Uşaq futbolu ilə bağlı həyəcan təbili: “Vəziyyət bərbad yox, biabırçıdır”
9-10-2024, 07:23
Rəşad Sadiqov: “Orada oynamaq futbol adına faciədir. Adı futbol meydanıdır, amma asfaltdır”
İllərdir Azərbaycanın uşaq futbolunun irəliləyicəyinə ümid etsək də, aşağı yaş qruplarından ibarət məğlubiyyətləri sıralamaqda davam edir. Və bu gedişlə futbol üzrə əsas yığma komandamızın yaxın gələcəkdə inamlı əllərdə olacağına ümid etmək çətindir. Uşaq futbolunda kifayət qədər həll olunmayan problemlər var. Bir çox mütəxəssislər müsahibələrində çıxış yolları göstərsə də, düzələn heç nə yoxdur.
AYNA “Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqovun Sportinfo.az-a müsahibəsini təqdim edir:
- Yeniyetmələrlə işləmək çoxmu yorur sizi?
- Düzünü desəm, elə də yorucu deyil. Çünki işləmək özüm üçün də maraqlıdır. Hamısı tanıdığım futbolçulardır. Ötən il U-16-da rəhbərliyim altında oynamış uşaqlardır, bu il U-17-dədirlər. Məşqçi kimi təcrübə toplamaq, nələrisə öyrənmək baxımından akademiyadan başlamaq olduqca vacibdir. Birdən-birə yüksək liqada başlayaraq orada buraxdığın səhvlər bağışlanmaz olur. Akademiyada etdiyin səhvləri görürsən və onları düzəltməyə çalışırsan. Ən vacibi odur ki, yaxşı komandamız var. Həm baxımlı futbol oynayır, həm də nəticə qazanmağı bacarır. Şəxsən işimdən zövq alıram.
- Məşqçilərə narahatlığı futbolçular yaradır, yoxsa valideynlər? Bildiyimə görə, valideynlər məşqçilərin işinə müdaxilə edir. Hansısa tapşırıq, xahiş, minnət...
- Keçən il bir az olurdu. Kimsə kiminləsə söz göndərirdi, zəng etdirirdi və s. Buna görə qətiyyən narahat deyiləm. Çünki öz işimdəyəm və öz doğru bildiyimi edirəm. Hansısa məşqçilər hansısa valideynin xahişini yerə salmaq istəmirsə, ən yaxşısı məşqçilik etməsinlər. Bu üsul futbolumuzu uçuruma aparacaq, nəinki inkişafa. Ötən il eşidirdim, ordan-burdan qulağıma söz çatırdı. Bu il elə bir şey yoxdur.
- Nə deyirlər, nə istəyirlər, hansı formada müdaxilələr olur?
- Uşaqlarına görə narahatlıq keçirirlər. “Mənim uşağım niyə oynamır, niyə az oynayır” – bu və digər formalarda fikirlərini çatdırmaq istəyirlər. Heç bir məşqçi güclü futbolçunu kənarda qoyub, nisbətən zəifi oynatmır. Bu gün kimsə əsas heyətdədirsə, deməli, layiqdir, oynamalıdır. Öz adıma deyirəm, bacardığım qədər bütün futbolçulara şans verməyə çalışıram. Valideyn olub ki, özünə demişəm, övladınızın hər dəfə 90 dəqiqə oynamasını istəyirsinizsə, aparın başqa komandaya. Mənim komandamda kim ən yaxşıdırsa, o da “11-liy”ə düşür. Mənim üçün ədaləti qorumaq, kiminsə haqqına girməmək hər şeydən vacibdir. Futbolçu vaxtı da beləydi, bu gün də eynidir. Valideyn məşqçinin işinə müdaxilə etməyə çalışırsa, səbəbkar məşqçidir.
-Futbolçular gündə maksimum 2 saat nəzarətiniz altında olur. Qalan vaxtlarda onlarla valideynlər məşğul olur. Məşqçi kimi valideynlərə məsləhətiniz, tövsiyəniz nədir, nələrə diqqət yetirməlidirlər?
- 15-17 yaş aralığı uşaqların yetkinlik, çılğınlıq dövrüdür. Uşaqlar evdə onsuz da valideynlərin gözlərinin önündə olur. Bu mənada əsas yük həm də müəllimlərin üzərinə düşür. Günən 6-7 saatını məktəbdə olurlar. Davranış qaydaları, təhsil almaq, rejim, intizam – bunlar daha çox məktəblərdə öyrədilir və ya öyrədilməlidir. 15-20, yaxud 30 il əvvəl necəydi? Futbol oynayan uşaq dərslərini yaxşı oxumurdu. Ancaq indiki vəziyyət fərqlidir. Yaxşı futbolçu olmaq üçün yaxşı təhsil almalısan. “Barselona”nın akademiyasında bilirsiniz necədir?
