“Cəmiyyət də haqlı olaraq onları qınayır, pisləyir”
20-08-2024, 09:38
“Münasibətimizi dəyişmədikcə, istirahət etdiyimiz ərazilərdə, ayağımızın dəydiyi hər yerdə ürəkaçmayan mənzərənin-tullantıların hara gəldi atılmasının şahidi olacağıq”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında deyib.
Media nümayəndələrinə “çox sağ olun” deyirik ki, günümüzün ən aktual mövzusu olan tullantıların hara gəldi atılmasına münasibət bildirir və bizim bu sahədə apardığımız maarifləndirmə işlərinə dəstək göstərirlər. Onların bu dəstəyi həm nazirlik olaraq bizə, həm də ictimaiyyətə çox vacibdir.
Həqiqətən də çox təəssüf ki, təbiət əraziləri, dəniz sahilləri, çay vadiləri, meşələr oralara gedən vətəndaşlar tərəfindən çirkləndirilir, xüsusən də yay aylarında buna daha çox şahid oluruq. Bu vəziyyət təbii ki, ürəkaçan deyil, cəmiyyətdə də əksəriyyət hara gəldi zibil atanları haqlı olaraq qınayır, pisləyir.
Bizim də fəaliyyətimiz ona hədəflənib ki, inzibati tədbirlərlə yanaşı, ictimai nəzarət işi də daha geniş təbəqələri əhatə etsin, qınaq və tələbkarlıq artsın.
Tərəfimizdən hər il olduğu kimi bu il də “Təmiz ölkəm” layihəsi çərçivəsində təmizlik aksiyaları davam etdirilir, həftədə 2 dəfə bütün ölkə ərazisini əhatə edən təmizlik aksiyaları keçirilir.
Belə kütləvi tədbirləri keçirməklə vətəndaşlarımıza çağırış edir, təbiət ərazilərini təmiz saxlamağa təşviq edirik.
Bu, bir təşviqatdır, insanları əraziləri zibilləməməyə məsuliyyət çağırışıdır, vətəndaşlarımızda ətraf mühitə öz evi kimi yanaşmağa yönələn nümunə və ibrət göstərisidir”, - deyə o bildirib.
Nazirlik rəsmisi ümidini də ifadə edib:
“Ümidimiz hədsizdir, inanırıq ki, media nümayəndələrinin və ictimaiyyətin də dəstəyi ilə bəzi insanlarda olan tullantının hara gəldi atılması vərdişlərini unutduracağıq və tərəfimizdən başladılan “Təmiz ölkəm” layihəsi icra ediləcək bir fəaliyyət deyil, gerçək bir qürur formulasına çevriləcək. Bu işdə də birgə olub ortaya əsl vətəndaş məsuliyyəti qoyulmasına nail olacağıq”.