Deputatdan siyasi və iqtisadi islahatlar anonsu

1-10-2016, 09:16           
Deputatdan siyasi və iqtisadi islahatlar anonsu
İdarəçilik sistemində və kadr siyasətində ciddi dəyişikliklər olacağı gözlənilir
Hazırda mətbuatın əsas müzakirə mövzularından biri də referendumdan sonra keçiriləcək islahatlardır. Məlum olduğu kimi, referendum artıq geridə qalıb, MSK seçki nəticələrini təsdiqləməsə də, ilkin nəticələr bəllidir.

Bəs görəsən, bundan sonra hansı sahələrdə nə kimi islahatlar keçiriləcək? Bu dəyişikliklərin nəticələrini vətəndaşlar nə zamandan hiss edəcəklər?

“Yeni Müsavat”ın sualını cavablandıran Milli Məclisin deputatı Fəzail Ağamalı bildirdi ki, referendumun nəticələri təsdiq olunub qüvvəyə mindikdən sonra islahatlar bütün istiqamətlərdə özünü göstərəcək: “Həm siyasi, həm iqtisadi, həm sosial, həm hüquqi, həm də idarəçilik sistemi ilə bağlı islahatlar həyata keçiriləcək. Bu dəyişikliklər Azərbaycan dövlətinin güclənməsinə, ölkəmizdə idarəçilik sisteminin təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, sahibkarların inkişafına kömək edəcək islahatlar olacaq. Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini hələ elan etməyib. Azərbaycan qanunvericiliyinə görə, MSK referendumun nəticələrini 25 gün ərzində elan etdikdən sonra artıq o qüvvəyə minəcək. O qüvvəyə minəndən sonra biz qısa zaman içərisində o islahatların nəticələrini görəcəyik”.

Fəzail Ağamalı bildirdi ki, ilk növbədə hakimiyyətin yuxarı eşelonunda islahatlar gözlənilir: “Aşağıdan yuxarıya qədər bütün vəzifələrdə çevikliyin təmin olunması üçün dəyişikliklərin edilməsi gözlənilir. Paralelçilik aradan qaldırılacaq, təkrarçılığa son qoyulacaq. Təkrar qurumların ləğv olunması və ya birləşdirilməsi gözlənilir. Bir sözlə, idarəçilik sistemində də biz ciddi dəyişikliklər müşahidə edəcəyik”.

Deputat qeyd etdi ki, referendum aktında ən əsas maddələrdən biri də sahibkarlıqla bağlıdır: “İlk növbədə dövlət və xalqın təhlükəsizliyi məsələsi istisna olmaqla, bütün hallarda sahibkarlığın fəaliyyətinə müdaxilə məhdudlaşdırılacaq. Bu da sahibkarlar üçün geniş imkanlar yaradacaq. Mən Milli Məclisin plenar iclasında çıxışımda da dedim ki, bununla bağlı ayrı-ayrı qanunvericilik aktlarında dəyişiklik aparılmalıdır. Cinayət Məcəlləsinə də xüsusi maddə salınmalıdır ki, istənilən məmur, dövlət qurumu sahibkarlığın fəaliyyətinə yersiz müdaxilə edərsə, təkcə inzibati qaydada deyil, eyni zamanda cinayət məsuliyyəti də daşıyır. Digər tərəfdən, mülkiyyət məsələlərində sosial ədalət prinsipi özünə xüsusi yer alacaq. İstifadəyə yararlı olan, lakin ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilən yüz hektarlarla torpaq sahələrinin istifadəsiz qalması bu gün Azərbaycan hökumətinin apardığı iqtisadi siyasətin mahiyyətinə ziddir. Çünki bu gün Azərbaycanda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafı prioritetdir. Həmin torpaqların istifadə edilməsi mütləqdir. İstifadə olunmasa, qanuna edilmiş dəyişikliyə əsasən həmin insanların əlindən alınacaq və torpağı istifadə edənlərin ixtiyarına veriləcək. Bu da iqtisadi inkişafımızda xüsusi əhəmiyyət kəsb edir”.

Referendumdan sonrakı struktur islahatları çərçivəsində baş nazirin müavinləri Abid Şərifov və Elçin Əfəndiyevin vəzifədən gedəcəyi ilə bağlı səslənən iddialara gəlincə, Fəzail Ağamalı qeyd etdi ki, idarəçiliklə bağlı dəyişikliklərin ayrı-ayrı məmurların və fərdlərin üzərində müzakirə edilməsini doğru hesab etmir: “Ölkə prezidentinin səlahiyyətində olan məsələdir. Cənab prezidentin konstitusiya aktının qəbulundan sonra idarəçilik sistemində hansı dəyişikliklərin aparılacağı, kimləri vəzifədən çıxaracağı və ya hansı vəzifələrin ixtisar olunacağı onun qərarlarından asılı olacaq. Adlarını çəkdiyiniz şəxslər indiyə qədər Azərbaycan dövlətçiliyində müsbət rol oynayıblar, imkanları daxilində, səlahiyyətləri çərçivəsində Azərbaycan dövlətinə töhfə veriblər. Bundan sonra idarəçilikdə hansı dəyişikliklərin olacağı ehtimallar üzərində qurulan söhbət deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.