Zəngəzur dəhlizindən imtina edilir? - Putinlə Bakıya gələn şəxs açıq danışdı

21-08-2024, 11:28           
Zəngəzur dəhlizindən imtina edilir? -
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri dünyanın gündəmindədir. Əsas sual da budur ki, Kursk və Ukraynada durumun ağır olduğu vaxtda Rusiya lideri Bakıya niyə gəldi?

- Putin hazırda bir sıra ölkələrlə əlaqələrin yaxşı olmasında və daha da yaxınlaşdırılmasında, eləcə də bəzi layihələrin reallaşmasında maraqlıdır. Çünki Rusiya beynəlxalq sanksiyalar altındadır, faktiki olaraq, təcrid vəziyyətindədir.

Amma bizim Rusiya ilə özəl münasibətlərimiz var. Bu, həm də tarixdən gələn əlaqələrlə bağlıdır, eləcə də humanitar, iqtisadi, mədəni, ticari və digər sahələri əhatə edən əməkdaşlıq mövcuddur. Siyasi münasibətlər də yüksək səviyyədədir.

Belə layihələrin həyata keçirilməsi hər iki dövlətin maraqlarına cavab verir. Məsələn, Şimal-Cənub layihəsi. Bu, həm Azərbaycan, həm də Rusiyanı qane edən projedir. Bu layihədə İran və Türkiyə kimi qonşularımız da iştirak edir.

Putinin Azərbaycan kimi ölkəyə ehtiyacı var. Çünki Azərbaycanın xarici siyasəti çoxvektorludur, tərəfdaşlarının sayı kifayət qədərdir. Məsələn, Azərbaycan həm Ukraynanın ərazi bütövlüyünü tanıyır, həm də ona humanitar yardım edir, həmçinin biz Rusiya ilə münasibətlərimizi də qırmaq fikrində deyilik.

İndi Ukrayna ilə münasibəti Rusiyanın öz işidir, bizi Cənubi Qafqazdakı təhlükəsizlik və stabillik maraqlandırır. Azərbaycan Rusiya ilə münasibətlərində həm də bu amilə diqqət yetirir.

- Sizin də qeyd etdiyiniz kimi, Putin Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə Şimal-Cənub nəqliyyat dəhlizini də müzakirə elədi. Orta dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizi məsələsinə toxunulmadı, halbuki Rusiyanın vasitəçiliyi ilə imzalanmış 10 noyabr sənədinin 9-cu bəndi bununla əlaqəlidir. Rusiya bu dəhlizdən imtina edir?

- Mən belə deməzdim. Çünki Putinlə birlikdə Bakıya Rusiyanın bir çox nazirləri də gəlmişdi. Xarici işlər naziri Sergey Lavrov da onların içindəydi. Lavrov Bakıda maraqlı bəyanatlar verdi. Bəyanatlardan birində Ermənistana qarşı açıq ittihamlar səsləndirdi. Lavrov dedi ki, bu dəhlizin açılmamasında günahkar Ermənistandır, o, 10 noyabr bəyanatının müvafiq bəndinin yerinə yetirilməsindən boyun qaçırır, bu məsələnin həllində adekvat davranmır. Bu, Rusiyanın rəsmi mövqeyidir.

Biz artıq bəyan etmişik ki, Zəngəzur dəhlizi gec-tez açılmalıdır. İndi kimsə sərhəddə bu dəhlizə nəzarət etmək fikrindədirsə, olsun. Hazırda orada Rusiya sərhədçiləri var, Amerikadan da gəliblər. Ermənilər də öz sərhədçilərini orada yerləşdirmək istəyirlər, özləri bilər. Bizə bu dəhlizin açılması lazımdır.

Şübhə etmirəm ki, biz Rusiya prezidentinin burada olarkən məsələ ilə bağlı öz qəti mövqeyimizi bildirmişik.

- Putin Rusiyanın sərhəd və sülh məsələlərində Bakı və İrəvana kömək etməyə hazır olduğunu söylədi. Maraqlıdır ki, hər iki proses ikitərəfli qaydada davam edir və müsbət nəticələr də var. Belə bir vəziyyətdə Moskva niyə prosesə vasitəçi kimi daxil olmaq istəyir?

