Türkiyənin Zəngəzurla bağlı mövqeyi... - Dəhliz Rusiyanın vasitəçiliyi ilə açılsa...
28-09-2024, 12:59
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni tədqim edirik:
- Zəngəzur dəhlizi ətrafında müzakirələr kəskin artıb, belə bir vaxtda onun keçmiş Qarabağ münaqişəsindən daha çətin bir proses olduğu iddia edilir. Dəhlizin açılmasını çətinləşdirən amillər nədən ibarətdir?
- Keçmiş Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Zəngəzur dəhlizi ilə bağlı məsələ də həll olunmağa yaxındır. Burada digər amillər də var. İran ərazisindən "Araz dəhlizi" adı ilə başqa bir variant da mövcuddur ki, bu yolla Naxçıvana gediş-gəliş mümkün ola bilər. Bunun üçün işlər aparılır. Azərbaycan ərazisində bu yolun çəkilişinin gəlin ilin ortalarına kimi inşasının başa çatacağı proqnozlaşdırılır. Araz çayı üzərindən də körpü salınır. Ona görə də, Ermənistanın istəyib-istəməməsinə baxmayaraq Zəngəzur dəhlizi işləyəcək. Bu xətt Ermənistan ərazisindən keçməsə belə, yol açılacaq. Uduzan isə Ermənistan və ona havadarlıq edənlər olacaq.
- Dəhlizin Rusiyanın vasitəçiliyi ilə açılması nə dərəcədə realdır? Moskvanın son zamanlar bu məsələdə fəallığı effektiv olacaqmı?
- Ermənistan özü də Zəngəzur dəhlizindən tələsik imtina etmək istəmir. 10 noyabr 2020-ci il bəyanatına əsasən Zəngəzur dəhlizi açılmalı və burada Rusiya sərhəd qoşunlarının əsgərləri dayanmalıdır. Ona görə də, hazırda dəhlizin açılması ilə bağlı müzakirələr daha çox Rusiya, İran və Ermənistan arasında gedir. Azərbaycan dəhlizin açılmasında maraqlıdır. Bakı öz mövqeyini bəyan edib.
- İranın dəhlizlə bağlı narahatlığına səbəb nədir?
- Hazırda dəhlizin açılmasına maneə olan yeganə qüvvə İrandır. Tehranın bununla bağlı öz hesablamaları var. Rusiya onlarla bu istiqamətdə danışıqlar aparır. Ona görə də, Zəngəzur dəhlizinin açılması daha çox Rusiyanın iradəsindən asılı olacaq.
- Rusiyanın moderatorluğu ilə Zəngəzur dəhlizinin açılmasına Azərbaycan və Türkiyənin münasibəti necədir?
- Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanat imzalanıb. Həmin razılaşma ilə kommunikasiya xətti açılmalıdır. Azərbaycan sözsüz ki, buna razıdır. Türkiyə də Zəngəzur dəhlizinin açılmasını dəstəklədiyini qeyd edib. Rusiyanın iştirakına etiraz edilməyib. Bu mənada Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasına razıdır. Əgər bu Rusiyanın vasitəçiliyi ilə baş tutacaqsa, Bakı və Ankara buna etiraz etmir.
- Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında milli təhlükəsizliyə olan təhdidlərdən danışdı. Əsas təhlükə hansı istiqamətlərdə mövcuddur?
- Ermənistan hazırda ciddi şəkildə silahlandırılır. Demək olar ki, hər ay 15-20 təyyarə hərbi yüklərlə İrəvana eniş edir. Artıq Qərb təlimatçıları Ermənistan ordusuna təlim keçir. Eyni zamanda erməni silahlı qüvvələrinin gücləndirilməsi üçün Qərb əlindən gələni edir. Pul ayırır, fondlar yaradır, pulsuz silahlar verir. Demək olar ki, 24 saat bununla məşğuldurlar. Sözsüz ki, bu kimi amillər Azərbaycanı ehtiyyatlı olmağa vadar edir. Əgər Ermənistan sülh istəyirsə, onun müharibə hazırlığı nəyə görədir?.. Məhz bu baxımdan Azərbaycan bu təhlükələri gördüyü üçün bunlara uyğun addımlar atır. Görünür ki, müharibə təhlükəsi var.