Pentaqon xəritəsində ilginc məlumatlar: Siran ərazisi – Fransa kəşfiyyatının Bakıdakı “əməliyyatı” – SENSASİON MÜSAHİBƏ

6-08-2024, 12:37           
Pentaqon xəritəsində ilginc məlumatlar: Siran ərazisi – Fransa kəşfiyyatının Bakıdakı “əməliyyatı” – SENSASİON MÜSAHİBƏ
Globalinfo.az Həmid Herisçi ilə müsahibəni təqdim edir:

– Həmid bəy, İran ətrafında nə baş verir? Bu ölkə niyə bu qədər təzyiqə, hədəyə məruz qalır? İranı sıxıb, ondan nə düzəltməyə çalışırlar?

– Söhbət İrandan yox, Pentaqon hərbi xəritələrində xüsusi rənglə işarələnən “Siran” adlı hərbiləşdirilmiş ərazidən gedir. “Siran” bu məxfi xəritələrdə Suriya ilə İranın birgə rəmzi adıdır. İnqilab Keşikçiləri (SEPAH) bu əraziyə nəzarət edir. ABŞ-la İsrail hərbi doktrinasının hədəfi əslində İran yox, bax bu rəmzi coğrafiyadır. Livan “Hizbullah”ı da həmin “Siran”ın tərkibindədir.

Qarşıdurmanın ən qaranlıq qatında Fransanın bölgədəki geopolitik, siyasi-tarixi maraqları durur. Livanla Suriyanın göbəyini vaxtilə Fransa kəsib. Ötən əsrin 30-40-cı illərində məhz Fransa Livanın inzibati, etno-konfessional xəritəsini cızıb. 2006-cı ildəki “Hizbullah”-İsrail atəşkəs sazişi ABŞ-la Fransanın qəyyumluğu ilə reallaşıb, biləsiniz. Ermənilərin bu bölgədəki maraqları da Fransa kəşfiyyatı DQSE (Direction Générale de laSécurité Extérieure”) tərəfindən idarə edilir. Ancaq…

Ancaq Fransa kəşfiyyatının ermənilərə işləməsi aysberqin görünən tərəfidir. Mənzərənin tamı deyil. Alt qatda Parisin Tehranla əməkdaşlıq mövzusu da var.

Fransanın bu bölgədə yaratdığı geopolitik tərəzi Tehranın maraqlarına zidd deyil. Fəqət, Təl-Əvivin, Vaşinqton konservatorlarının əleyhinədir. ABŞ liberalları, Co Bayden 1 iyul tarixindən başlayaraq bölgədəki bax bu Paris maraqları ilə danışıqlara başlayıblar. Ancaq Tramp Parislə bu bölgədə tərəzi qurmaq istəmir. Parisi bölgədən çıxarmaq istəyir. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Çünki Parislə Bakı arasındakı qarşıdurma təkcə Sakit Okean hövzəsindəki Yeni Kaledoniya, yaxud Aralıq dənizindəki Korsika separatçıları ilə məhdudlaşmır. Ən ciddi toqquşmalarımız elə Yaxın Şərqdə, bayaq dediyimiz “Siran” xəyali coğrafiyasında baş verir. Yəni Suriya, İran, Livan və bizim ən yaxın coğrafiyamızda. Çünki 2018-ci ildən Fransa Gürcüstanda Salome Zurabaşvilini, Ermənistanda Nikol Paşinyanı hakimiyyətə gətirib. Paris bu rəngbərəng siyasi palitranı “Frankofoniya” projesi çərçivəsində idarə edir. Və Azərbaycanı bu projedə özünün arzuolunmaz düşməni sayır.

– Bəzi iddialara görə, proseslərin bu qədər gərginləşməsində Tehran rejiminin rolu kifayət qədərdir. İsraillə, ABŞ-la bilərəkdən konfrontasiyaya gedir, təzyiqləri bilərəkdən üzərinə çəkir. Bir başqa iddia da odur ki, ABŞ-İsrail tandemi İrana heç vaxt müharibə elan etməyəcək. Savaş sadəcə indiki formatda gedəcək: sui-qəsdlər, teraktlar və ideoloji müstəvidə. Bu fikri belə əsaslandırırlar ki, İranı məhv etmək nə ABŞ-a lazımdır, nə də İsrailə. İsrail daxili və xarici auditoriya üçün İran amilindən xortdan kimi istifadə etməkdə daha çox maraqlıdır, nəinki bu “xortdan”ın birdəfəlik məhv edilməsində.

– Yaxın Şərqdə gedən bu postmodern müharibənin iştirakçıları haqda sizin də, rəsmi Bakının da siyahısı tam deyil. Rəsmi Bakı, elə siz də məsələni ancaq ağ-qara, “Hollivud”un “nuar” estetikasında görürsünüz. Ancaq 2016-cı ildə Fransanın AzTV oxşarı “Kanal+”un çəkdiyi “Le Bureau des Legendes” serialına yaxşı baxsanız, orda Azərbaycanla Fransa kəşfiyyatının Bakıdakı toqquşmasını görərsiniz.

Fransada bu casus serialının indiyədək 5 mövsümü, 50 seriyası yayımlanıb. 1-ci mövsüm 2017-ci ilin 27 aprelində yayımlanıb. Serial 2020-ci ilin mayında 5-ci mövsümündə sona çatıb. London “Amazon Prime” kanalında bu serial eyni uğurla 2016-cı ildən göstərilib.

