Azərbaycandakı FETO-çular: deputatlar, xalq yazıçısı, vəzifəli şəxslər- ADLAR, VİDEO

1-10-2016, 05:44           

Yeniçağ.az saytının baş redaktoru, araşdırmaçı jurnalist Aqil Ələsgər A24.Az-a eksklüziv açıqlama verib. Baş redaktor çox maraqlı mətləblərə toxunmaqla yanaşı Azərbaycanda yüksək vəzifədə olan FETO-çuların da adlarını açıqlayıb.

A24.Az həmin müsahibəni təqdim edir:

“Bu gün Azərbaycan dövləti ciddi şəkildə Fətullah Gülən təhdidi altındadır”

Aqil müəllim, illərdir Azərbaycanda FETO ilə mübarizə aparırsız. Bəs, siz özünüz bu təşkilat barədə məlumatları haradan əldə edirsiniz?

– Bilirsiniz, bir jurnalistdən onun mənbəsinin, baş redaktordan da onun qəzetinin və saytının haradan maliyyələşməsinin soruşulması dünyada qeyri-etik hesab edilir. Əgər bir jurnalist özünə araşdırmaçı jurnalist deyirsə, bu məlumatları və bu məlumatlardan daha artığını almaq üçün onun özünün mənbələri olmalı, müəyyən dairələrdən mütləq şəkildə informasiya sızıntısı olmalıdır. Bizim daha çox istifadə etdyiyimiz məlumatlar türklərin öz saytlarında, qəzetlərində, kitablarında və xəbər bülletenlərində olan materiallardır. Sadəcə olaraq materiala yanaşma məsələsi var. Fətullah Gülənlə bağlı ən böyük qaynaq onun öz saytı, öz kitabları və fikirlərinin yer aldığı dərgilər, “Dialoq Avrasiya” jurnalları və Lətif Ərdoğanın yazdığı “Küçük dünyam” kitabıdır.

Türkiyənin mətbuat nümayəndələri FETO-nu son dövrlərə qədər yaxşı tanımadıqlarını, FETO-çuların onların içinə sızdığı üçün aldandıqlarını iddia edirlər. Bəs Azərbaycanda nə üçün FETO-ya qarşı heç bir tədbir görülmədi?

– Mən “heç bir iş görülmədi” ifadəsini bir az haqsız sayıram. 2006-cı ildə Allahşükür Paşazadə dövlətə Gülən məktəblərinin bağlanması ilə bağlı təklif verib. İlk təklifi verən şəxslərdən biri məhz odur. Bu barədə ikinci ən böyük fəaliyyət göstərən 2004-cü ildə təyin edilən Qarsdakı səfiri Həsən Zeynalov oldu. 2005-2006-cı illərdə Həsən müəllimin dövlətə yazdığı gizli arayışlar var. Bu sənədlər Xarici İşlər Nazirliyinə və Prezident Aparatına göndərilib. Həmin sənədlərdə bunların xaricdə- xüsusən Türkiydə bəzi universitetlərdə uşaqların beyninlərini yumaqla məşğul olduqları qeyd edilib. Ən son 2006-cı ildə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yazılan məktub var. A. Paşazadənin 2006-cı ildə verdiyi təklif dövlət tərəfindən çox müsbət qiymətləndirilmişdi. Həmin dövrlərdə üzərinə ən böyük vəzifə düşən qurum Milli Təhlükəsizlik Nazirliyi idi. Daha sonra məlum oldu ki, bunlar Şərurdakı Türk Liseyində Mahmudovun atasına bir heykəl qoyublar və nazir də liseydə vizitka paylayıb ki, kimin nə sözü olsa mənə desin. Bu məsələdə Azərbaycan dövlətini birmənalı olaraq aldadan MTN idi.

Bəs belə olan halda, Azərbaycanda FETO-çuların ən böyük himayədarlarından birinin sabiq MTN şefi olduğunu düşünə bilərikmi?

