"Plastik qablardan içilən su xəstəlik yaradır" - Eyyub Hüseynov
21-08-2024, 12:58
“Biz bilməliyik ki, bazar iqtisadiyyatının olduğu kapitalizm cəmiyyətində yaşayırıq. Kapitalist cəmiyyətdə insan sağlamlığı arxa planda qalan məsələdir. Bu mühitdə insan sağlamlığı, korporativ məsuliyyət, ətraf mühitlə bağlı deyilənlər yalançı çağırışlardır. Ona görə də Azad İstehlakçılar Birliyi birmənalı şəkildə kimyəvi tərkibə malik olan, xüsusən isti yay aylarında plastik qablarda satılan içkilərdən uzaq durmağı məsləhət görür”.
Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O, bir vaxtlar ölkədə plastik çəngəl və bıçaq, eləcə də sellofan torbalardan imtinayla bağlı təşəbbüslər irəli sürüldüyünü xatırladıb və plastik qablardan içilən suların insan orqanizmində xəstəliklərə səbəb olduğunu bildirib:
“Azərbaycanda da istiqamətdə iş aparılmalıdır və plastik taralar yığışdırılmalıdır. Hələ biz 2009-cu ildə Nizami küçəsində bununla bağlı küçə yürüşü keçirmişik, məktublar göndərmişik. Lakin uğurlu nəticələr əldə edə bilməmişik. Plastik taralar dünyanın problemidir. Burda da insanların mədəniyyətindən çox şey asılıdır. Ancaq təəssüf ki, biz bəzi istehlakçıların plastik tarayla ətraf mühiti daim çirkləndirdiklərinin şahidi oluruq”.