“Əgər Rusiya dolayısıyla Azərbaycan vasitəsilə Zəngəzurda erməniləri qırdırmağa çalışırsa, bu, bizə lazımdırmı?..”
6-08-2024, 13:16
Siyasi analitik, “Geosiyasi Tədqiqatlar Mərkəzi” adlanan qurumun rəhbəri kimi təqdim edilən Tahir Cəfərli ilə Moderator.az üçün növbəti qısa söhbətimizdə o, yenə də Azərbaycan ətrafında baş verənlərlə bağlı fərqli fikirlər səsləndirdi:
-Tahir müəllim, ötən söhbətimizdə belə bir sual qoymuşdunuz: "Ruslar və türklər deyir: Zəngəzura gir, ABŞ və İran deyir: girmə! Qazaxıstan və Çin deyir: İranla sərhədlərini aç! Rusiya, Türkiyə, ABŞ deyir: açma! Belə dilemma qarşısında qalmış siyasətçi necə qərar çıxartmalıdır ki, bu dövlətlər Azərbaycana düşmən olmasınlar?”
Amma buradakı yanaşmanızdan ABŞ ilə bağlı bir sual meydana çıxır: "Ağ Evdən səslənən son bəyanatlar da göstərdi ki, ABŞ Zəngəzurdan Naxçıvana və Türkiyəyə yolun açılmasına razıdır və geo-siyasi baxımdan bunda maraqlıdır. Sadəcə həmin yolun Rusiya "FSB"-nin nəzarəti altında yox, Ermənistanın öz nəzarəti altında qalmasını istəyir?”
-Bilirsiz, ABŞ siyasətinin mahiyyəti belədir: nənəmin bığı olsaydı, ona baba deyərdim... Və Ermənistan kimdir ki, Rusiyaya meydan oxusun. Elə bir imperiya yoxdur ki, hər yüz ildən bir erməniləri qırdırmasın. İndi növbə yenə rusundur. Rusiya Qarabağda onları qırdırdı. Bu dəfə isə növbə Zəngəzurdadır...
-Amma son illərdəki hərbi-siyasi proseslərin gedişatı belə bir iddialara da meydan verir ki, Moskva hansısa bir yolla Ermənistanla sərhəddə genişmiqyaslı silahlı qarşıdurma yaratmaqla dolayısıyıla məhz Azərbaycan ordusunun gücündən, potensialından yararlanaraq erməniləri Zəngəzurda erməniləri qırdırmağa və nəticədə Paşinyan hakimiyyətini devirməyə çalışır. Əgər belədirsə, bu, bizə lazımdırmı? Axı Zəngəzurda savaş olsa, Azərbaycan xalqının da oğulları həlak olacaq, yaralanacaq, əlil olacaq və həmçinin işğaldan yenicə azad olunmuş Laçın, Kəlbəcər, Qubadlı və s. ərazilərə yenicə köçmüş soydaşlarımızın həyatı üçün, oradakı yenidənqurma, bərpa və məskunlaşdırma işlərinə və s. təhlükə yaranacaq...
-Bəli, bu, bizə lazımdır. 10 noyabr Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli sazişinə görə biz Zəngəzura girməli idik. Lakin həmin ABŞ-dən ehtiyat edib geri çəkildik. Amma Zəngəzur dəhlizinin açılması iqtisadi baxımdan Azərbaycana milyonlarla gətirə bilərdi. Belə olsaydı, indi qiymətləri qaldırmazdıq ki, ABŞ-nin qarnını dolduraq. Əksinə, Türkiyə və Rusiya arasında yeni körpü yaradardıq və Üçlük ittifaqı qurardıq...