Kamala Harris CNN-lə müsahibədə: "Dəyərlərim dəyişməyib"
30-08-2024, 15:54
Demokrat partiyasının ABŞ prezidentliyinə namizədi Kamala Harris vitse-prezidentliyə namizəd tərəfdaşı, Minnesota qubernatoru Tim Valzla birlikdə CNN telekanalına verdiyi müsahibədə dəyərlərinin dəyişmədiyini vurğulayıb.
Bu, Demokrat namizədlərin seçki kampaniyası əsnasında ilk əsas televiziya müsahibəsi olub.
CNN telekanalının təşkil etdiyi müsahibə 10 sentyabrda Harrislə Respublikaçı prezidentliyə namizəd Donald Tramp arasında keçiriləcək ilk debat ərəfəsinə təsadüf edir.
Jurnalist Dena Beş Harrisə ötən illər ərzində onun siyasi baxışlarının - ələlxüsus qeyri-qanuni sərhəd keçidləri və frekinq barədə mövqeyinin dəyişməsi haqda suallar verib.
“Hesab edirəm ki, mənim siyasi baxışlarımın və qərarlarımın ən mühüm və ən aparıcı aspekti budur ki, mənim dəyərlərim dəyişməyib,” Harris bildirib.
Harris habelə Trampın onun irqi kimliyini sual edərək “qaraya çevrilməsi” haqda dediklərini qısa cümlə ilə cavablandırıb. Qara və Cənubi Asiya əsilli Harris Trampın ittihamını “eyni köhnə və aşınmış oyun kitabı” adlandırıb.
Müsahibədə Harris Bayden administrasiyasının göstəricilərini müdafiə etmiş və pandemiyadan sonra iqtisadiyyatın dirçəlməsində təmsil etdiyi hökumətin rolunu vuröulamışdır.
Demokrat namizəd prezident seçildiyi təqdirdə uşaqlı ailələrə vergi imtiyazlarının veriləcəyini və yeni ev alan amerikalılara yardım olunacağını vəd etmişdir.
Birgə müsahibələr seçki ilində ənənəvi xarakter daşıyır. Bayden və Harris, Tramp və Mayk Pens, Barak Obama və Bayden – hamısı yarış əsnasında bu cür müsahibələr veriblər. Fərq ondadır ki, digər namizədlər solo müsahibələr də veriblər.
Harrris və Valz hələ də özlərini Amerika seçicilərinə təqdim etməklə məşğuldurlar, halbuki Tramp və Bayden haqda seçicilər daha geniş biliyə və rəylərə malikdirlər.
Respublikaçıların Milli Qurultayı iyul ayında Donald Trampı prezidentliyə, JD Vansı vitse-prezidentliyə namizəd seçib. Tramp-Vans komandası Demokrat iqtidarın apardığı siyasəti, ələlxüsus cənub sərhədinə nəzarət və inflyasiya üzrə göstəricilərini tənqid edir və bu hakimiyyət dönəmində amerikalıların rifah halının pisləşdiyini bildirir.