Casus serialları britaniyalıların da dərin sevgisini qazanıb. Baxmayaraq ki, 3-cü mövsümü sırf Azərbaycana aiddir – bu film hələ də bizim kinosevərlərin diqqətinə çatdırılmayıb.

Hə, bu serialda Fransa kəşfiyyatı Bakıda İran SEPAH-ının müttəfiqidir. Azərbaycan isə İsrail kəşfiyyatı “Mossad”la bir yerdədir.

Bölgəmizdəki əsl siyasi qarşıdurma bu serialın 3-cü sezonunda gözəl təsvir edilib. Rejissor Erik Roşarı ancaq alqışlamaq lazımdır.

Təəssüf ki, Bakıda bu qüvvələr nisbəti, bu siyasi süjet hələ də leqallaşdırılmayıb. Media, siyasi analitiklərimiz mövzunu yarımçıq, Fransasız görürlər. Nəticə bizim üçün axırda çox acınacaqlı ola bilər.

– HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi hansı mərhələnin tamamlanması, hansı mərhələnin başlanğıcıdır? Onun İranın paytaxtında bu şəkildə aradan götürülməsində İran dərin dövlətinin əlinin olduğu fikirləri də boy göstərir. İlk məlumat bu idi ki, Haniyənin qaldığı məkan raketlə vurulub. Son günlər isə əks fikir söylənir: HƏMAS liderinin otağına əvvəlcədən partlayıcı qurğunun yerləşdirildiyi deyilir. Bu iki zidd məlumatlar sanki qətllə bağlı izləri itirməyə hesablanıb.

– Siyasi müəmmaları və “Qordi düyünləri”ni axıracan tam açmaq istəyirsənsə, əvvəlcə bu hadisələrin sinxronunu tap. Sinxron isə belədir: 31 iyulda İrəvanın “Zvartnos” aeroportunda pasport nəzarəti Rusiya FTX-dən alınıb, Ermənistan qurumlarına verilib. Bu vacib nöqtə İran kəşfiyyatının bir saylı “Casus dəhlizi” olub həmişə. Livan “Hizbullah”ı, Beyrutla Tehran arasında logistika həmişə bu hava limanından, İrəvandan aparılıb.

Marşrut Rusiyanın nəzarəti altında olub. İndi isə bu vacib tranzit yol İrəvanın nəzarətinə keçincə, ortada qısaqapanma baş verdi. Bu yoldan istifadə edən İsmayıl Haniyə Tehranda öldürüldü.

Fərqi yoxdur, İsmayıl Haniyə Tehrana Qətərdən də gələ bilərdi. Ancaq İrəvan marşrutundakı İran casuslarının Paşinyanın nəzarətinə keçməsi, elə ilk günündəcə müsbət nəticə verməyib.

Həmin gün İrəvana gələn Nikol Paşinyan, görünür, öz siyasi çəkisini Tehranda sərgiləmək istəyirdi. Ancaq Rusiya FTX, deyəsən, bu mənzərəni xeyli soldurdu.

– Həmid bəy, İsrail-İran qarşıdurması yeni qlobal müharibəyə yol açacaq, yoxsa bu, sivilizasiyalararası toqquşma olmaqla bəşəriyyətin yeni intibah mərhələsinin əsasını qoyacaq?

– Köhnə İran prezidenti texnogen qəzada öldü. İndi kimsə İran prezidentlərinin helikopterinə minmək istəməyəcək. Süjet ancaq burda bitmir. Yeni İran prezidentinin ilk görüşündə bir başqa texnogen qəza baş tutur. Birinci hadisə iki Azərbaycanın sərhədində reallaşdı. İkinci qəsd zamanı isə prezident artıq azərbaycanlı idi.

– Məsud Pezeşkianın prezident seçilməsi nə kimi dəyişikliklərə səbəb olacaq? Sizcə, azərbaycanlı Pezeşkian İrandakı soydaşlarımıza hansı dividentlər gətirəcək?

– İranda ərəb dili leqal, rəsmidir. Nəticədə İran ərəb coğrafiyası, ölkələri ilə sıx əlaqələr qurub. İndi bunun üzərinə türk dili də gələcək. İran artıq Bakıya şiə, islam təməlçiliyi ilə təzyiq göstərməyəcək. Azərbaycan mövzusu, dili ilə təzyiq edəcək. Buna hazır olun.

Bizim kimi təbrizlilər indi diqqət mərkəzində, Bakı ilə bir mövqedə olmalıdır. Ancaq bunun əhəmiyyətini, deyəsən, Bakıda lazımınca dəyərləndirmirlər. Həmid Herisçi kimi kadrlara bu gün hər iki Azərbaycanda ciddi tələbat var. İki səmanın qartalı bizik. Dəyərimizi bilin.

– Böyük müharibə İranın parçalanmasına səbəb olsa, ərazisində hansı dövlətlər yarana bilər? Belə bir məqamda Güneyin müstəqil olması perspektivi varmı?

-1925-ci ildə farslar Pəhləvi xanədanı vasitəsi ilə İranda 1000 illik türk hakimiyyətinə son qoymaq istəyirdilər. 2025-ci il bu çevrilişin yubileyi olmalı idi, alınmadı. Demək, tarixin öz pozulmaz süjeti, axarı var.

Söhbətləşdi: Azər Ayxan
Globalinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.