bunu mənə deyən kişilərə cavab verirəm ki, ədalətsizsiniz, adil deyilsiniz. Axı siz də qadını o vaxta kimi sevirsiniz ki, gəncdir, zahiri görünüşü yaxşıdır. Sabah qadın bunu itirəndən sonra başlayırsınız daha gənc qadınlara baxmağa. Qadınlar da çalışırlar ki, nə qədər cavandırlar, maksimum maliyyə və maddi resursları sizdən götürsünlər. Bu, təbiidir, həmişə də belə olub. Ümumiyyətlə, təbiətə, fitrətə qarşı getməyin nəticələri ağır olacaq. Kişi burnunu nə qədər düzəldir, düzəltsin, kişiliyi yoxdursa, onsuz da cəlb etməyəcək. Qadının da nəcibliyi, zərifliyi yoxdursa. Əslində, kişiləri belə qadınlar cəlb edir.

- Açıqlamalarınızın birində demişdiniz ki, "vay o ailənin halına, orada idarəetmə qadının əlindədir..." Fərz edək ki, Vəkillər Kolleksiyasında idarəetmə qadın vəkillərdən birində oldu. Sizcə, necə olar?

- Onda da mən deyəcəyəm ki, vay olsun Vəkillər Kolleksiyasının halına. Fikrimdə dəyişiklik yoxdur. Birincisi, idarəetmə üçün daha soyuqqanlı və analitik düşüncəyə malik olmaq lazımdır. Qadınlarda isə bu yoxdur. Orta statistika göstərir, bunu mən demirəm. İkincisi, qadınlar reallıqda çox vaxt heç özləri də nə istədiklərini bilmirlər. Qadın əslində gözləyir ki, kişi qərar versin, onu da ardınca aparsın. Son vaxtlar ailələr niyə bu qədər çox dağılır? Kişilər o qədər romantik filmlərə, seriallara baxırlar ki, oğlan qız üçün hər şeyi edir, elə bilirlər, qadınlar da həyatda bunu gözləyirlər. Bəli, qadınlar dildə deyə bilərlər ki, "istəyirəm, mən deyən olsun". Reallıqda isə əksinə, qadın istəyir ki, kişi hökmranlığını göstərsin, özü isə zəif olsun. Uşaq olanda oxumuşdum, Karl Marks hələ gənckən doldurduğu anketdə "kişidə və qadında ən çox xoşlandığınız keyfiyyət hansıdır?" sualına belə cavab vermişdi - kişidə güc, qadında zəriflik. Qadın görəndə ki kişi güclü deyil, özü güclü olmağa çalışır. Bu şəraitdə qadın idarəetməyə gələndə problemlər başlayır. Digər tərəfdən qadınlar arasında həqiqi dostluq olmur, bir-birinə paxıllıq edir, həsəd aparırlar. Fikir verin, harada qadın idarəetməsi varsa, orada ikinci qadın yoxdur, təkcə özüdür. Heç vaxt imkan verməyəcək ki, orada ikincisi olsun. Kişilərdə isə fərqlidir. Əvvəllər bank sistemində xeyli işləmişəm. İşçilərimin çoxu həmişə qadınlar olub. Çünki onlar icraçı kimi daha yaxşıdırlar. Mən necə deyirəmsə, işi o cür icra edəcəklər. Kreativlikləri isə yoxdur.

- Son dönəmlər həmcinslər arasında evlənmə halları artıb. Azərbaycanda da buna qanuni şəkildə icazə verilməsini təklif edirlər. Sizcə, hansı tədbirlər görülməlidir?