Ətraflı
- Bir çox ölkə vasitəçi olmaq istəyir və bu məqsədlə prosesə müdaxilə edir. Bura Rusiya ilə yanaşı, ABŞ və Avropa Birliyi də daxildir. Qarabağ məsələsi həll olunmasına baxmayaraq, Minsk qrupu yenə də öz fəaliyyətini dayandırmaq istəmir. İrəvan təklifimizi qəbul etmir ki, Minsk qrupu hüquqi tərəfdən də buraxılsın. Digər oyunçular da var, İran da buna cəhd edirdi.

Rusiya hesab edir ki, Ermənistan onun Cənubi Qafqazdakı əbədi forpostu və müttəfiqidir. Həmçinin Rusiya Azərbaycanla əlaqələrini yaxşı səviyyədə saxlamaqda maraqlıdır. Rusiyada anlayırlar ki, Azərbaycan bölgədə söz sahibi və ən güclü dövlətdir.

İkinci Qarabağ Müharibəsindən sonra ərazi bütövlüyümüzü tam bərpa etmişik. Rusiya da çox istəyərdi ki, bölgədəki mövqeyini yenidən gücləndirsin. Bu baxımdan, Rusiyanın mövqeyi bəzi Qərb dövlətlərinin mövqeyindən heç nəyi ilə fərqlənmir, onlar da bunu istəyirlər.

Avropa Birliyinin müşahidəçiləri uzun müddətdir Ermənistandadır, bəs onlar orada nə edirlər? Amerikalılar da gəlib Ermənistanda təlim keçirlər, Müdafiə Nazirliyində öz təmsilçilərini yerləşdirirlər. Bu nə məsələdir? Yəni hər bir aparıcı dövlət burada öz mövqelərini gücləndirmək istəyir. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesindən də bu məqsədlə istifadə etməyə çalışırlar.

- Yeri gəlmişkən, ABŞ-ın hərbi cəhətdən Ermənistanda yerləşməsi ilə bağlı İran da İrəvana xəbərdarlıq edib. Bu məsələ İran-Ermənistan əlaqələrinə necə təsir göstərəcək?

- İran bunu çoxdan etməliydi. Çünki Fransa və Hindistan Ermənistan silah göndərir, ABŞ orada təlim keçirir və mütəxəssislərini Müdafiə Nazirliyində yerləşdirir. İran bu xəbərdarlığı çoxdan etməli idi. İran həmişə İsraillə əlaqələrimizə görə bizi tənqid edirdi. Bəs Ermənistan? Bunu indiyədək deməliydilər, görünür indi ayılırlar.

Ermənistan Cənubi Qafqazda İranın yaxın tərəfdaşıdır. Əgər İran həqiqətən də Ermənistana xəbərdarlığında səmimidirsə, bu etirazını kəskin şəkildə bildirməli və tələb etməlidir. İran Ermənistandan izahat istəməlidir ki, əgər mənimlə yaxın tərəfdaşlıq istəyirsənsə, Qərbin burada nə işi var, onunla əlaqələrin niyə hərbi-texniki xarakter alıb? Əslində, bu, İranı həqiqətən də narahat etməlidir.

- Ermənilərin axır vaxtlarda şərti sərhəddə artan təxribatları nə ilə bağlıdır, hansı məqsədi güdürlər?

- Görünür, Ermənistan ABŞ-dan gələn kömək və Fransadan hərbi texnikaların göndərilməsinə görə ruhlanır. Bura bəzi Qərb dövlətlərinin Ermənistana dəstək bəyanatları da daxildir. Həmçinin düşünürəm ki, bunlar kəşfiyyat xarakterli addımlardır. Bizi sınaqdan keçirmək istəyində ola bilərlər.

Niyyətləri bu ola bilər ki, bizim müdafiə sistemlərimizin işi, ümumiyyətlə, bizim müdafiə qabiliyyətimiz hansı yerdədir. Məncə, bu da Ermənistanda gündəmdə olan bir amildir. Hətta güman edirəm ki, erməniləri buna təhrik edən qüvvələr də var, onlar da Azərbaycanın hansı formada, nələrlə və necə cavab verdiyini görmək istəyə bilərlər.

Ermənistanın bu təxribatları bizi narahat etməməlidir, biz adekvat cavabımızı veririk. Ermənistan anlamalıdır ki, sülh müqaviləsi gec-tez imzalanmalıdır. Əgər onlar problemli vəziyyətdən çıxmaq istəyirlərsə və bölgədə sabitliyin bərpa olunmasında maraqlıdırlarsa, gəlib bu sazişə imza atsınlar.

Həmçinin bunun üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdırlar. Sülh bu durumda yarana bilər, əks halda, gərginlik bundan sonra da davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.