-Birmənalı şəkildə demək olar ki, bu məsələdə məsuliyyəti sadəcə MTN daşıyırdı. Bunlar çox ciddi qohumluq əlaqələrinə önəm verərək bir sıra dövlət məmurları ilə qohum oldular. Bu məmur təkcə Misir Mərdanov deyildi. Misir Mərdanovun çox yaxın qohumu “Zaman” qəzetinin Kanadaya gedən Azərbaycan təmsilçisi Faruk Arslanın həyat yoldaşı idi. Qohumluq əlaqələri ilə yanaşı bunlar yuxarı dairələrlə işgüzar münasibətlər də yaratdılar. Bu gün bir sıra nazirlərimizin bütün işlərini-otellərini, marketlərini, maşın qalereyalarını, obyeklətini FETO-çular işlədir.

Azərbaycanda dövlət orqanlarında FETO-çular hansı dərəcədə yayılıb?

– Bu məsələ siyasi məsələ olduğu üçün bu barədə Azərbaycanda ilk dəfə Milli Məclisin deputatı Siyavuş Novruzov açıqlama vermişdi ki, bunlar bizə heçnə edə bilməzlər, Türkiyədə problem ola bilrlər amma Azərbaycanda yox. Bu tamamilə yanlış fikirdir. 2007-ci ildə Elnur Aslanovun və Ceyhun Osmanlının yönləndirməsi ilə Azərbaycanda bütün dövlət qurumlarına, o cümlədən Prezident Aparatına, Milli Məclisə, bütün nazirliklərə, dövlət şirkətlərinə bunlar öz adamlarını yerləşdiriblər. Mən nazirlikdə aparat rəhbəri tanıyıram ki, əvvəllər Fətullah Gülənə himmət adı ilə neçə milyon dollar pul göndərirdi, bunların adamlarından biri idi. O vaxt Həsən Zeynalovun İstanbuldan göndərilməsi Gülənin əl-qolunun açılmasına gətirib çıxardı. Oradakı fətullahçılar H. Zeynalov gedəndə bayram edirdilər. Çünki sabiq səfir onların bütün fəaliyyətlərinə mane olurdu. Bu gün isə Həsən Zeynalov danışmır. Onun ortaya çıxması lazımdır. Çünki, bu məsələləri bilən H. Zeynalovdur. Bu gün Azərbaycan dövləti ciddi şəkildə Fətullah Gülən təhdidi altındadır.

“Yazıçı Anar FETO-çudur…”

Bəs bu gün Azərbaycanda dövlət FETO-çuları necə araşdırmalıdır və vətəndaşlar onları necə tanıya bilərlər? Yəni ki, bir insanın FETO-çu olduğunu nə ilə əsaslandıra bilərik?

– Dövlət əgər istəsə, tozlu rəfləri qaldırsa, kimin fətullahçı olduğunu Aqildən soruşmağa ehtiyac yoxdur. Dövlət bunların hamısını yaxşı bilir. Ancaq bunun qarşısında siyasi bir maneə var. Bir sıra məmurlarımız bunlarla olan şəxsi biznesləri və Azərbaycanı də bəzi məsələlərdə bunlardan asılı vəziyyətə saldıqları üçün məsələ açılmır. Niyə Azərbaycan dövləti Amerikada Kamal Öksüzdən asılı salınmalıdır? Niyə biz bu 20-25 ildə orada öz lobbimizi, təşkilatlarımızı yarada bilməmişik? Niyə ABŞ-da Kamal Öksüz Azərbaycanın milyonlarını senatorlara, mediaya yedirtməlidir və bu pullar qurtarandan sonra yenidən onlar Azərbaycana qarşı şantaja keçməlidirlər? 2014-cü ildə Azərbaycan dövləti bunlara qarşı fəaliyyətə başlamaq istədi. Hətta miqrasiya 17-18 nəfərin adına “stop” qoymuşdu. Sonra noldu?-Amerikada şantaj başladı və SOCAR-dan vəzifəli şəxslər həmin problemləri “həll etmək” üçün oraya getdilər. Onlarında kiçik bir xahişi oldu ki, həmin 17-18 nəfərə toxunulmasın.