- Necə?
- Hər həftə futbolçuların gündəlikləri yoxlanılır. Zəif qiymət alanları məşqə buraxmırlar. Bunu etməkdə məqsəd uşaqların yaxşı təhsil almasına nail olmaqdır. Çünki futbol dəyişib, qavramaq, ani qərar vermək, oyun intizamı ön plana keçib. Bunları etmək üçünsə təhsilli olmalısan. Çox ağır dönəmdən – texnologiyanın sürətlə inkişaf etdiyi dövrdən keçirik. Mobil telefonlar, əyləncəli oyunlar, sosial şəbəkələr futbolçuların inkişafına mane olur. Bizim dönəmdə mobil telefon yox idi, məktəbdən gəlib dərslərimizi edəndən sonra məhəllədə futbol oynayırdıq. Az qala hər gün futbol oynayırdıq, topu hiss edirdik, texniki bacarıqlarımızı artırırdıq.
- İndi məhələllərlə maşın və obyekt əlindən tərpənmək olmur. Futbol oynamaq üçün demək olar yer tapılmır...
- Məşqdə 20-30 dəqiqə futbol oynayırsansa, bunun 2-3 dəqiqəsində top səndə olur. Çünki top digərlərinə də ötürülür, ancaq səndə qalmır. Məhəllədə necədir? Həm adam sayı az olur, həm də daha çox zaman qazanırsan. Texnikanı, zərbə vurmaq bacarığını artırmaq üçün yalnız məşqlərdə çalışmaq kifayət etmir. Böyük əksəriyyət ancaq məşqdən-məşqə top görür, futbol oynayır. Çünki vaxtlarını daha çox telefonlarda bilgisayarlarda keçirirlər. Bu da bekarçılıqdan irəli gəlir. Uşağın futbol oynamağa yeri və şəraiti olsa, sizi inandırım, məhəllədən evə gəlməz.
- 2 ilə yaxındır uşaq futbolundasınız və problemlərdən xəbərdarsınız. Maraqlıdır, niyə bizim uşaqlar bir yerə qədər gəlib, ondan sonra yoxa çıxırlar.
- Çox həssas məsələyə toxundunuz. Hamımızın ən yaralı yeridir. Bu problem çalışdığım “Qarabağ”da da var, digər klublarda da. 18 yaşına çatan futbolçular hərbi xidmətə yollanır, ali məktəbə daxil olanlar isə universitetə gedib-gəlir və oranı bitirəndən sonra yenə əsgərliyə gedirlər. 18 yaşında hərbi xidmətə yollanan uşaq ilyarımdan sonra qayıdır və artıq 20 yaşında olur. İlyarım futbolsuz qalmaq, yenidən futbola qayıtmağın nə qədər çətin olduğunu izah edə bilmirəm. Mümkünsüz qədər çətindir. Yaxud 21 yaşında universiteti qurtarıb əsgərliyə gedən və 1 ildən sonra qayıdan. 1 il futbol oynamayan futbolçunu hansı Premyer Liqa komandası götürəcək? Uzaqbaşı gedib əvəzedicilərdə, ya həvəskarlarda, ya da aşağı liqalarda oynayacaq, 1-2 ildən sonra gözdən itəcək. Sırf hərbi xidmət məsələsinə görə hər il yüzlərlə, bəlkə də, minlərlə uşaqları itiririk.
- Çıxış yolu var?
- 15-20 il əvvəl necə idi? MOİK, “Ədliyyə”, “Dinamo” kimi klublar var idi və bu komandalar Premyer Liqada mübarizə aparırdı. Hərbi xidmət dövrü çatan futbolçular məhz bu klublara keçirdi. Hər il 60-70 nəfər bu komandalar arasında bölünürdü və itmirdi. 1 ildən sonra qayıdıb öz komandalarında oynayırdılar. Kənardan adi görünə bilər, amma futbolun inkişafına mane olan qlobal problemdir. Yaxşı olar ki, dövlət səviyyəsində bu məsələyə baxılsın, hansısa qərarlar qəbul edilsin.
- Hazırda sərəncamınızda olan futbolçulardan neçəsini 2-3 ildən sonra “Qarabağ”ın əsas komandasında görmək mümkün olacaq?
