Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət

Bu gün, 09:38           
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət
Oleksandr Kraev: “Trampın Ukraynaya münasibəti onun siyasi kampaniyasının gedişindən açıq şəkildə asılıdır”

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd, sabiq Prezident Donald Tramp və digər respublikaçılar Ukrayna və onun Prezidenti Volodimir Zelenskiyə qarşı kəskin bəyanatlar səsləndirirlər. Ekspertlər respublikaçıların Kiyevə mənfi münasibətinin kökündə bir sıra səbəblərin olduğunu söyləyirlər. Səbəblər barədə Ukrayna Prizması Xarici Siyasət Şurasının eksperti Oleksandr Krayev UNİAN-a danışıb. AYNA müsahibəni istinadla təqdim edir:

- Cənab Oleksandr, sizcə, Kiyev Trampın son açıqlamalarına, spiker Mayk Consonun Zelenskiyə Ukraynanın ABŞ-dakı səfirinin istefaya göndərilməsini tələb edən məktubuna və ümumiyyətlə, seçki kampaniyası zamanı anti-Ukrayna ritorikasına necə reaksiya verməlidir?

- İndi vəziyyət həqiqətən qəlizləşib və çox ciddiləşib. Birincisi, səfirlə bağlı. Burada məsələ beynəlxalq siyasətdəki subyektivliyimizlə bağlıdır. Biz özümüzü müdafiə edə bilərikmi, bizi kim təmsil edir və diplomatiyamızın bundan sonra necə işlədiyi sualı var...

Əgər problem varsa, bəli, müttəfiqlər bizə birbaşa deyə bilər ki, burada problem var və bu, normaldır. Buna tərəfdaşlıq deyilir. Lakin eyni zamanda, müttəfiqlər bizə hərfi mənada “nəyi nə vaxt və necə” etməli olduğumuzu, xüsusən də kimi səfir təyin edib, kimi təyin etməməyimizi deməməlidirlər. Bunun üçün tamamilə fərqli prosedurlar var.

Bu vəziyyətlə bağlı daha bir məqam: gündəliyi qəbul edən tərəf formalaşdırır və səfirliyimizlə birlikdə təsdiqlənir. Ona görə də normal diplomatik praktikada belə bir halda səfirə hər hansı sual yaranarsa, yaxud mövqelərdə hansısa uyğunsuzluq olarsa, yaxud hansısa biabırçılıq olarsa, hansısa toqquşma olarsa, səfir geri çağırılmır, məsləhətləşmələr üçün paytaxta dəvət olunur. Yəni o, müəyyən müddətə geri çağırılır.

Beləliklə, ABŞ-da hər şeyin yaxşı olacağı məlum olana qədər, ehtiraslar sönənə qədər səfir doğma paytaxtında qalmalı, əlavə məlumat toplamalı, hökumətdən, nazirdən göstərişlər almalı, sonra da öz vəzifəsinə - səfir olduğu ölkənin paytaxtına qayıtmalıdır.

- Məlumdur ki, spiker Mayk Consonun mövqeyi əslində Trampın mövqeyidir. Bəs Trampın mövqeyinə necə yanaşmaq lazımdır?

- Yeni federal büdcə beş gün ərzində səsə qoyulmalıdır. Və ya vaxtında səs verməsələr (və çox güman ki, vaxtında səs verməyəcəklər), biz federal büdcə, hərbi büdcə və müvafiq olaraq müttəfiqlərə yardım büdcəsi haqqında danışmağa başlamalıyıq. Bura Ukraynaya ayrılacaq büdcə də daxildir. Yəni əgər Conson indiki kimi qətiyyətli olacaqsa, o zaman biz 2023-cü ilin sonu - 2024-cü ilin əvvəlindəki vəziyyəti təkrarlamaq riski ilə üzləşirik. O zaman altı ay ərzində bu yardım təsdiq edilmədi. Ona görə də, məncə, burada qapalı tipli məsləhətləşmələr keçirilməlidir. Respublikaçılarla ayrı, demokratlarla ayrı danışmaq lazımdır. Biz bu vəziyyətdən çıxmalıyıq. Onların partiya qarşıdurmasından Ukrayna mövzusunu çıxarmaq lazımdır. Əks halda, yenidən dəstək problemimiz olacaq.

- Zelenskinin ABŞ-a bu səfəri zamanı digərləri ilə yanaşı, Trampla da görüşü olmalı idi. Ancaq Tramp Zelenskini Amerikadakı seçkilərə müdaxilədə ittiham etdi. ABŞ prezidentliyinə namizədin bu davranışını necə başa düşmək olar?

- Əslində Tramp Ukraynaya münasibətdə növbəti dəfə dönüş edib. Tramp görəndə ki, Bayden Ukraynaya münasibətdə zəifdir, Konqresi qərar qəbul etməyə məcbur edə bilmir və ya şəxsən heç bir nəticəyə gələ bilmir, yaxud Ukrayna kontekstində özünü mənfi göstərir, o zaman Tramp danışmağa başlayır. Məsələn, ilin əvvəlində, ABŞ-ın büdcə qəbul edə bilmədiyi zaman verdiyi açıqlamalara baxaq. Tramp o zaman Ukraynaya 60 yox, 120 milyard verəcəyini, müharibə başlasa, Moskvanı və Pekini bombalayacağını söylədi. Amma keçən il Ukrayna əks-hücum əməliyyatına başladıqda və Bayden administrasiyasından yeni yardım paketləri gələndə Tramp dedi ki, Ukrayna Əfqanıstan kimi korrupsiyalaşmış bir ölkədir və onunla məşğul olmağa dəyməz. Yəni ki, Trampın Ukraynaya münasibəti birmənalı şəkildə onun siyasi kampaniyasının gedişatından asılıdır.

- Belə çıxır ki, Trampın indiki anti-Ukrayna isteriyası demokratların güclü mövqelərinə görədir...

- Dediyim kimi, Bayden indi fəaldır və Tramp buna qarşı çıxmalıdır. Baxın, Bayden administrasiyasının bizə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün icazə vermək qərarına gəlməyinə bir addım qalıb. Son bir neçə gündə Kiyevə iki dəstək paketi gəldi. Zelenski Pensilvaniyaya, Ukraynaya çox lazım olan 155 mm-lik artilleriya mərmiləri istehsal edən fabrikə getdi... Yəni proses elə inkişaf edir ki, Trampın mövqeyi zəifləyir. Ukrayna mövzusu demokratların namizədi Kamala Harrisə seçkilərdə səs gətirir. Tramp buna bir növ cavab verməli idi. O da öz klassik tipinə uyğun şəkildə reaksiya verdi.

- Ukrayna tərəfi bu şəraitdə Trampla, respublikaçılarla münasibətlərini necə qurmalıdır?

- Əslində Tramp sırf şəxsi təmaslara, şəxsi münasibətlərə köklənmiş siyasətçidir. Hesab edirəm ki, məhz belə bir planla ona yaxınlaşmaq lazımdır. Ukrayna Prezident Aparatında bir çox insanlar Trampın müşavirləri ilə müəyyən qədər şəxsi əlaqələr qurmalıdırlar, bu insanları tanımalıdırlar, onlarla işləməyə hazır olduqlarını bildirməlidirlər. İndi bu şəxsi əlaqələrdən istifadə etmək vaxtıdır.

Müəllif: Turan Abdulla












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.