Türkiyə mətbuatına verdiyiniz açıqlamanızda Azərbaycan Milli Məclisinin 8 deputatının FETO-çu olduğunu bildirmisiniz. Həmin millət vəkillərinin adlarını açıqlaya bilərsinizmi?

– Mən bu məsələdə hələlik adları çəkmirəm. Onlardan biri haqqında onu deyə bilərəm ki, rayonların birində iğtişaş baş verdi və həmin deputat rayonda müəyyən işlər gördü. Ancaq onun qardaşının fətullahçılarla iş birliyində olduğunu, onların hansı işlərini idarə etdiyini və fətullahçıların sayəsində hansı milyonları qazandığına heç kim diqqət yetirmir. Hər kəs millət vəkilinə baxır ancaq heç kim onun digər tərəfinə baxmır. Azərbaycanda da fətullahçılardan söz düşəndə hər kəs ya Qənirə Paşayevaya ya da, Fazil Mustafaya baxır. Bəs bunlarla ortaqlıq edən şəxslər? Məsələn Nizami Cəfərov Fətullah Gülənin şəkillərinin altında “Dialoq Avrasiya”nın tədbirlərini keçirən, oranın icra komitəsinin sədri olan şəxsdir. Ancaq heç kim onun adını çəkmir. Yazıçı Anara baxan yoxdur. O, bu gün də Rusiyadakı fətullahçı şəbəkənin, gənclərin arxasında hamilik edən, ora gedəndə yalnız onlarla görüşən, onları tapşıran, hətta Rüstəm İbrahimbəyovla görüşən və bunları tapşıran adam Anardır. Ancaq onun adı çəkilmir. Səbəbi mənim üçün də çox maraqlıdır. Bu adamlar toxunulmazdır?. Toxunduğun anda sənə hücumlar edilir, basqılar gəlir. Ancaq fərqli fikirdə olduğu üçün Fazil Mustafanın üzərinə gəlmək çox asandır. Bu isə ədalətsizlikdir.

Azərbaycanda FETO-çuların məktəblərinin bağlandığını düşünmək olarmı?

– Düzdür “ÇAĞ Öyrətim” şirkəti bağlandı, ancaq yerinə “İstək” liseyi yarandı və fəaliyyətini davam etdirir. “ÇAĞ Öyrətim”də idarə heyətində yalnız türklər idi, burada isə azərbaycanlılardır. O vaxtlar Ənvər Özərənin baş məsləhətçisi olan Nazim Əkbər hazırda “İstək”in baş məsləhətçisi olaraq davam edir. “İstək” də özünün reklam braşuralarında 20-25 illik uğurdan, ənənədən yazır, özünün “ÇAĞ Öyrətim”in xələfi olduğunu gizlətmir. Düzdür, “Araz” kursları bağlandı. Bəs “Araz”ın yerində açılanlar- Şəki, Bakıxanov, Ulduz hazırlıq mərkəzləri nədir?

Bəs “Zaman Azərbaycan” qəzeti?

– “Zaman Azərbaycan” bağlandı. Bunların Azərbaycanda pul xərclədikləri yerlər barədə məktub ortaya çıxmışdı. Bu qəzet FETO-çular üçün əlavə bir xərc idi və onsuzda Azərbaycanda onlar üçün mənəvi yükü olan məsələ idi. Bu qəzetin onlara qazandırdığı bir şey yox idi. Bu qəzet dövlətin təzyiqi ilə bağlandı. “Samanyolu” televiziyası “Xəzər” adlandı və oradakı fətullahçılar təmizləndi. Ancaq bunların Azərbaycan mediasında yetişdirdikləri çox ciddi adamları və kriptoları (gizli sənədlər) var. Həmin şəxslərdən bəziləri ateist, dinsiz, içki alüdəçisi, iranyönümlü kimi görünənləri var. Lakin bunlar Fətullah Gülənə xidmət edirlər.