- Akademiyada bacarıqlı uşaqlar var. Söhbət təkcə çalışdırdığım U-17-dən getmir, ümumi akademiya adına deyirəm. 2 ildən sonra həmin uşaqların neçəsi burada olacaq, yaxud futbol oynayacaq, bax, bu suala cavab verə bilmirəm. O dərəcədə istedadlı uşaqlar var ki, heç bizdə elə istedad olmayıb. Komandamda bir uşaq var, hamı ona Zaur Tağızadə deyir. İnanılmaz sürətə malikdir, o dərəcədə sürətlidir ki. Təvəllüdü 2008-dir, 2 ildən sonra əsgərlik yaşı çatacaq. Hə, onda nə edəcəyik? Hərbi xidmətə gedib-gəlməklə ilyarım itirəcək və qayıdandan sonra hansı formada olacaq, Allah bilir. Bu sürətə sahib futbolçular dünyaya 10, bəlkə də 20 ildənbir gəlir. Biz məşqçilər bir tərəfə, futbolçu yoldaşları deyir ki, normal adamda belə sürət ola bilməz. Akademiyanın bütün yaş qruplarından ibarət komandalarının futbolçuları qaçış normativi verdi, bu uşaq ən yaxşı göstəriciyə sahib oldu. Nə qohumumdur, nə tanışım. Ötən il başqa klubdaydı, bi il baxışa gəlmişdi, bəyənib “Qarabağ”a götürdük. Halbuki, əvvəlki komandasında lazımi qədər şans qazanmırdı, 5-10 dəqiqə oynayırdı.
- İştirak etdiyiniz liqalarda vəziyyətin ürəkaçan olmadığı barədə çox eşitmişik. Əsas problem nədir, nələrdən narazısınız?
- Meydançaların durumu bizi çox yorur. Vəziyyət bərbad yox, biabırçıdır. Sanki həmin meydanlarda futbolçuları şikəst etmək üçün bilə-bilə oynayırıq. Buna başqa ad tapmıram. Xırdalanda Abşeron Olimpiya Kompleksinin futbol meydanı var, orada oynamaq futbol adına faciədir. Adı futbol meydanıdır, amma asfaltdır. U-17, U-19 kimi komandaların futbolçuları əsas komandaya yüksələcək yaşdadırlar. Onlar niyə asfaltın üstündə oynamalıdır? Təsəvvür edin, orada oynayanda, uşaqlar buts yox, idman ayaqqabısı geyinir. İcazə vermirəm butsla oynamağa. Butsla oynasa, zədələnəcək, məhv olub gedəcək.
- Yalnız həmin stadiondur, yoxsa digərləri də?
- “Zirə”nin akademiya komandaları da rəqiblərini Şağan Olimpiya Kompleksində qəbul edir. Ora da bərbaddır, faciəvi durumdadır. “Şəfa”nın 4-cü meydançası deyilən yer, pis gündədir. 10-12 komandanın 5-6-sının meydanı biabırçı vəziyyətdədir. Biri var qazonun hansısa problemi ola, göz yumasan. Biri də var meydan adına heç nə yoxdur, asfaltdır. Hər dəfə hansısa oyundan sonra mütləq kimsə zədələnir. Bir bu deyil axı.
- Başqa?
- Akademiyaların olmaması. İnkişafdan danışırıqsa, mütləq akademiyalar qurulmalıdır. Uşaqlar bazada qalsa, orada qidalansa, birlikdə daha çox vaxt keçirsələr, daha çox inkişaf edərlər. Problemli məsələlərin özü ayrı mövzudur, saatlarla danışmaq olar.
- Beynəlxalq turnirlərdən kənar qalmağınızın da ciddi problem olduğu deyilir.
- Aparıcı futbol ölkələrinin hamısı bu təcrübədən yararlanır. Nə qədər böyük akademiyaları olsa da, mütləq turnirlərdə iştirak edirlər. İki ay əvvəl U-16 ilə Estoniyada turnirə qatılmışdıq. 4 günə 6 matç oynayıb, hamısında qələbə qazandıq və çempion olduq. Orada “Sportinq”in B komandasını gördük. Maraqlandıq, deməli, Portuqaliyadan çıxıb fasilələrlə bir neçə ölkədə keçirilən turnirlərə qatılırlar. Turnirlərdə özlərini yaxşı tərəfdən göstərən futbolçular əsas komandaların məşqlərinə cəlb olunurlar. İsveç klubunun rəsmiləri ilə söhbətdə il ərzində neçə turnirdə iştirak etdiklərinə dair sual verdik, bizə güldülər. Dedi, biz İsveçdə olmuruq ki, ilboyu turnirlərə qatılırıq. İldə ən azı 10 yarışda iştirak edirlər. Digər tərəfdən, onlar üçün rahatdır. Çünki viza tələbi yoxdur, istədikləri Avropa ölkəsinə avtobusla, qatarla gedə bilirlər. Təyyarə biletləri də çox baha deyil. Bizim üçün çətindir. Hər dəfə təyyarə bileti, otel xərcləri, qidalanma – azı 20-30 min pul gedir. Hər yaş qrupunu ildə 4-5 dəfə göndərməli olsan, görün nə qədər vəsait edir. Belə şeyləri düşünəndə, bəzən klubları da anlayışla qarşılayırsan.
Müəllif: Ayna.az