“Təbii ki, Putinin istəyi ilə Azərbaycanın istəyi burada üst-üstə düşmür...” - Ərəstun Oruclu ŞƏRH EDİR
19-08-2024, 17:07
“Putinin Azərbaycana dövlət səfəri hazırda Rusiyada baş verən hadisələr fonunda son dərəcə önəmlidir. İlk növbədə Ukrayna ordusunun hücuma keçərək müharibəni faktiki olaraq Rusiya ərazisinə keçirilməsini nəzərdə tuturam. Bu, Putin üçün ciddi məğlubiyyətdir və artıq həmin məğlubiyyətin əlamətləri də özünü göstərməkdədir. İstər daxildə, istərsə də xaricdə...”
Bu fikirləri Moderator.az-a açıqlamasında “Putinin Azərbaycana budəfəki səfəri Kreml üçün niyə vacibdir?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
“Artıq dünyada Putinə qarşı əvvəl də tənqidi olan münasibət indi, deyərdim ki, bir qədər də kəskinləşibdir. Digər tərəfdən isə dünənədək Rusiya lideri ilə ehtiyatla davranan bəzi Qərb ölkələri, məsələn, Almaniya və ya digər Avropa ölkələri, bu hücumdan, Ukrayna ordusunun müharibəni Rusiya ərazisinə keçirməsindən sonra mövqelərinə xeyli korrektələr ediblər və onların da Moskvaya qarşı münasibəti, demək olar ki, kəskinləşibdir. Və belə şəraitdə baş verənlər, əlbəttə ki, Rusiyanın daxili siyasi durumuna da təsir göstərir. Təsadüfi deyil ki, bəzi özəl hərbi şirkətlərin təmsilçiləri hətta Putini devirməyə çağırışlar etməyə başladılar. İstisna deyil ki, onların da arxasında ordu dayanıb”,- deyə davamında ekspert diqqətə çatdırıb.
“Rusiya ordusunda korrupsiyaya qarşı mübarizə adı altında keçirilən həbslər artıq Müdafiə Nazirliyinin hüdudlarından kənara çıxaraq Baş Qərargaha yaxınlaşır. Və əlbəttə ki, bu, Rusiya daxilində həddindən artıq təhlükəli vəziyyət yaradır. Putinə isə özünü güclü göstərmək lazımdır. Və ona hər hansı bir bölgədə uğur qazanmaq gərəkdir. Belə bir bölgə kimi də, çox güman ki, Cənubi Qafqaz nəzərdən keçirilir. Bu mənada Putin üçün Azərbaycandan loyallıq əldə etmək lazımdır. Nə mənada loyallıq? Birincisi, Azərbaycan özünü Rusiyanın bölgədəki strateji müttəfiqi kimi təqdim etsin və digər tərəfdən, Azərbaycan həqiqətən də strateji müttəfiq kimi Rusiyanın yanında olsun. Təbii ki, Putinin istəyi ilə Azərbaycanın istəyi burada üst-üstə düşmür. Ona görə ki, bu gün hətta Lukaşenko kimi ilk baxışdan yaxın tərəfdaşı da Putinlə məsafələşməyə başlayıb. Belə olduğu halda Azərbaycan nədən taleyini hələ müqəddəratı bəlli olmayan Rusiya ilə bağlamalıdır? Putin bunu yaxşı anlayır və məhz ona görə də Azərbaycana səfər gəlir ki, əlində olan bütün vasitələrdən istifadə edərək rəsmi Bakını Moskva ilə strateji tərəfdaşlığa çəksin və buna sözdə deyil, əməldə nail olsun. Rusiya prezidenti buna nail olacaqmı?- Deyə bilmərəm. Ümid edirəm ki, olmayacaqdır, çünki dediyim kimi, artıq hər kəs Putinlə məsafələşməyə üstünlük verməyə başlayıb. Düşünmürəm ki, İlham Əliyev indiki şəraitdə Putinlə əməldə strateji tərəfdaşlığa qədər yaxınlaşsın. Bu, nə hazırkı hakimiyyətin marağında, nə də Azərbaycanın dövlət marağındadır”, -deyə analitik vurğulayıb.