“Elnur Aslanovun özü Azərbaycanda 19-dan çox markanın təmsilçisidir”

Türkiyədə bəzi şəxslər FETO-çu adı atlında həbs edildi. Bu hal Azərbaycanda da təkrarlana bilərmi?

– Bu günə qədər olan həbslər heç kimin tanımadığı adamlar idi. Əgər onlar doğrudan da FETO-nun üzvü idilərsə də, onların nə qədər təsiri olduğu çox ciddi sualdır. Əsas olan bu gün Azərbaycanda ciddi bir əməliyyat olacaqsa, FETO-nun xüsusən iqtisadi “ayağı kəsilməlidir”. Azərbaycandan çox ciddi “himmət” pulları gedir. Bunlar vergidən həmin pulları həmin pulları qaçırırlar və həmin pullardan iki qat artığı Fətullaha gedir. Məsələn “Özsüt”ün, “Mado”nun açılması ciddi maliyyə tələb edir. Bu, iki nəfər gəncin edə biləcəyi iş deyil. Çünki, hər hansı bir markanın Azərbaycana gətirilməsi üçün nə qədər depozit istənilir, bu markanı ölkədə qurmaq üçün böyük vəsait lazımdır. Məsələn bu gün, Elnur Aslanovun özü Azərbaycanda 19-dan çox markanın təmsilçisidir. Bu markaların özünün Azərbaycanda fəaliyyət göstərməsinin özünün nə qədər xərci var. Bu biznesin özünün dövlət tərəfindən araşdırılmasına ehtiyac var. Ancaq Vergilər Nazirliyindəki hansısa FETO-çulara, yaxud da Fərhad Məmmədovun başçılıq etdiyi Strateji Araşdırmalar Mərkəzinə bu işlərin araşdırılması tapşırılsa əlbəttə ki, bu işdən nəticə əldə edilməz. Məsələn “Modern Group”un rəhbəri İlham Mehrəliyev bunların əsas beyin mərkəzlərindən, abilərindən biri sayılır. Həmin şəxsi o vəzifədən çıxardılar Xaliq Məmmədovun köməkçisi təyin edildi. Bir az da adı yazıldı Rövnəq Abdullayevin məsləhətçisi oldu. Biz iki ildir bu adamın adını yazsaq da, bu adam günü-gündən vəzifədə yüksəlir. Doğrudan da, bu gün Azərbaycanda fətullahçılara heç kim, heç nə eləmir və aktiv şəkildə fəaliyyətlərini davam etdirirlər. Azərbaycanda dövlət məmurları Fətullah Gülən haralara qədər “sızıb” ona baxmırlar, görə bilmirlər. Bu gün, QHT sektorunda ciddi bir FETO yapılanması var.

Bəs Azərbaycanda yegənə ilahiyyat fakültəsi olan Bakı Dövlət Universitetində FETO-çular varmı?

– İlahiyyat fakültəsi ilə bağlı son günlər çox ciddi bir spekulyasiya da var. Fətullahçıları ilahiyyatda, məsciddə axtarmayın!. FETO-çuları Gənclər və İdman, Vergilər, Maliyyə Nazirlikərində axtarın! Çünki maliyyə naziri Samir Şərifov bunlara ən yaxın olan şəxslərdən biridir və araşdırsaz bunlarla ortaq lahiyələrinin olduğunu görəcəksiniz. Bunların ən son getdikləri yer məscidlər və ilahiyyat fakültələridir. Ancaq təbii ki, belə deyək bu sahələri də nəzərdən qaçırmaq və boş buraxmaq olmaz. Xüsusilə ilahiyyət fakültəsinin qurulmasında müstəsna rol oynamış Təyyar Altıqulacın Gülənlə olan münasibətləri ciddi şəkildə nəzərdən keçirilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.