- Bizdə onsuz da bunu qanun tanımır. Mümkün deyil. İnanmıram ki, belə bir şey olsun. Xüsusən, Prezidentin andiçmə mərasimində milli dəyərlər barədə dediyi sözləri eşitdik. Yəqin ki, Azərbaycanda belə bir şey olmayacaq. Xalqımız da buna heç vaxt getməz. Azərbaycan mentalitetində qəbuledilməz haldır. Onsuz da eynicinslilər Azərbaycanda nə istəyirlərsə, edirlər. Öz işləridir. Amma qanuni şəkildə yox. Heç kimin şəxsi həyatına qarışmağın tərəfdarı deyiləm. Bəzən kiminsə həyatından videolar çəkib paylaşırlar. Bunun da qəti əleyhinəyəm. Kim ki bunu edir, ona qarşı məsuliyyət olmalıdır. Təbii ki, edilən hərəkətdə qanun pozuntusu varsa, aidiyyəti üzrə baxılmalıdır. Bir ara gündəm oldu, dövlət orqanında, iş vaxtı... Bu, artıq başqa şeydir. Amma arvad kişiyə, kişi arvada xəyanət edirsə, öz işləridir. İmkan verin ki, ailə problemini özü həll etsin. Kiminsə eybini açıb ortaya qoymağın tərəfdarı deyiləm. Hamımız insanıq, hamımızın günahları, səhvləri var.

- İş otağınızda diqqətimi çəkən bir detal oldu. Adətən müsahibələrimlə görüşdə divarda rəhbərin şəkli, masada ailə üzvlərinin fotoları olur. Ümumiyyətlə, sizin otaqda insan surəti yoxdur. Təkcə sizə bənzəyən bir cızmaqara protet var, görünür balaca rəssamın əl işidir... (Əkrəm müəllimin iş otağında insan özünü qanun qarşısında hiss edir. Çox ciddi dizayn edilib. Əsl hüquqşünas otağıdır. Lakin divarda adi dəftər vərəqində flomasterlə çəkilmiş, Əkrəm müəllimi xatırladan saqallı bir nəfərin "portreti" sancaqla asılıb, yanında qoşa ürək də çəkilib. Bu isə otağın sərt görkəminə xüsusi şirinlik verir.)
- Yox, bunu mənim balaca qızım çəkib. (gülür) Mənə də tapşırıb ki, divardan çıxarma. Evdə dörd qızım var. Balaca ən ərköyün olduğu üçün... Hər dəfə bura gələndə baxır ki, görüm şəkil yerindədir, ya yox.

- Əkrəm müəllim, jurnalistlər arasında həmişə sizin peşənizlə bağlı mübahisə düşür. Bəziləri sizi hüquqşünas-vəkil, bəziləri banklar üzrə ekspert kimi təqdim edirlər. Hətta ilahiyyatçı olduğunuzu deyənlər də var. Sizi necə təqdim edək?

- Bəli, Əkrəm Həsənov adında ilahiyyatçı var. O yazıq da həmişə deyir ki, məni səninlə səhv salırlar. Mən özümü, peşəmi hüquqşünas sayıram. Vəkil isə işimdir. Ola bilər ki, bu gün vəkiləm, sabah vəkil olmayacağam. Əlbəttə, bu, mənim işimdir. İqtisadi təhsilim isə doğrudan da var. İkinci ali təhsilimdir. İqtisadiyyatı yaxşı bilirəm. Daima oxuyuram, bu sahədə də özümü inkişaf etdirirəm. Amma özümü iqtisadçı saymıram. Axı iqtisadi sahədə əsərlərim, təhlillərim yoxdur. Daha çox şifahidir. Bəli, hüquq sahəsində kitablarım, elmi əsərlərim var. İndi birini də hazırlayıram. Allahın izni ilə, bu yaxınlarda çıxacaq. Hüquqşünas bütün sahələri kifayət qədər əhatə edir. Dini də, siyasəti də, iqtisadiyyatı da...

- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Bəzən müsahibə dərc olunmazdan əvvəl müsahiblərimiz özləri oxumaq istəyirlər. Siz də bu baxımdan narahatlıq var?

- Mən də təşəkkür edirəm. Xeyr, bu baxımdan rahatam. Bir-iki dəfə bəzi saytlarda sözümü olduğu kimi dərc etməyiblər, sadəcə, onlara daha müsahibə vermirəm. Sizinlə isə belə bir problem heç vaxt olmayıb, buna görə də tam sərbəstəm...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.